Xəbərlər

Boqdanov İran səfiri ilə Suriyadakı vəziyyəti müzakirə edib

Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov və İranın Moskvadakı səfiri Kazem Cəlali Suriyada yaranan vəziyyəti müzakirə edib, tərəflər Yaxın Şərq məsələlərində yaxın koordinasiya haqqında razılığa gəliblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“Söhbət zamanı əsas diqqət Suriyada yaranan vəziyyətə yönəldilib, vəziyyətin tez bir zamanda sabitləşdirilməsi, sülhün və harmoniyanın qorunması, bu ölkədə zorakılığın və qan tökülməsinin qarşısının alınmasının vacibliyi vurğulanıb”, – nazirlik bildirib.

“Moskva və Tehran arasında Yaxın Şərq məsələlərində yaxın xarici siyasət koordinasiyasının davam etdirilməsi razılaşdırılıb”, – XİN əlavə edib.

Nazirlik qeyd edib ki, görüşdə Suriyanın suverenliyi, birliyi və ərazi bütövlüyünə hörmət əsasında Suriyada hərtərəfli nizamlanmanın təşviq edilməsinin vacibliyi vurğulanıb.