Köşə Yazıları Vüqar Adil

Yaşa, hürriyyət…

Dərdlərə dərman sənsən, sən! Yaralara məlhəm sənsən, sən!

…Bəşəriyyətin ən böyük ehtiyacı, mədəniyyətin tərəqqi və təkamülünün ən qəvi mühərriki olan ictimalara, cəmiyyətlərə, şirkətlərə, ittifaqlara, ittihadlara sərbəstiyi-tam verən sənsən, sən!

…Yaşa, hürriyyət, yaşa! Buraxınız, səsim yetdiyi qədər hayqırım: “Yaşa, hürriyyət, yaşa!”.

Hürriyyət ətri saçan bu sətirlər Əli bəy Hüseynzadənin 1905-ci ildə “Həyat” qəzetində dərc etdirdiyi “Hürriyyət” məqaləsindəndir. Müəllifin bütün qüvvəsi ilə sevə-sevə vəsf etdiyi hürriyyət o dövrün insanları üçün yaşanmış hiss deyildi. Bu ərazilər uzun müddət əvvəl silah gücü ilə nəhəng imperiya tərəfindən zəbt edilmişdi və onun tərkib hissəsi olaraq qalmaqda idi. Həmin imperiyanın hakim dairələri əsarətdə saxladıqları xalqlara hürriyyət vədi də vermirdi, bu səbəbdən hürriyyətə qovuşmaq məqalənin yazıldığı dövrdə bir xəyal idi. Lakin bu xəyalı xəyal olaraq yaşatmaq olmazdı. Hürriyyət adlı toxumlar səpmək, onların qayğısına qalmaq, ərsəyə gətirmək lazım gəlirdi. Bu, həqiqi vətənpərvərlərin üzərinə düşən əsas vəzifə idi. Buxovları qırmaq üçün bütün qəlblərdə hürriyyət adlı işartılar oyanmalı və zaman keçdikcə körüklənib güclənən bir alova çevrilməli idi. Hürriyyət adlı hissin ülviyyəti hamıya məlum olmalı idi. Qəlbində bu niyyəti daşıyan görkəmli mütəfəkkir məqaləyə belə başlayırdı: “Hürriyyət! O nə qüvvədir ki, yalnız zikri belə inşirahi-dərunə, səfayi-qəlbə badi oluyor. Zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını ülviyyata sövq eliyor”.

Əli bəyin sayı-hesabı bilinməyən hiss və duyğular içərisindən hürriyyəti seçib “bəşəriyyətin ən böyük ehtiyacı” adlandırması təsadüf idimi? Təbii ki, xeyr! Bülbülün belə qəfəsdə sıxılıb matəm saxladığını, susduğunu bilən və səbəbini dərk edən insan əsarət zəncirləri içərisində necə gülüb-sevinə bilərdi? Hansı bayramı ürəkdən yaşamaq, hansı dəyəri yaymaq, yaşatmaq mümkün ola bilərdi? Əsarətdə saxlanılan xalqların soykökünün, kimliyinin unutdurulması üçün göstərilən səyləri o dövrün bütün ziyalıları görürdü və bunun qarşısını almaq üçün səy göstərirdi. İmperiyaya daxil olan xalqlar arasında qoyulan ayrı-seçkilik bunun əsl sübutlarından biri idi. Bu vəziyyətlə barışmaq “hürriyyət” sözünün əvvəlcə lüğətlərdən, zaman keçdikcə isə yaddaşlardan silinməsi ilə nəticələnə bilərdi. Buna yol vermək olmazdı, “hürriyyət” sözü yaşamalı idi. Həqiqi hürriyyətin yaşanması üçün bu sözün ürəklərdə yaşaması labüd idi. “Yaşa, hürriyyət” məqaləsi dövrün həqiqətlərini duya bilən narahat bir qəlbin fəryadı idi.

Əli bəyin hürriyyət üzərində köklənmiş yazıları növbəti illərdə də davam etmişdir. O, 1906-cı ildə “Kuhi-Qaf və Simurq” adlı məqaləsində yazırdı: “Bu məmləkətdə heç bir qüvvət hürriyyət şövqünü məhv edəməz! Heç bir cəbr və təzyiq, heç bir cəfa və əziyyət, heç bir zülüm və sitəm hürriyyət odunu söndürəməz”. Burada səslənən fikirlərdə böyük ümid var, cəsarət və iddia var və bu, səbəbsiz deyildi. Ə.Hüseynzadə xalqının tarixinə bələd idi, onun yetişdirdiyi qəhrəmanları yaxşı tanıyırdı, mənsub olduğu xalqın azadlığa verdiyi önəmi də çox gözəl bilirdi. O bilirdi ki, ayrı-ayrı xanlıqlara parçalanaraq birliyimizi pozduğumuza görə itirdiyimiz hürriyyət əlçatmaz deyil. Eyni məfkurəyə sadiq qalaraq, eyni amal ətrafında birləşərək onu əldə etmək mümkündür. Yaranmış tarixi şərait onun reallaşmasına rəvac verir. Hürriyyət əcdadları azad yaşamış xalqın həqiqi mirasıdır və mütləq əldə edilməlidir. Məhz bu inamdır ki, adıçəkilən məqalənin sonluğunu Əli bəyə bu şəkildə yazdırır: “Görünür ki, Qafqaz hürriyyəti-aləmin tarixində mühüm rollar oynayacaqdır. Bu rolların da ən böyüyü Qafqaz və Azərbaycan türklərinə aiddir. Bunları anlamalıyız və buna görə hazırlanmalıyız”.

On iki il keçir və Əli bəy Hüseynzadənin uzaqgörənliklə söylədiyi fikirlər gerçəkliyə qovuşur. Azərbaycan, həqiqətən də, hürriyyəti-aləmin tarixində mühüm rollardan birini oynayır: müsəlman Şərqində ilk dəfə parlamentli respublika qurulur. Adı dillərdə dolaşan, qəzet və jurnallarda çəkilən hürriyyət hissi bu dəfə ürəklərdə yaşanır, bu hissin yaşanması ilə “Vətən” məfhumu yeni məna qazanır. Azərbaycan dili dövlət dili elan olunur. Müstəqillik uğrunda ilk şəhidlər verilir, onların pak qanı hamını birləşdirən dəyərə çevrilir. Vaxtilə Əli bəyin irəli sürdüyü “türkləşmək, müasirləşmək, islamlaşmaq” ideyasının əks etdirildiyi üçrəngli bayrağımız göylərə ucalır, səmanın bəzəyinə çevrilir, “Azərbaycan” sözü ilə başlayıb “Azərbaycan” sözü ilə bitən əzəmətli himnimizlə birlikdə qəlbləri riqqətə gətirir, qürur mənbəyinə çevrilir, ürəklərə dolan füyuzata çevrilir. Hər komponenti dərinlərdən dərin mənanın simvolik ifadəsi olan gerbimiz təsdiqlənir. Oxumaq, təhsil almaq hüququ əlindən alınan balacalar üçün imkanlar yaradılır. Müstəqil ölkənin vətəndaşlarına hürriyyətin ən təməl prinsiplərindən biri olan səsvermə hüququ verilir.

Lakin 1918-ci ildə qazanılmış hürriyyət uzun çəkmir, 1920-ci ildə bolşevik işğalı iyirmi üç aylıq bu işıq mənbəyini boğur, özünün qırmızı rənginə boyayır. Bu azmış kimi, sonrakı yetmiş il ərzində tariximiz bizə unutdurulur, xalqının hürriyyətə qovuşması üçün hər cür təhlükələrə sinə gərmiş, hətta bu yolda canından keçmiş şəxslər “düşmən, irticaçı” kimi adlarla ləkələnməyə çalışılır, Şərqdən günəş kimi yüksələn və gündən-günə daha parlaq işıq saçan cümhuriyyətin yıxılmasında rol oynayaraq yurdun qapılarını özgələrə açanlar qəhrəmanlar kimi tanıdılır. Cümhuriyyətin qurulması üçün canından keçmiş şəhidlərin uyuduğu yerlərin üzərində parklar salınır, onların uyuduğu müqəddəs torpağın ayaqlar altında əzilməsi üçün şərait yaradılır.

Bu gün “hürriyyət” sözü dilimizə yad kəlmə deyil. 100 il əvvəl yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının vətəndaşı olan bizlər dünyanın bütün demokratik ölkələrində mövcud olan haqq və hüquqlara sahibik. Ötən əsrin əvvəllərində qələmi ilə hürriyyət ideyaları yayan, silahı ilə hürriyyətə yol açan, amalı ilə hürriyyətin yaşamasına xidmət edənlərin gördüyü işlərin nəticəsi onların yaşadığı dövrlə məhdudlaşmadı, zamanın sərhədlərini aşaraq bu günlərə kimi gəldi. Bugünkü müstəqilliyin yaşadılmasında onların payı danılmaz dərəcədə böyükdür. Adlarını bildiyimiz və bilmədiyimiz o fədakar şəxsiyyətlər sayəsində bu gün hürr və azad yaşayırıq, dağ-daşı titrədən böyük bir fəxarətlə “azərbaycanlıyam” deyə bilirik.

Əli bəy Hüseynzadənin ötən əsrin əvvəllərində səsləndirdiyi “Yaşa, hürriyyət” şüarına qoşularaq bu gün biz də deyirik: “Azərbaycan” adının ürəklərə əbədi olaraq həkk olunması üçün yaşa, hürriyyət, yaşa! Ölkəmizin adının dünyanın hər tərəfində tanıdılması, bayrağımızın səmalarda dalğalanması, himnimizin milyonlarla insan tərəfindən oxunması, gerbimizin qüvvədə qalması üçün yaşa, hürriyyət, yaşa! Həmvətənlərinin hürriyyətə qovuşması xəyalı ilə yaşayan, bir ömür boyu hürriyyət üçün çalışan fədailərin, müstəqilliyimiz uğrunda canından keçmiş şəhidlərin ruhunun şad olması üçün yaşa, hürriyyət, yaşa! Tariximizə qara ləkə kimi düşmüş əsarət mərhələsinin yenidən təkrarlanmaması üçün yaşa, hürriyyət, yaşa! Körpə balalarımızın sabaha inamla addımlamaları, şən və qayğısız böyümələri üçün yaşa, hürriyyət, yaşa! Sülhün yaşaması üçün sən də yaşa, hürriyyət!

Yaşa, hürriyyət, yaşa!