Hər səhər günə gözümüzü telefon ekranına dikməklə başlayırıq. Xəbərlər, başlıqlar, paylaşımlar, sensasiyalar… Gördüklərimiz informasiya, yoxsa manipulyasiyadır? Çox təəssüf ki, oxuduqlarımız tez-tez doğrunun içində gizlədilmiş yalanlar olur. Gözümüzlə gördüyümüz, amma mahiyyətini anlamadığımız, anlamadan paylaşdığımız məlumatlar… Bu məlumatlar yoxlanılmamış faktlarla yüklənərək “xəbər”adı altında auditoriyaya təqdim olunur. İnformasiya ilə xəbəri ayırd edə bilməyən bu istehsalçılar çox vaxt elə bilgisizlikdən əsassız məzmun paylaşmağa səbəb olur. Belə bir mühitdə bu sual ətrafında düşünməyə dəyər: Biz informasiya alıcısıyıq, yoxsa sadəcə yönləndirilən bir kütləyik?
İnformasiya vasitələri, yəni media əvvəllər xəbəri sadəcə çatdırırdı. Bu gün isə xəbəri formalaşdırır, onu təqdimetmə üsulu ilə ictimai rəy yaradır. İnformasiyanın hansı tonda verilməsi, hansı hissəsinin önə çəkilməsi, hansının gizlədilməsi – bütün bunlar artıq jurnalistikanın informativ deyil, manipulyativ tərəfinə işarə edir. Həqiqət buxarlanır, yerini şübhə, çaşqınlıq və emosional reaksiya tutur. Yarımçıq faktlar, emosional dil, seçilmiş vizuallar və kontekstin gizlədilməsi auditoriyanı konkret bir nəticəyə yönləndirə bilir.
Media artıq təkcə “nə baş verdi?” sualına cavab vermir. O həm də “necə düşünməliyik?” sualının cavabını diktə edir. Sosial şəbəkələrdə sürətlə yayılan xəbərlər, klik sayı üçün hazırlanmış başlıqlar və emosional yüklü paylaşımlar insanın təfəkkürünü analizdən çox reaksiyaya yönəldir. Bu isə manipulyasiyanın ən təhlükəli formasıdır – insan öz düşüncəsinin sahibi olduğunu sanır, halbuki onun üçün düşünülmüş fikri sadəcə təkrarlayır.
Beynəlxalq təcrübə göstərir ki, inkişaf etmiş ölkələrdə belə media manipulyasiyası problemi aktuallığını qoruyur. ABŞ-da 2016-cı il seçkiləri zamanı “fake news” anlayışı diskussiyanın mərkəzinə çevrildi. Britaniyada “Brexit” referendumu dövründə yayılan təhrif olunmuş məlumatlar ictimai rəyə böyük təsir göstərdi. Bəzi ölkələrdə isə informasiya manipulyasiyası artıq dövlət strategiyasına çevrilib. Yəni problem lokal deyil, qlobaldır.
Azərbaycan mediasında bu problemin kökündə isə bir neçə əsas amil dayanır: medianın iqtisadi asılılığı, peşəkar jurnalistikanın zəif inkişafı və tənqidi düşüncəyə yönəlmiş cəmiyyətin hələ formalaşmaması. Bir çox media orqanı maliyyə baxımından ya reklam verənlərə, ya da siyasi dairələrə bağlıdır. Bu isə obyektivliyi zəiflədir, manipulyasiyaya zəmin yaradır. Digər tərəfdən, məzmun istehsalçılarının jurnalistlik və etik bilikləri yetərsizdir. Bu gerçək həmin şəxslərə informasiya ilə manipulyasiyanı ayırmağı çətinləşdirir.
Həll yolu varmı? Əlbəttə. İlk növbədə, media öz gəlirlərini şəffaf tutmalı, abunəlikdən gəlir qazanmağın ən doğru yollardan biri olduğunu anlamalıdır. Axı biz məzmunumuzu oxuculara satmağı bacarmalıyıq! Onlara xidmət etdiyimiz üçün də, qazancımız reklamdan deyil, elə sadiq oxucularımızdan olmalıdır. Bunu bacarmaq üçün də orijinal məzmun istehsalını artırmalıyıq, auditoriyaya fərqli formatlarda, dinamik və məzmunlu məhsullar təqdim etməliyik. Digər bir tərəfdən isə jurnalistlərin peşə etikası və informasiya savadlılığı gücləndirilməlidir. Eyni zamanda, oxucu da passiv istehlakçı olmaqdan çıxmalı, məlumatı süzməyi öyrənməlidir. Tənqidi yanaşma bu dövrün ən güclü informasiya silahıdır. Manipulyasiyaya məruz qalmamaq üçün “bu məlumatı kim verir?”, “onun marağı nədir?”, “mənə nələr göstərilmir?” kimi sualları verməyi öyrənməliyik. Xəbər mənbələrimizi müxtəlifləşdirməli, fərqli baxış bucaqlarını müqayisə etməli və paylaşmazdan əvvəl düşünməyi vərdişə çevirməliyik. Bu gün təkcə jurnalistlərin deyil, hər bir oxucunun, izləyicinin, istifadəçinin üzərinə məsuliyyət düşür.
Media cəmiyyətin güzgüsüdür. Amma bu güzgü əyri göstərməyə başlayırsa, biz özümüzü tanıya bilmirik. Ona görə də informasiya qarşısında kor-koranə durmamalı, onu dəyərləndirməyi öyrənməliyik. Əks halda, həqiqi informasiya deyil, manipulyasiya bizi idarə edəcək.