Bu gün Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür.
İnsan qəlbinin mürəkkəbliyini sadə və təsirli dildə qələmə alan ustad şair misralarında təkcə Vətən sevgisini deyil, insanın daxili aləmini, ağlı ilə ürəyinin çəkişməsini və yaddaşın kövrək hisslərini təsvir edib.
“Fuyuzat.az” olaraq şairin doğum günü münasibətilə onun yaradıcılıq nümunələrindən bir qismini oxucularımıza təqdim edirik:
Gözün olmasa
Şair, gəl, əlinə qələm götürmə,
Könlünü gəmirən sözün olmasa.
Şeirin ürəyi isidə bilməz,
Könlündə közərən közün olmasa.
Deyə bilmirsənsə sözün düzünü,
Danlama özgəni, danla özünü.
Düşməni qınama, əgər sözünü
Üzünə deməyə üzün olmasa.
Sən halal urvana bir çimdik qədər
Əgər haram qatsan, kündən küt gedər.
Bu müqəddəs sənət səndən nə istər
Əyridən danışma, düzün olmasa.
Əyrini görürsən… görsən əyəni,
Sərraf oğul deyə, öyərəm səni.
Sən şair deyilsən, görünməyəni
Görməyi bacaran gözün olmasa.
Xəyalım
Budaqdan-budağa qonur quş kimi,
Dayanmır bir yerdə bir an xəyalım.
Hara baş götürüb uçursan yenə
Ay məni özümdən alan xəyalım?
Vətəndən od alır hər yanan ürək,
Vətəndən dönənə ar olsun gərək.
Dünyanı gəzsən də bir pərvanətək.
Vətənin başına dolan, xəyalım.
Bir kitaba dönüb açıl, varaqlan,
Gücünü yerdən al, yerə dayaqlan.
Qırılmaz tellərlə arzuma bağlan,
Ömrə ömür kimi calan, xəyalım!
Yaddaşım
Hər gün neçə dəfə ötən günlərin
Xatirə bağını gəzər yaddaşım.
İtən illərimin solub-saralmış
Sarı yarpağını üzər yaddaşım.
Məni öz-özümdən didərgin salan,
Dünənə bağlayan, bu gündən alan,
Gah söyüb daniayan, gah peşman olan
Qəribə hakimə bənzər yaddaşıın.
Qırıldı son ümid, öldü son güman,
Necə peşimanam, necə peşiman.
Bu günüm bir rəngli, dünənim əlvan
Mənim bu günümü bəzər yaddaşım.
Bəxtiyar, könlümə hey dedim, kiri.
Özümü dəfn etdim mən diri-diri.
Qovmaq istədikcə, xatirələri
Fikrimin sapına düzər yaddaşım.
Hara yazım mən
Sırğa əvəzinə qulaqlarından
Andımı zikr edən könül asım mən.
Yenə inanmasan, qəm dağlarından
Söz açan kitaba qoy əl basım mən.
Mənə nə deyirsə, məhəbbət deyir,
Qoyma taleyinə sən minnət – deyir.
Ürəyim gəl deyir, ağlım get deyir,
Hansının sözünə qulaq asım mən?
Özün uzaqdasan, adın dilimdə,
Dünya çaş-baş olub hər əməlimdə,
Xatirən könlümdə, əksin əlimdə,
Bəs, sənə məktubu hara yazım mən
Könlümün könlü
Sən axşamın qəribliyi,
Sən səhərin dan yerisən.
Köhnə, qədim bir mahnının
Unudulmuş sözlərisən.
Buludların sərt kölgəsi,
Yerə düşür, göyə düşmür.
Gözdən uzaq düşən arzum,
Bəs könüldən niyə düşmür?
Çıxmaq olmaz bu sehrdən
De, çıx, görüm, bu mən, bu sən.
Könül deyil sənsiz könül,
Sən könlümün öz könlüsən.
İyul, 1966
Gen düşə
Açammadım bir qapını əzabsız,
Heç olmadı kədər məndən gen düşə.
Ömrüm boyu bir diləyə can atdım
Suladığım sünbülümə dən düşə.
Keçdim neçə dolanbacdan, dolaydan,
Seçilmədi gün həftədən, il aydan,
Bağırıram içimdəki haraydan
Buz bağlayan könüllərə ün düşə.
İndi daha döyüşürəm dözümlə,
Öz əlimlə özümədir bu həmlə.
Dözüm bitdi, qorxuram ki, özümlə
Qədərimin arasında qan düşə.
Qan qoxuyur zəmanənin yelləri,
Qum gətirir, lil gətirir selləri.
Neyləyirəm, qəm möhürlü illəri
Qismətimə gözlədiyim an düşə.
Öz yolunu heç azmadı bu gərdiş,
Zəmim yandı, taxılımı biçməmiş
Nə olar ki, bu dünyadan köçməmiş
Mənim həsrət quzeyimə gün düşə.
El arasında
Dağlar uçar, muma dönər
İki könül arasında.
Bəs nə qədər durmaq olar
Bəm ilə zil arasında?
Yadda saxla aman günü,
Yaxşı gündə yaman günü.
Çağırar öz gördüyünü
Aşıqlar el arasında.
Açıb yalançı dilləri
Qapamayaq könülləri.
Qaralayaq vergülləri
Sözlə əməl arasında.
Sular axsın, sel durulsun.
Əməl sözə yoldaş olsun.
Daş hasarlar uçurulsun
Ürəklə dil arasında.
Oktyabr, 1969
Giley
Deyirsən, dost sözü, dost gileyləri
Üzə deyilirsə, nöqsan sayılmaz.
İncidin, sözümü götürdüm geri,
Bir sözdən bu qədər incimək olmaz.
Deyirəm, könlümə toxundun sən də,
Demirəm, günahın çoxdu, böyükdü,
Ancaq bunu bil ki, külək əsəndə
Təkcə bir yarpaq da ağaca yükdü.
Mart 1978
Təqdim etdi: Günel Natiqqızı



