Mənəviyyat Səbinə İzzətli

Var olmaq: nə çətindir, nə asan

Bəzən həyatın içində o qədər itib-batırıq ki, varlığımızın möcüzəsini unuduruq. Anlamsız bir vərdiş kimi hər səhər gözümüzü açır, adi bir gün kimi yaşayıb gedirik. Amma bir anlıq dayanıb düşünək: var olmaq ən böyük mükafat deyilmi? Bizim üçün yaradılmış bu dünyada nəfəs almaq, duymaq, hiss etmək, yaşamaq… Bunların hər biri bir şükrə layiq deyilmi?

Kişi, ya qadın olaraq başqalaşdırılmağın (ötəkiləşdirilməyin) əzabını yaşayırıq. Bizi var edənin bizə biçdiyi fitrətimizi dəyişdiririk. Əlavə dəyərlər, geydirmə xüsusiyyətlər yükləyirik varlığımıza. Sonra da başlayırıq bu özgə dəyərləri müdafiə etməyə! Yüklənirik, bitkin düşürük. Qadın və kişi olaraq varlıq xüsusiyyətlərimizi bizi Yaradanın göndərdiyi kitabda sabit olduğu təqdirdə bilmirik. Oxumuruq. Qulağımızı haya-küyə veririk. Qadın və kişi olaraq aradakı incə cizgi qopur, dəyərlər dəyib dolaşır. Olur bir böyük düyün.

Var olmaq sadəcə mövcud olmaq deyil, özümüzü dərk etmək, anlamlandırmaq və həyatımıza yön verməkdir. Əgər insan varlığını ancaq fiziki olaraq qəbul edərsə, öz dəyərini dərk edə bilməz. Həyatın içində bəzən yoruluruq, bəzən sıxılırıq, bəzən də suallarla dolu oluruq. Amma bütün bu sualların içində ən mühüm olanı bu suala cavab tapmaqdır: “Mən nə üçün varam?” Bu sual bizə mövcudluğumuzun mahiyyətini anlamağa kömək edir.

Həyat bizə həm yük, həm də lütf kimi təqdim olunub. Ona görə yükdür ki, bu bir sınaqdır. Bu həyatdakı varlığımız əbədi həyata neçə balla keçəcəyimizi müəyyən edəcək müvəqqəti bir məkandır. Lütfdür, ona görə ki, varlığımız yaradılışın ən mükəmməli olaraq mövcuddur bu dünyada.

Bəlkə də, həyatın əsl sirri budur: var olmağın hikmətini dərk etmək və bunun üçün şükür etmək. Çünki şükür etmək insanın ruhunu azad edir, yüklərini yüngülləşdirir və varlığının əsl dəyərini hiss etdirir. Biz varıq və bu, ən böyük mükafatdır! Elə təkcə buna görə şükür etməyə dəyməzmi?! Var olmağımızın fərqində olaraq şükür edək. Şükür edə bildiyimiz üçün şükür edək. O qədər adiləşib ki, var oluşumuz! Belə olmalıymış kimi, əksi ola bilməzmiş kimi…

Çətindir deyirik… Unuduruq… Varıq axı! Ya olmasaydıq?! Ya heç bu dünyaya gəlməsəydik?! Əzabları ilə yanaşı, gözəlliklərini də yaşamasaydıq? Heçlik… Qorxuncdur! Elə deyilmi? Biz isə varıq… Çətinliklərə rəğmən həyatdayıq. Və əgər bizi yaradan Allaha sığınmağı bacarırıqsa, o zaman nə qədər dəyərli olduğumuzun fərqinə vararıq. “Əlbəttə, hər çətinliklə birlikdə bir asanlıq vardır” deyən Rəbbimiz bizi bütün çətinliklərə rəğmən yaradıb. Var edib! O zaman qadın olmaq, kişi olmaq, insan olmaq… var olmaq! Nə çətindir, nə asan. Həm çətindir, həm asan…