“Zamanında doğulmayan insan” ifadəsi mübahisəli fikirlər yaradır. Hansı vaxt doğulmusansa, demək, zamanın odur, sadəcə, özünə aid olmayan yerə düşən insanlar olur. Ruhuna, tipinə, xarakterinə, həyata baxışına uyğun gəlməyən mühitdə yaşamaq insanı mənən çürüdür. Təsəvvür edin, arzuların, ümidin, hisslərin yerə-göyə sığası deyil, cisminsə dar, qaranlıq zirzəmiyə salınıb. Gözün gözəllik görmək istədikcə bataqlıq görür, mamıra bulaşırsan. Üzünün gülməyini dilədikcə gördüklərindən qəlbin sızıldayır, çöhrənə kədər çökür. Xoş səda dinləmək eşqilə ətrafa qulaq verdikcə çaqqal ulartısı, bayquş səsi eşidirsən. Sən dünyanı sevdikcə, insanlara doğma gözü ilə baxdıqca səni yad kimi özlərinə yaxın buraxmırlar. Hiss edirsən ki, ətrafdakılara ruhən yadsan. Onlar da onlar kimi olmadığına görə sənə yadlaşırlar. Adamlarla beləcə uzaqdan–uzağa “anlaşırsan”.
Qəlbin duyğu ilə doludur, gözəl arzular, böyük ideyalarla yaşayırsan. Münbit şəraitə, əlverişli mühitə düşsən fərqli təfəkkürün, zəngin mənəvi dünyan sayəsində faydalı işlər görə bilərsən. Təəssüf ki, bu cür doğulan insanlar həmişə çirkab cəmiyyətin bataqlığında çapalaya-çapalaya qalır. Ha çalışırsan ətrafındakılar üçün iş görəsən, əksinə, özünü çəkib arxaya aparırlar, sən də enerjini, potensialını xilas olmağa sərf edirsən. Bir də baxırsan, ömür keçib, arzular tükənib, əvvəlki “sən”in yerində sarsılmış mənəviyyat, qədd-qaməti əyilmiş ruh qalıb. Özün kimi yaşamamısan, mühitin məcbur, adamların təlqin etdikləri kimi olmusan. İstər-istəməz… neyləyəsən, seçim yoxdur. Daxili senzuran seçim etməyinin qarşısına sədd çəkir. “Bəs filankəs, bəs filan şey?” deyərək özünü kiməsə, nəyəsə qurban verirsən. Sonunda dəyərinin bilinib-bilinməməyindən asılı olmayaraq sənə verilən ömrü başqaları üçün fəda edirsən.
Bir-birindən gözəl, böyük ideyalarla yaşayaraq günləri ötürürük. Paxıl adamların korladığı ovqatla birtəhər güc tapıb özümüz kimi qala bilməyimizdən təsəlli alsaq da, reallığı etiraf etməliyik: arzular həyata keçmir, həvəs tükənir, layiq olmadığımız mühitdə məhv oluruq.
Ruhuna yad olan həyat tərzinə qatlaşmaq əzabı… nə alışa, nə də qurtula bilirsən. Üstəlik, günahkar çıxarırlar.
Dürüst insanlar doğrunu söyləyəndə uduzacaqlarını bilsələr də, qələbə naminə yalan danışmırlar. Hər pis məqamı nəzərə alır, lakin gerçəyi gizlətməyə meyil etmirlər. Hiyləgərlərsə həmişə istədiklərinə çatıblar, çünki onlar həqiqəti ayaqlarının altına qoyub hündürə əl uzadırlar. Əliuzunluq edən kəsin hər şeyi olur.
İnsanlar özlərinə bənzəyənləri xoşlayırlar; pislər pisləri, yaxşılar da yaxşıları toplayırlar ətrafına. Bir də fövqəlbəşərlər var… onların işi lap çətindir.
Xoş hisslərin, düşüncələrin cılız, bəsit adamlar tərəfindən səhv kimi qəbul ediləndə nitqin quruyur, deməyə söz tapmırsan. Eqoist olmağıyla, heç kimi sevməməklə özünü haqlı sanıb, səni dəli adlandıranların arasında adam gerçəkdən də dəli olmamaq üçün mübarizə aparır. Başqasını müzakirə etməkdən başqa heç nə bilməyən adamların içində solursan, çürüyürsən. Nəyə qadir olduğunu göstərməyə mühit yox, potensialını dəyərləndirən adamlar yox, sənin də haqsızlıqlara laqeyd qalmağın yox. Yaşa görüm necə yaşayırsan? Gücün klaviaturaya çatır, gileyini onun təpəsinə döyəcləyirsən, sən də onu istismar edirsən. Əgər oxuyanlar da sənə “deyingən” desələr onda heç nə. Əlac ürək yerinə daş gəzdirib arsız olmağa qalır, yoxsa pul, vəzifə ölüsü olanların, işinin xətrinə yüz cildə girənlərin, vəzifəli qohumuna görə qanacaqsızın birinə yaltaqlananların, xainlərin, xəbərçilərin, çürük adamların ucbatından ən yaxşı halda ürəyini həkimlər “deyinə-deyinə” əməliyyat edəcəklər, amma ürəyinin o günə düşməsində həkimlərin “əyri xətlərinin” də rolu olduğunu özləri bilməyəcəklər.
Əli Kərimin “Zülməti korlar da görür” misrasını paylaşmışam, biri yazıb: – Burada nə var ki? “Bu sualı vermək özü zülmət basmış beyinlə yaşamaqdan xəbər verir” cavabını yazmağa üzüm gəlmədi. Düşüncəli, geniş təfəkkürlü, zəngin mənəviyyatlı insan misradakı fikrin ötürdüyü mənanı anlayır. Qaranlığı görməyə nə var, gözləri görməyən adamların daim gördüyü bir şeydir. Əsl insan odur, insandakı işığı görə bilsin. İnsandakı işığın nə olduğunu anlamayan da varsa, vəziyyət lap pisdir. Fikir var ki, dünyamızı işıqlandırır. Ziyasının təsirindən aydınlığa çıxdığımız düşüncə sahibləri olub ki, bu gün onları günəş kimi sevirik.



