Ankaranın Rusiya-Ukrayna münaqişəsində vasitəçilik etmək istəyini nəzərə alsaq, Türkiyənin Ukrayna ilə hərbi-texniki əməkdaşlığı çaşdırıcıdır.
“Füyuzat”ın məlumatına görə, bunu “Hürriyet” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Təəssüf ki, Ankara Kiyev rejimi ilə hərbi-texniki sahədə əməkdaşlığı davam etdirir. Türkiyə silahları Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiya hərbçiləri və mülki şəxslərini öldürmək üçün istifadə olunur. Bu, Türkiyə rəhbərliyinin vasitəçilik xidmətləri göstərməyə hazır olduqları barədə bəyanatları fonunda çaşqınlıq yaratmaya bilməz”, – nazir qeyd edib.
Eyni zamanda o əlavə edib ki, Rusiya Türkiyənin Ukrayna böhranının həllinə kömək etmək səylərini yüksək qiymətləndirir. “Məhz Türkiyə tərəfi 2022-ci ilin yazında Kiyev nümayəndələri ilə məsləhətləşmələr üçün İstanbul platforması təqdim etdi və taxıl sazişinin bağlanmasına töhfə verdi”, – Lavrov xatırladıb.