Şimali Atlantika Alyansının (NATO) bir sıra üzv ölkələri cümə axşamı Brüsseldə Arktika regionunda “Northlink” peyk rabitəsi şəbəkəsinin yaradılması barədə razılığa gəliblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” NATO nümayəndəsinə istinadən məlumat yayıb.
“Gərgin geosiyasi vəziyyətə görə Arktikanın strateji rolu getdikcə daha çox əhəmiyyət kəsb edir”, – məlumatda qeyd edilib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, sazişi imzalayan ölkələr arasında Macarıstan, Almaniya, Danimarka, İslandiya, İtaliya, Kanada, Lüksemburq, Hollandiya, Norveç, ABŞ, Finlandiya, Fransa və İsveç var.
“Reuters” qeyd edir ki, NATO müttəfiqləri bir neçə il ərzində kommersiya təşkilatlarının xidmətlərindən istifadə edərək və öz imkanları hesabına Arktikada peyk rabitəsini təkmilləşdirməyi planlaşdırırlar.
Daha əvvəl “Defence One” portalı Alyansın Hərbi Hava Qüvvələrinin komandanı, amerikalı general Ceyms Hekkerə istinadən xəbər vermişdi ki, NATO qısa müddətdə Rusiyaya qarşı mübarizə aparmaq üçün Arktika regionunda birgə hava əməliyyatları mərkəzi yaratmağı planlaşdırır.