“Ukraynadakı münaqişənin həlli üçün mümkün həll yolları axtaran Avropa İttifaqı (Aİ) ölkələri Avropadakı güclərin təsir dairələrini müəyyən etmək üçün yeni Yalta Konfransının çağırılması və ya 1975-ci il modeli üzrə bütün ölkələrin mövqelərini və maraqlarını nəzərə alaraq qitədə təhlükəsizlik sisteminin yaradılmasını təmin edəcək yeni Helsinki sazişlərinin razılaşdırılması ilə bağlı seçim qarşısında qalıb”.
“Füyuzat”ın məlumatına görə, bu fikri Finlandiya prezidenti Aleksandr Stubb deyib.
“Açığını deyim ki, indiki məqamda etməli olduğumuz şey Yalta və Helsinki arasında seçim etməkdir. Yalta konfransı böyük dövlətlərin təsir dairələrinin bölünməsi ilə bağlı idi. 1975-ci il Helsinki razılaşmaları isə beynəlxalq hüquq və prinsiplər haqqındadır”, – Stubb Davosda Dünya İqtisadi Forumu çərçivəsində çıxış edərkən deyib.
O qeyd edib ki, Ukraynada sülhə nail olmaq üçün beynəlxalq hüquq normalarına əsaslanaraq, Kiyev və Avropa İttifaqı ölkələrinin maraqları nəzərə alınmalıdır.
Stubb hesab edir ki, yaxın gələcəkdə Aİ və ABŞ Moskva ilə mümkün danışıqlarda mövqeyini gücləndirmək üçün Ukraynaya hərbi dəstəyi davam etdirməlidir. Bununla yanaşı, Finlandiya prezidenti Ukraynanın yaxın gələcəkdə Aİ-yə, uzunmüddətli perspektivdə isə NATO-ya daxil olmaq kursundan əl çəkməli olduğuna inanmır.
Rusiya prezidenti Vladimir Putin isə bir müddət əvvəl bildirib ki, Moskva Ukrayna münaqişəsi ilə bağlı ABŞ-ın yeni administrasiyası ilə dialoqa açıqdır, ən başlıca şərt isə böhranın köklü səbəblərini aradan qaldırmaqdır. Putin təsdiqləyib ki, Rusiya Tramp və komandasının təmasları bərpa etmək istəyi, həmçinin üçüncü dünya müharibəsinin qarşısını almaq üçün hər şeyi etmək zərurəti ilə bağlı bəyanatlarını nəzərə alır.
Qeyd edək ki, Helsinki Sazişləri 1975-ci ildə Finlandiyanın paytaxtında qitənin bütün ölkələrinin iştirakı ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsindən sonra imzalanmışdır. Bu müqavilələr Soyuq Müharibə dövründə bir-birinə zidd olan bloklar arasında münasibətlərin sabitləşməsində mühüm rol oynayıb.
Yalta konfransı isə 1945-ci il fevralın 4-dən 11-dək Krımda keçirilib. Onun iştirakçıları anti-Hitler koalisiyasının müttəfiq dövlətləri olan SSRİ, ABŞ və Böyük Britaniyanın liderləri idi. Bu iclasda qəbul edilən qərarlar müharibədən sonrakı dünya düzəninin əsaslarını təşkil edib və Qərb dövlətləri ilə Sovet İttifaqı arasında təsir dairələrinin bölünməsini rəsmiləşdirib.