Xəbərlər

İcma: İndiki Ermənistan ərazisində Qərbi azərbaycanlıların maddi və qeyri-maddi mədəni irsi məhv edilib

İndiki Ermənistan ərazisində Qərbi azərbaycanlıların maddi və qeyri-maddi mədəni irsi məhv edilib.

“Füyuzat”ın məlumatına görə, bunu Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə Əlaqələr və Qərbi Azərbaycan Televiziyası Şöbəsinin müdiri Ülviyyə Zülfiqar Qərbi Azərbaycan İcmasında Diaspor Komitəsinin təşkilatçılığı ilə keçirilən Diaspor Gənclərinin V Yay düşərgəsində iştirak edən gənclərlə görüşdə deyib.

O gənclərə Qərbi Azərbaycan həqiqətləri barədə məlumat verərək, soydaşlarımızın son 200 il ərzində öz tarixi torpaqlarından mərhələlərlə çıxarılması, ötən əsrdə dörd dəfə deportasiya edilmələri, sonuncu 1987-1991-ci il deportasiyası zamanı Ermənistan tərəfindən 300 minə yaxın soydaşımızın öz el-obalarından zorla çıxarıldıqlarını bildirib.

Sözçü qeyd edib ki, indiki Ermənistan ərazisində Qərbi Azərbaycanlıların maddi və qeyri-maddi mədəni irsi məhv edilib:

“Bu kimi haqsızlıqlarla bağlı Qərbi Azərbaycan İcması yenidən təşkilatlandığı gündən etibarən sözügedən ədalətsizliklərlə bağlı dünya ictimaiyyətini geniş məlumatlandırmaq istiqamətində intensiv addımlar atıb, ayrı-ayrı subyektlərə məktublar və müraciətlər ünvanlayıb. Bu gün İcmanın məqsədi soydaşlarımızın sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışı istiqamətində fəaliyyət aparmaq və onların hüquqlarını müdafiə etməkdir. Bu məqsədə nail olmaq üçün xaricdə yaşayan soydaşlarımızın, xüsusilə də gənclərin rolu çox böyük əhəmiyyət kəsb edir”.

Ülviyyə Zülfiqar gənclərin Qərbi Azərbaycanlıların geri qayıdış hüququ barədə xarici auditoriyanın məlumatlandırılmasında onların böyük töhfə verə biləcəklərini vurğulayıb.