Xəbərlər

“Azərbaycan Milli Mətbuatı-149” adlı tədbir keçirilib

İyulun 19-da Bakıda “Azərbaycan Milli Mətbuatı-149” adlı tədbir keçirilib.

“Füyuzat”ın məlumatına görə, Azərbaycan Respublikası Audiovizual Şurasının, Medianın İnkişafı Agentliyinin (MEDİA), Mətbuat Şurasının birgə təşkilatçılığı ilə reallaşan tədbir Dövlət Himnimizin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov bildirib ki, 149 il bundan əvvəl Azərbaycan dilində “Əkinçi” qəzeti işıq üzü görüb. “Əkinçi” qəzetini ərsəyə gətirən, onun həm redaktoru, həm də naşiri olan Həsən bəy Zərdabi böyük bir bünövrə qoyub. Sonrakı 149 ildə Azərbaycan mətbuatı çətinliklərə baxmayaraq, həmin bünövrə üzərində sürətli inkişaf yolu keçib və uğurlar qazanıb.

Mətbuat Şurasının sədri Rəşad Məcid qeyd edib ki, 149 il əvvəl Həsən bəy Zərdabinin başlatdığı yol Azərbaycanın gələcək taleyinə böyük təsirlər göstərib. Məhz Həsən bəy Zərdabi və “Əkinçi” qəzetindən başlanan yol sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına aparıb çıxardı.

Qeyd edək ki, “Füyuzat” jurnalı da tədbirdə iştirak etmək üçün dəvət alıb və jurnalın baş redaktoru Mübariz Yunus tərəfindən təmsil olunub.