Xəbərlər

Zahid Sarıtorpaq – Son nəfəs

Babam can verəndə
fevral buz tutmuş gölməçələrdə çat-çat olmuşdu.
Uşaqlar çubuqla döyəcləyirdi
çalada donmuş ay parçasının “ölüsünü”.

Babam can verəndə
son nəfəsinin xırıltısıyla
çocuqluğumun bütün budaqlarını mişarladı.
Birdən-birə məndən
budanmış dünyanın əlləri üzüldü allı-bəzəkli
fevralın çat-çat olmuş qucağına.
Uşaqların çubuğunun altına düşdüm elə bil,
Ay parçasını qucaqlayıb hönkürdüm
sanki donmuş çalada.
Anam: “Sus… – dedi, – axı sən yekə kişisən…”
Susdum və altı yaşım olsa da,
inandım ki, yekə kişiyəm.
Çünki anamın gözlərində buludlara girən,
Məndən qat-qat böyük heykəlimi gördüm qəfil.

Dəfn günü
ovuclara çilənən gül suyunda ətirlənmiş salavatlar
biryolluq üzünü örtdü şəkilli uşaqlığımın.
İndi illərdi
fələyin qəssab çapacağına oxşayan hökmü
bülöv daşına dönmüş alnımda ovxarlanır,
Həm də o son nəfəsin səsini xatırladır mənə.

Çöllərdə günəşi örtən humay quşların
qanadlarından yıxılmağımı uydururam kətana.
Yalquzaqların ciyərlərində çiçəkləyən
qan iyindən diksinməyimi çəkirəm şeirə.
İçimdəki zindanın divarlarına
diri-diri hörürəm yaşam dastanlarımı,
Amma o son nəfəsin
düyününü çözə bilmirəm.

Onsuz da gələn boş çuvalla gəlir,
Boş da gedir bu bazardan.
Məndən də bir yırtıq çuval qalar,
Dibində üç-dörd tozlu kitab.
Gec də olsa, yaşamaq istədiyim
uşaqlığım adına bir çözümsüz düyün qalar.

Nəvəmi düşündürməyə bir fevral günü
üstünə quşların lələyi tökülmüş
müəmma dolu bir ölüm qalar.
Buz tutmuş çalada uşaqlar döyəcləyər çubuqla
donmuş surətini onun.