Xəbərlər

44 günlük Zəfərin müəllifi olan Ordumuzun şanlı yaranma günü

26 İyun – Azərbaycan Silahlı Qüvvələrinin yaranma günü xalqımızın tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Bu tarix təkcə ordumuzun yaradılmasının ildönümü deyil, həm də Azərbaycanın dövlətçilik ənənələrinin, müstəqilliyinin və milli təhlükəsizliyinin rəmzidir. Məhz bu gün hər bir azərbaycanlı Vətənin keşiyində dayanan igid hərbçilərimizə, şəhidlərimizə və qazilərimizə dərin ehtiramını ifadə edir. Müstəqilliyimizin ilk illərində üzləşdiyimiz çətinliklər göstərdi ki, güclü dövlətin ən mühüm dayaqlarından biri peşəkar və qüdrətli ordudur. Sonrakı illərdə həyata keçirilən ardıcıl islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri maddi-texniki bazası, döyüş hazırlığı, peşəkar şəxsi heyəti və müasir silahlanması ilə regionun ən güclü ordularından birinə çevrildi.

2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi. İllərlə işğal altında qalmış torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin şücaəti, xalqın birliyi və dövlətimizin qətiyyətli siyasi iradəsi nəticəsində azad edildi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Suqovuşan, Hadrut və digər yaşayış məntəqələrinin, nəhayət isə Şuşanın azad olunması Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı.

Vətən müharibəsində qazanılan Zəfər təkcə hərbi uğur deyildi. Bu, illərlə beynəlxalq hüququn icra olunmayan tələblərinin Azərbaycan tərəfindən öz gücü hesabına təmin edilməsinin bariz nümunəsi oldu. Azərbaycan xalqı bir daha sübut etdi ki, Vətən sevgisi, milli birlik və güclü ordu qarşısında heç bir maneə davamlı ola bilməz.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müharibə dövründə səsləndirdiyi “Qarabağ Azərbaycandır!” ifadəsi xalqın mübarizə əzmini daha da gücləndirdi. Müharibədən sonra isə onun “Dəmir yumruq yerindədir” fikri Azərbaycanın öz suverenliyini və milli maraqlarını qətiyyətlə qorumaq əzmini ifadə edən mühüm siyasi mesaj kimi yadda qaldı.

Bu gün Azərbaycan Ordusu təkcə ölkəmizin sərhədlərini qoruyan silahlı qüvvə deyil, həm də dövlətimizin müstəqilliyinin, suverenliyinin və xalqımızın təhlükəsizliyinin əsas təminatçısıdır. Ordumuzun peşəkarlığı, nizam-intizamı və vətənpərvər ruhu gələcək nəsillər üçün örnək olmaqla yanaşı, Azərbaycanın müdafiə qüdrətinin daha da möhkəmlənməsinə xidmət edir.

26 İyun münasibətilə şəhidlərimizi dərin hörmət və ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayır, Vətənimizin keşiyində dayanan bütün hərbi qulluqçularımızı ürəkdən təbrik edirik. Azərbaycan Ordusu daim güclənsin, dövlətimizin bayrağı hər zaman zirvələrdə dalğalansın.

Müəllif: Xəyal Məmmədov, hüquqşünas