Elmin Nuri Köşə Yazıları

Qızlarının yerinə ixtisas seçib tələbəlik edənlər və fədakar “universitetlər”

Müəllim-tələbə

Adı Təhminədir… Təhminə Məmmədova. III ixtisas qrupu üzrə kifayət qədər yüksək bal toplayıb; dəqiq yadımda deyil, amma 500-ün üzərindədir. İxtisas seçiminə kodlaşdırmanı etməmiş əvvəlcə bir az söhbətləşirik. Adətim üzrə ali təhsil müəssisələrinə ixtisas seçimini etdiyim hər abituriyentlə ən azı yarım saatlıq da olsa, konsultasiya edir, onun gələcəklə bağlı hədəfləri (əgər varsa…), karyera planlaması haqqında danışırıq. Bir çoxunda, təəssüf ki, bu söhbət alınmır; eləsi var ki, “karyera planlaması” ifadəsini elə ilk dəfədən bizdən eşidir, eləsi də var ki “hədəfin nədir?” sualı qarşısında gözlərini döyür.

Amma Təhminə fərqli idi: nitqi səlis, fikirləri aydın, məqsədi isə konkret. Deyir, bir müddət bundan əvvəl universitetlərin təhsil sərgisinə getdim. Orada yalnız iki ixtisasla bağlı suallar verdim. Hansı ixtisasları maraq etdiyini soruşuram. Cavabı təəccübləndirir: “Təhsildə sosial-psixoloji xidmət və korreksiya işi…”

Düzü, təəccüblənirəm. Çünki bu ixtisaslar III ixtisas qrupu üzrə imtahan verən və məqsədi yalnız necə olursa-olsun tələbə adını qazanmaq olan bir çox abituriyent üçün ehtiyat variant hesab edilir. Yəni topladıqları balla hüquqşünaslıq, beynəlxalq münasibətlər, filologiya, tarix, tərcümə, eləcə də pedaqoji ixtisaslara belə düşmək şansları olmayanda geriyə “heç olmamaqdansa, bu daha yaxşıdır” fikri ilə ən sona saxlayır, hətta vaxt çatıb vədə yetişəndə, məhz bu ixtisaslara qəbul olunduqda belə digərləri kimi sevinmirlər də… Təhminə isə tamam başqa düşüncədədir. O, standart yanaşmadan kənardadır. Məqsədi təkcə tələbə olmaq yox, həm də peşəkar, faydalı bir kadr kimi formalaşmaqdır. Artıq indidən özünü peşəkar kimi görmək istəməsi hər halından bəllidir. Deyir, hər zaman istəmişəm ki, fiziki əngəlli uşaqlara yardımçı olum, onlar üçün faydalı layihələr edim, işlər görüm. Onlarla vaxt keçirim ki, tək qaldıqlarını düşünməsinlər, cəmiyyətə başqaları kimi yararlı ola biləcəklərini hiss etsinlər.

Müdaxilə etmirəm. Təhminəni dinləyirəm. Təhsil, onun aliliyi və müqəddəs funksiyası barəsində oxuduqlarım, izlədiklərim, eşitdiklərim göz önümdən keçir. Əsl təhsil öz ali missiyası ilə bir gənc qız halında qarşımda durub. Təhminə davam edir: “Təhsildə psixoloji xidməti də həmişə ona görə istəmişəm ki, psixoloji baxımdan travmalar, ailə problemi, özünüifadə bacarıqsızlığı yaşayan şagirdlərə yardımçı olum. Ona görə də mən yalnız bu iki ixtisası seçib ali təhsil almaq istəyirəm…”

Elə də edirik; Təhminəyə ürəkdolusu sözlərimi çatdırıb uğurlarımı diləyəndən sonra prosesi başa çatdırırıq.

Nəticələr məlum olan gecə ilk təşəkkürü elə Təhminədən alıram. Çox sevinclidir və məhz təhsildə sosial-psixoloji xidmət üzrə təhsil alacağı üçün xeyli məmnundur. Bizə də təşəkkürünü çatdırır ki, ona bu istiqamətdə qətiyyətli olmağı, hədəfindən dönməməyi tövsiyə etmişdik.

Təhminə Məmmədova artıq bir neçə gündən sonra Bakı Slavyan Universitetinin təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə dərslərə başlayacaq. O, əslində, tələbədən də çox, artıq bir müəllimdir; həm də ona görə ki, nə istədiyini indidən bilir və universitetə onunla birlikdə tələbə adını qazanmış minlərlə həmyaşıdından fərqli olaraq konkret məqsəd uğrunda yollanacaq…

“Minlər… On minlər…”

Bəli, az öncə doğru oxudunuz: “minlərlə tələbə”… Onların, yəni nə yolla olursa-olsun, təki universitetə qəbul olunsun prinsipi ilə yaşayan, istəyi yalnız məktəbdən universitetə adlamaq olan, harada və nə üzrə oxuyacağını qətiyyən kəsdirə bilməyən tələbələr minlərlədir. Bəlkə də, on minlərlə… Universitet auditoriyalarını bir-bir gəzsəniz, bir çox tələbənin gözlərində işıqsızlığı, həvəssizliyi və dəruni təəssüfü görə biləcəksiniz. Çünki onlar da “təki universitet olsun” prinsipi ilə yola çıxmış və sonradan eyforiyaları çəkilib gedincə içində olduqları böyük boşluğun fərqinə varmışlar.

Bu tədris ili üçün isə universitetlərə rekord sayda – 55565 tələbə qəbul olundu. Aylardır ki, sosial şəbəkələr üzərindən apardığımız müşahidələr, 200-dən çoxu ilə isə etdiyimiz söhbətlər zamanı məqsədsizlik, hədəfsizlik girdabında boğulan abituriyentlərə təəssüf etdik. Amma bir sevindirici həqiqəti mütləq deməliyik: artıq bir neçə ildir ki, hədəfə köklənmək baxımından qızlar oğlanları xeyli üstələyir. Bunu proseslərin canlı şahidi olan biri kimi tam əminliklə deyə bilərik. Xanımlar konsultasiya zamanı daha dəqiq suallar verir, məqsədlərinə fokuslanmaqda zərrə qədər qətiyyətsizlik göstərmirlər. Xüsusən də tibb, tərcümə və pedaqoji əsaslı ixtisaslarda, eləcə də iqtisadiyyat yönümlü fakültələrin seçimində onlar konkretlik göstərir, hədəfə köklənməyi bacarır və onun faydalılığını öz qavrayış dərəcələrinə görə əsaslandırmağa çalışırlar. Oğlanlar isə bu məsələdə, təəssüf ki, onlardan xeyli geri qalır. Bəziləri hərbi xidmət amilinə görə mahiyyətini belə bilmədiyi ixtisası, adını ilk dəfə eşitdiyi universitetdə belə seçməyə üstünlük verirlər. Məsələn, indiyədək bircə dəfə də olsun, muzeydə olmayanlar muzey, arxiv işi və abidələrin qorunması ixtisasını məmnuniyyətlə seçir ki, təki tələbə adını qazanmış olsun.

Amma gəlin, bu yerdə yüksək hədəfi özü üçün formalaşdırmış, məqsədinin mahiyyətini anlayan oğlan abituriyentləri də unutmayaq. Yoxsa elə özüm onların haqqına girmiş olaram. Onu da deyim ki, oğlan abituriyentlər daha çox İT əsaslı ixtisaslarla bağlı (kompüter elmləri, kompüter mühəndisliyi, informasiya təhlükəsizliyi, informatika texnologiyaları və proseslərin avtomatlaşdırılması) çox yekdil fikir, qəti seçimdə olurlar.

Vaxtsız edilən iki zəng

Gecədir… İşlərimi yükunlaşdırıb dincəlmək barəsində düşünürəm. Elə bu dəm telefonuma qəfil zəng gəlir; bir neçə gün bundan öncə ixtisas seçiminə dəstək olduğumuz və artıq kodlaşdırma apardığımız gənc abituriyent xanımın anasıdır. (Təəssüf ki, yazı ilə bağlı özlərindən icazə almamış adlarını çəkə bilmirəm; şərti ad: Fəridə. )

Həmin valideynin səhhətində müəyyən problemlər yaşayan qızı üçün necə narahat olduğunu elə o gün hiss etməmək mümkün deyildi. Qızına olan münasibəti adamı kövrəldəcək qədər həssas və səmimi idi. Fəridənin ta uşaqlıqdan böyük arzusu tarix müəllimi olmaq olub. Amma topladığı bala əsasən, biz tarix müəllimliyini daha çox ödənişli əsaslarla dövlət və özəl ali təhsil müəssissələri üçün yaza bilərdik. Yazdıq da… Amma sıralamanın son xanalarına (15 yer seçiminə imkan verən sıralamadan söhbət gedir) yerləşdirdik. Onun üçün etdik ki, əvvəlki xanalarda dövlət sifarişli və yaxud ödənişi az olan başqa ixtisaslara düşmək şansı da olsun. Amma indi fədakar ananın səsi əməllicə titrəyirdi: “Ay müəllim, qız, neçə gündür ki, ağlayır. Deyir, nə olursa-olsun, mən ancaq tarixi oxumaq istəyirəm. Başqa heç nə! Eybi yox, necə deyirsə, qoy elə də olsun. Zülmlə hazırlaşıb. Onu düzəldək, (yəni, ixtisasların sıralamadakı yerlərini dəyişək) ay müəllim! Qadan alım, olarmı? Uşaq sevinsin…”

Fikrə gedirik… Elə telefonun bu başındaca, qəribə hisslər adamı bürüyür. Bir tərəfdən fikrində qəti olan, daha çətin şərtlərə baxmayaraq məhz öz hədəfini, sevdiyi ixtisası düşünən gənc xanım və onun gerçəkləşməsi üçün əlindən gələni əsirgəməyən, səsinin titrəyişini belə boğa bilməyən fədakar ana… Onlar, əslində, gizli qəhrəmanlardırlar. Cəmiyyət də, onun güzgüsü olan təhsil də məhz belə insanlardan keçərək durulur. Özlərinin bu proseslərdən xəbəri belə olmur. Onlar saf və sadə bir həyatı yaşamaqdadırlar. Bacardıqları iş öz sevgilərinə sadiq qalmaq və onun uğrunda hər fədakarlığı etmək…

22 avqust gecəsi… Nəticələr açıqlanır… Zənglərin, mesajların ardı-arası kəsilmir. Amma Fəridənin anasının zəngi özünü gecikdirmir: “Qızım daxil oldu, elə istədiyi yerə daxil oldu Tarixə…”

Və… Sonacan danışa bilmir… Bəzən, belə də olur, kövrəklik fədakarlığın ən pik həddi kimi araya girir.

Mən həmin gün daha bir zəngi, xüsusilə gözləyirdim. IV ixtisas qrupu üzrə imtahan vermiş və ixtisas seçimi üçün müraciət etmiş Nuray adlı (ad bu dəfə də şərtidir) qızın atası Elman dayının zəngini. Elman dayı ilə qısa müddətdə çox söhbətimiz oldu; övladı üçün az qala, bütün varlığını verməyə hazır olan örnək bir ata… Əlbəttə ki, bütün atalar övladını sevir, amma onun qızına bağlılığı bir başqa idi. Hər sözündə bunu hiss etdirirdi: “Ancaq həkim olmaq istəyir, eybi yox, necə deyirsə, qoy elə də olsun. Rəhmətlik anam da çox savadlı qadın idi. Amma həkim ola bilmədi. Tibb texnikumunu oxuya bildi. Amma işlədiyi xəstəxanada həkimlər qədər hörməti qaldı. Uşaq da elə ancaq həkimlik-həkimlik deyir”.

Topladığı bala əsasən, bu il tibb işi ixtisası üzrə qəbul olunacağının çətinliyini deyirəm. Real mənzərəni onun üçün təsvir edir, hansı ixtisaslara qəbul olma ehtimalını əsaslandırıram. Göstərdiyi nəticə isə (500 bala yaxın) biologiya, kimya, biotexnologiya ixtisaslarına daxil ola biləcəyini deyir, kəmiyyət və keyfiyyət əsaslandırmasını da irəli sürürəm. Qızı ilə danışdıqdan sonra tibb əsaslı ixtisaslardan sonra onların da yazılmasına razı olduğunu bildirir. Ən son anda abituriyent xanımın özü ilə də danışıb ən son variantı ona göstərirəm. Razılaşır, təsdiq edirik.

Nəhayət… İxtisas seçiminin nəticələri elan edildikdə Elman dayıya zəng etmir, özüm şəxsi kabinetdə yoxlamaq qərarına gəlirəm. Və gözəl nəticə: Nuray BDU-nun Biologiya ixtisasına, dövlət sifarişi ilə qəbul olub. Sevinməmək mümkün deyil. Çünki həddindən artıq həssas ata – Elman bəyin “müəllim, düzəlişləri edəndən sonra, zəhmət olmasa, mənə də yollayın. Gecə saat 4-də də olsa gözləyərəm” sözləri sanki qulaqlarımda yenidən dirilir. Tez telefona əl atıb özüm zəng edirəm ki, gözəl xəbəri çatdırım. Amma… Telefonun o başında həmişə enerjili səslə danışan Elman dayının bikef səsini eşidirəm: “Hə, qardaş, qəbul olundu, amma ürəyimiz açılmadı, deyir, ancaq həkimlik, nə olursa-olsun, ancaq həkimlik… Necə deyir, elə də edək. Gələn il inşallah həkimliyə daxil olar”.

Əlavə bir neçə söz deyir, fikrindən daşındırmaq istəsəm də, kodlaşdırmada öz razılıqları ilə yazdıqlarını bildirsəm də, Nurayın da, atasının da fikri qətidir. Əslində, ürəyimdə ikisini də alqışlayıram. Təki tələbə olsun deyə sevmədiyi bir ixtisasda təhsil alıb saxtalığı seçməyən gənc qızın ən son anda belə qətiyyətini alqışlayıram. Amma ona bu qətiyyətdə dəstək olan, ən fors-major anda belə verdiyi qərara hörmətlə yanaşan Elman dayını ikiqat alqışlayıram.

Çünki bu proses zamanı biz elələrini gördük ki… Abituriyentin qız olduğunu əsas gətirib ona ancaq qiyabi əsaslarla təhsil almasına icazə verən valideyn, ixtisas seçimi zamanı qızının adından danışan, bütün seçimləri onun əvəzinə edən, bircə dəfə də olsun, fikrini soruşmayan valideyn, qızının sevdiyi ixtisasları sonradan yalnız özünün xoşu gəlmədiyi üçün tamam dəyişdirmək istəyən valideyn…

Bunlarla müqayisədə Elman dayının, eləcə də Fəridənin anasının etdikləri jest, əslində, bizə əsl təhsilin özünü, onun aliliyini, müqəddəsliyini bir daha xatırladır. Mənim aləmimdə o valideynlərin hər ikisi öz-özlüklərində çoxdan, lap çoxdan bir universitetdirlər. Özü də mükəmməl universitet. Və bu “universitetlər” öz “məzunlarını” – canlarından çox sevdikləri qızlarını başqa universitetə artıq hazır şəxsiyyət kimi yollayırlar…

Özlərinin verdikləri sevgi və hörmət “diplomlarıyla”…