Xəbərlər

Lavrov çinli həmkarı ilə danışıqlar aparacaq

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli iclasları çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovun çinli həmkarı Vanq Yi ilə danışıqlar aparacağını bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Mariya Zaxarova “Sputnik”ə müsahibəsində bildirib.

Zaxarovanın sözlərinə görə, Rusiyanın baş diplomatının bu gün BMT Baş Assambleyasının sessiyası çərçivəsində 11-12 görüş keçirəcəyi gözlənilir. Zaxarova həmçinin əlavə edib ki, BMT Baş Assambleyasının sessiyası çərçivəsində çoxsaylı tədbirlər keçiriləcək.

Onun sözlərinə görə, digər görüşlər arasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yüksək səviyyəli diplomatlarının qeyri-rəsmi görüşü və BRİCS xarici işlər nazirlərinin görüşü baş tutacaq.

“Nazir BMT Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyətlə bağlı iclasında iştirak edəcək. Onun şənbə günü [BMT] Baş Assambleyasında çıxışı da planlaşdırılır”, – Zaxarova bildirib.