Avqustun 2-də Türkiyədə instaqram sosial şəbəkəsinə giriş bloklanıb. Sözügedən məhdudiyyət İnformasiya Texnologiyaları və Kommunikasiya Şurasının qərarı ilə verilib.
Bəs sosial şəbəkənin bağlanmasının səbəbi nədir?
Mövzu ilə bağlı “Füyuzat”a açıqlama verən informasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev bildirib ki, buna səbəb kataloq qanunsuzluqlarla bağlı xəbərdarlıqlara məhəl qoyulmamasıdır:
“Türkiyənin İnformasiya Texnologiyaları və Kommunikasiya Şurası tərəfindən instaqram sosial şəbəkəsi 02.08.2024 tarixində bloklanıb. Türkiyə üzrə 58.3 milyon istifadəçisi olan instaqramın bloklanması qərarı işini instaqram üzərindən quran bloger və biznes subyektlərinin etirazına səbəb olub. Bu da təbiidir. Xarici media buna səbəb kimi, son siyasi hadisələri göstərsə də, bloklanmağa səbəb “katalog suçlara uyulmaması”dır. Kataloq cinayətləri bəzi müdafiə tədbirlərinin tətbiq oluna biləcəyi cinayətlərin məhdud siyahısıdır”.
Ekspertin sözlərinə görə, sözügedən cinayətlərlə bağlı tənzimləmə 5271 saylı Türkiyə Cinayət Prosessual Məcəlləsinin əhatə dairəsinə daxildir:
“Kataloqa daxil olan bəzi cinayətlərin bir qisminin adını bildirmək istəyirəm. İlk növbədə qəsdən adam öldürmə, intihara yönləndirmə, miqrant qaçaqçılığı, insanlığa qarşı törədilən cinayətlər və onların mütəşəkkil təşkili bu siyahıya daxildir. Eyni zamanda, uşaqların cinsi istismarı, düşmənlə əməkdaşlıq, dövlət təhlükəsizliyi və ya konstitusiya quruluşu əleyhinə cinayətlər törətmək üçün təşkilat yaratmaq, Türkiyə Respublikası hökümətinə qarşı silahlı üsyan, sağlamlıq üçün təhlükəli olan maddələrin tədarükü, işgəncə, ədəbsizlik, fahişəlik, hərbi obyektləri məhv etmək və düşmənin hərbi hərəkətlərinə fayda vermək üçün anlaşma, dövlətin birliyini və ərazi bütövlüyünü pozmaq və s. sadalananlar bu qəbildən olan cinayətlərə daxildir”.