Xəbərlər

“Şərq” qəzeti 28 yaşını qeyd edir

Azərbaycan mətbuatında öz tərzi ilə seçilən, yazdığı məqalələr, yayımladığı xəbərlərdə ictimai-siyasi həyatımızda mühüm rola sahiblənən “Şərq” qəzeti 28 yaşını qeyd edir.

“Füyuzat”ın məlumatına görə, 1996-cı il noyabrın 1-də Akif Aşırlı tərəfindən nəşr edilən qəzet böyük rəqabətə baxmayaraq, öz fəaliyyətini, oxunaqlığını qoruyub saxlaya bilib.

Zəmanənin tələbi – internetin doğuşu və buna paralel olaraq yeni medianın inkişafı ilə “Şərq” qəzeti yeniliklərə qapı açmış, çap mətbuatı simasında varlığını və əhəmiyyətini qorumaqla virtual yayıma başlamış, əvvəlcə “sharq.az” adı ilə xəbər saytını istifadəyə vermiş, son illərdə isə qəzetin eyni adlı internet televiziyası fəaliyyətə başlamışdır.

Hər zaman olduğu kimi, bu gün də peşəkarlığını qoruyub saxlayan “Şərq” qəzeti xəbər saytı və internet televiziyası siması ilə də cəmiyyətə dəqiq və operativ məlumatların, ictimai-siyasi hadisələrin analizlərini təqdim etməkdədir.

“Şərq” qəzeti təkcə fəaliyyət göstərməklə də qalmır, həm də jurnalistlərin yetişdiyi məktəbə çevrilməkdədir. Bu gün Azərbaycan mətbuatında fəaliyyət göstərən onlarla peşəkar jurnalist məhz “Şərq”lidir.

“Füyuzat” ailəsi olaraq, həmkarlarımıza “Əkinçi”dən, “Füyuzat”dan süzülüb gələn mətbu ənənələrimizi layiqincə davam etdirdiyi üçün təşəkkür edir, “Füyuzat”ın doğum günü ilə eyni gündə doğulmuş “Şərq” qəzetini təbrik edir, uğurlar arzulayırıq!