28 mayıs, sənə 1918 Tiflis şəhərində Azərbaycan Milli Şurası Azərbaycanın istiqlalı haqqında əqdi elan etdi. Bununla da Azərbaycan İstiqlal Bəyannaməsi qüvvəyə mindi. Bu bəyannamədə qeyd edilmişdi:
- Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir.
- Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cümhuriyyəti olaraq təqarrür ediyor.
- Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu millət və dövlətlərlə münasibəti – həsənə təsisinə əzm edər.
- Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin edər.
- Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bil cümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır.
- Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə intixab olunmuş Şurai Milli və Şurai-Milliyə qarşı məsul hökuməti-müvəqqəti durur.
Azərbaycan istiqlalı 1918-ci ilin 28 mayında elan etdi. İstiqlalın dövləti 23 ay ömür sürdü. Sonra yaşadığımız torpaqlarda bizə yad olan, işğaldan güc alan hakimiyyət quruldu.
İstiqlalın elanından 15 il sonra – 1933-cü ilin 28 mayında Məhəmməd Əmin Rəsulzadə Berlində çap olunan İstiqlal qəzetində yazırdı:
“28 mayıs 1918 il bəyannaməsini nəşr etməklə Azərbaycan Şurayi-milliyəsi, sözün siyasi mənası ilə, bir Azərbaycan millətinin varlığını təsbit etmişdir… azərbaycanlılar bütün aləmə göstərdilər ki, istiqlaldan əl çəkməyəcəklər və bütün böhtançılara deyəcəklər ki, istiqlal xanların, bəylərin, ağaların deyil, Azərbaycan xalqının, türk millətinin milli, ən müqəddəs idealıdır”.
Bəs Cümhuriyyət qurucumuzun millətin varlığı adlandırdığı istiqlal nədir?
İstiqlal – bir millətin və ya bir dövlətin öz vətəndaşı və ya əhalisi tərəfindən idarə edilməsidir. Başqa sözlə, suverenlik hüquqların başqalarının əlində olmamasıdır.
İstiqlal – bir millətin gələcəyini öz iradəsilə təyin etmək haqqıdır.
İstiqlal – bir dövlətin öz torpaqlarında öz daxili və xarici işlərini özgürcə həyata keçirməsidir.
İstiqlal – hürriyyətdir, azadlıqdır.
İstiqlal – dünəndən bu günə, bu gündən sabaha mirasdır.
Azadlıq şairimiz Əmin Abid Gültəkinin də dediyi kimi:
İstiqlal, o yaşayan millətin qəlbində can,
İstiqlal, o səadət, həyat, zəfər, şərəf, şan.
İstiqlal, o sönməyən müəbbəd bir məş’alə
Könüllərdə tutuşur, gözlərdə sönsə belə!..
İstiqlal, o vətənin göğsündən yüksələn ay.
İstiqlal, o kemikdən, qandan yapılmış saray.
İstiqlalın səsini boğmaq, onu əsir etmək, əl-qolunu buxovlamaq istəyənlər olsa da, onun işığı heç bir zaman sönmədi. İstiqlal könüllərdəki bir şam tək yandı. O şamlar böyük bir atəşə ocaq oldu. İstiqlal sancağı 70 il sonra səmaya yüksəldi. Vətənimiz müstəqilliyini bərpa etdi, hürr oldu. Şairin də dediyi kimi:
Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!