Tarix adətən suverenin və ya qalib olanın nəzarətində, yaxud sifarişi əsasında yazılır. Fəlsəfə isə siyasət və tarixin əməkdaşlığı əsasında yaranan doqmaların sorğulanması ilə məşğul olur. Fəlsəfənin arxeoloji qazıntı apara bilməsi üçün ilkin olaraq siyasət və tarixin əməkdaşlığına ehtiyac vardır. Ancaq bu yazının məqsədi siyasət və tarix arasındakı münasibət əsasında çağdaş Azərbaycanın siyasət və tarix problemi olduğundan bu bəhsi burada buraxıram. Modern dövlət müəyyən coğrafiyada çəpər (fence) çəkərək suveren və legitim olaraq ortaya çıxmışdır. Bu prinsipdən yola çıxanda modern zamanlarda Azərbaycanda əvvəlcə xanlıqların, ardınca isə çar və sovet müstəmləkəsinin suverenlik və legitimlik qarşısında əngəl olduğu aydın olur. Əlbəttə, Cümhuriyyət modern dünyanın bəxş etdiyi öz müqəddəratını təyinetmə haqqının təcəssümü olmuşdur. Lakin Cümhuriyyət İstiqlal Bəyənnaməsində qarşıya qoyulan hədəfləri tam mənasıyla reallaşdıra bilmədi. Yəni Cümhuriyyətin siyasəti öz tarixini yazma imkanı tapa bilmədi. Azərbaycandan siyasət və tarix əməkdaşlığı xüsusən Sovet dövründə formalaşdırıldı. Ona görə 21-ci əsrin Azərbaycanı bu reallığı nəzərə alaraq milli siyasət və tarix anlayışını nəzərdən keçirsə, daha məqbul bir nəticə hasil olacaqdır.
Modern dünyanın siyasi inşası institutların dini doktrinal əsasının sekulyarlaşması ilə başlamışdır. Siyasi dəyişiklik üçün Kral VIII Henrinin Papanın qadağasını çeynəməsi və dini doktrinanının hakimiyyətində təkid edən Tomas Moru edam etdirməsi, Fransada inqilabçıların köhnə rejimi gilyotinə layiq görməsi kimi inqilablarla mümkün olmuşdur. Bu inqilablar bəzən Rusiyada olduğu kimi köhnə siyasi elitanın edamı ilə də nəticələnmişdir. İngilis siyasəti modern tarix anlayışını ilk millət kimi; fransızlar Böyük Millət (La Grande Nation); türklər işğalçıları dənizə tökən millət kimi inşa etdilər. Azərbaycan isə modern tarix anlayışını Gülüstani-İrəmdə müstəmləkə sifarişi əsasında zəfərdən məhrum bir şəkildə çarın sifarişi əsasında yazmışdır. Axundzadənin tarix anlayışı isə daha çox İslami keçmişlə mübarizə ilə formalaşmışdır. Modern dünyaya xanlıqlar və müstəmləkə altında başlayan Azərbaycanın (qısa müddət olduğu üçün Cümhuriyyət dönəmini nəzərə almasaq) yetkin və ilkin zəfəri ancaq iki əsr sonra Şuşada mümkün olmuşdur. Yəni 21-ci əsr Azərbaycanında suverenlik məsələsini həll edən Azərbaycanın keçmişə (tarixə) dair daha müstəqil addım atacağını (sifariş) gözləmək mümkündür.
On doqquzuncu əsrin sonlarından etibarən müstəmləkənin modern təhsil sistemi içində yetişən yeni aydınlar tarixə dair modern yanaşmaları ortaya qoymağa başladılar. Ancaq müstəmləkə altında olan bir xalqın aydınlarının Rusiya (sol) və Osmanlıdan (türkçülük və islamçılıq) təsirlənəcəyi aydın idi. Yəni Azərbaycan aydınları modern dünyanın prinsiplərini Sankt-Peterburq və İstanbul üzərindən əldə etməyini yadırğamamaq lazımdır. Bu iki imperiya şəhəri Azərbaycan aydınlarının modern dünyadakı dəyişiklik və yeniliklərlə tanış etmişdir. Belə demək mümkündürsə, Nərimanov rus dili vasitəsilə, Hüseynzadə isə Osmanlı türkçəsi ilə modern dünyanı tanımışdır. Buradan yola çıxacaq və hər iki ölkənin təsirini inkar etməyən Rəsulzadə modern Azərbaycan fikrini (davasını) yaradanlardan olacaqdı…
Azərbaycanın modern siyasi tarixininin şərti olaraq Gülüstan və Türkmənçaydan başladığını qəbul etsək, siyasətin (dövlətin) müstəqil tarix yazdırmaq imkan və qabiliyyətinin iki əsr sonra Şuşanın azad edilməsi ilə mümkün olduğunu demək daha doğru olacaq. Bu səbəblə Azərbaycanda siyasət və tarix ətrafındakı müzakirə və bəzən mübahisələri anlamaq mümkündür. Keçmişin artıq siyasət və cəmiyyətin tələbat və sifarişi əsasında təkrardan yazılması məsələsi gündəlikdədir. Belə demək mümkündürsə, Azərbaycan Sankt-Peterburq (çarlıq) və Moskvanın (SSRİ) sifarişi əsasında yazılmış tarixi yenidən yazmağa çalışır. Ancaq unutmamaq lazımdır ki, bu müstəqil siyasətin sifarişi əsasında yazılacaq tarix ideallardakı deyil, reallıqdakı siyasətin tələbatı olan tarix olacaq…