Xəbərlər

“Qələmli və Qələmsiz: Rəşad Məcid portreti” adlı kitabın təqdimatı keçirilib

“Qələmli və Qələmsiz: Rəşad Məcid portreti” adlı kitabın təqdimatı keçirilib.

“Füyuzat”ın məlumatına görə, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə, 23 noyabr 2024-cü il tarixində Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, tanınmış şair və publisist Rəşad Məcidin 60 illik yubileyinə həsr edilmiş kitab ictimaiyyətə təqdim edilib.

Kitabda onun həyat və yaradıcılığından bəhs olunur. Kitabın müəllifləri Dünya Gənc Türk Yazarlar Birliyinin sədr müavini, AYB-nin Gənclər Şurasının katibi yazıçı-publisist Şahanə Müşfiq, DGTYB-nin idarə heyətinin üzvü, AYB Gənclər Şurasının üzvü, yazıçı Şəfa Vəlidir. DGTYB-nin başqanı İntiqam Yaşar kitaba “Ön söz” yazıb.

Kitab vasitəsilə oxucular Rəşad Məcidin yaradıcılığı və şəxsiyyəti haqda onun doğmaları – ailəsi, dostları, müəllimləri, iş yoldaşlarının ürək sözləri, eləcə də müəlliflərin məqalələri vasitəsilə dolğun məlumatlar alacaq, kitabın qəhrəmanını şair, jurnalist olmaqdan əlavə, oğul, tələbə, ata, dost kimi də tanıyacaqlar. Bir insan ziyasının ömürlərə işıq salacağı həqiqətinin anladılması da nəşrin əsas qayələrindəndir.

Tədbirdə Rəşad Məcidin qələm dostları, tanınmış ziyalılar, ictimaiyyət nümayəndələri və oxucular iştirak edib.

Tədbirdə çıxış edən xalq şairi Sabir Rüstəmxanlı, BDU-nun Jurnalistika Fakültəsinin professoru Cahangir Məmmədli, millət vəkili Elçin Mirzəbəyli, yazıçı Əli Əmirli, BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli, şair Əkbər Qoşalı, filologiya elmləri üzrə fəlsəfə doktoru Şəmil Sadiq və kitabın müəllifləri – Şəhanə Müşfiqlə Şəfa Vəli çıxış edərək Rəşad Məcidin fəaliyyətləri və nailiyyətlərindən bəhs edib, ona gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.