“FÜYUZAT” JURNALI

Böyük Azərbaycan mütəfəkkiri Əli bəy Hüseynzadənin baş redaktorluğu və Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə 1906–1907-ci illərdə nəşr olunan “Füyuzat” jurnalının mətbuat tariximizdə özünəməxsus yeri vardır. Ətrafında Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Hadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Abbas Səhhət, Abdulla Şaiq, Abdulla Cövdət, Səid Səlmasi, İsmail bəy Qaspıralı, Həsən Səbri Ayvazov kimi dövrün tanınmış ziyalılarını toplamış “Füyuzat”ın xalqımızın ictimai fikir tarixindəki önəmli rolu danılmazdır. Lakin “Füyuzat” jurnalının o vaxt yalnız 32 sayı işıq üzü görmüş, mütərəqqi və milli fikirləri təbliğ etdiyindən müstəbid çar hökuməti tərəfindən çapı dayandırılmışdır.

İrsimizin ayrılmaz parçası olan bu jurnalı Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu 2007-ci ildə bərpa etmiş, tanınmış alim, professor Teymur Əhmədovun baş redaktorluğu ilə “Füyuzat”ın davamı kimi 33-cü nömrədən nəfis şəkildə çap etdirməyə başlamışdır. Artıq 15 ildir yüksək poliqrafik şəkildə ardıcıl nəşr olunan müasir “Füyuzat” milli-mədəni, ictimai-siyasi, tarixi, mənəvi-əxlaqi mövzuları əhatə edir. Bu gün fəaliyyətini uğurla davam etdirən “Füyuzat” jurnalı Fondumuzun milli dəyərlərə, irsimizə, zəngin mədəniyyətimizə, tarixi köklərimizə bağlı qalmaq və bununla dövlətimizə, xalqımıza faydalı olmaq amalına sadiq qalmışdır. “Füyuzat” jurnalının tarix, vətənpərvərlik, Azərbaycanın görkəmli şəxsiyyətləri və milli-mədəni irsi, eləcə də mənəvi dəyərləri haqqında məqalələrdən ibarət nömrələri oxuculara təqdim olunur.

 “Füyuzat” jurnalının mətbuat sahəsində fəaliyyət göstərən ziyalılarımız tərəfindən rəğbətlə qarşılanması eləcə də jurnalın xarici ölkələrdə, xüsusən Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən Azərbaycan mədəniyyət ocaqlarında Azərbaycançılıq və Turan məfkurəsinin təbliğində əsas rol oynaması ictimaiyyət tərəfindən yüksək səviyyədə qarşılandığını deməyə əsas verir.

Qeyd edək ki, 2021-ci ilin mart ayından etibarən jurnalın baş redaktoru Mübariz Yunusdur.