Köşə Yazıları RÖYA SALMANOVA

İnsan xatirədir

Xatırlamaq sizə nə hiss etdirir?
Xatırlamaqmı, yoxsa xatırlanmaqmı?
Xatırlamaqmı, unutmaqmı?
Xahiş edirəm, “bu nə suallardır?” deməyin.
Çünki “gün var ki, əsrə bərabərdir”. An var ki, ömrə bədəldir.
Bir də heçliyə dönüşən məqamlar var…
Xatirələrimiz isə çox qəribədir.

Onlar bizi həm olduğumuz andan uzaqlaşdırıb keçmişə aparan, həm də anın qədrini bilib dəyərini anlamağımıza kömək edən nadir izlərdir. Ona görə də bu kimi sualların cavabları çox maraqlıdır.

İnsan sözünün bir mənası da ərəbcə “unudan”, “xatırlamayan” olsa da, biz yaşadığımız müddətdə öldükdən sonra əbədi olmağa çalışan qəribə varlıqlarıq. Sanki şüurlu, ya da intuitiv olaraq yaşamla bağlı bütün cəhdlərimizin əsasında unudulmaz olmaq və bununla da sonsuzluğa çatma arzusu var. Bu səbəbdən də bir çoxları üçün “kim olmaq istəyirsən?” sualının cavabında əbədilik arzusu gizlənir. Həyatın fani, insalarınsa ölümlü olduğunu bilsək də, eqomuzdan və arzularımızdan qaynaqlanan sonsuz olma istəyi bizi həyatda unudulmaz işlər görməyə sövq edir.

Ta qədim dövrlərdən bəri insanlar unudulmamaq, “biz vardıq” mesajını vermək üçün tarixdə izlər qoyublar. Bayatımızda deyildiyi kimi:“Tikmədim özüm qalam, tikdim ki, izim qala”. Hər kəsin varlığını sübut etmə cəhdi fərqli olsa da, başlıca məqsədimiz xatırlanmaqdır. Amma hər birimiz həyatımızın müəyyən bir anında “Adını xatırlayan sonuncu insan öldükdə heç doğulmamış olacaqsan” fikrini qəbul edib əvvəl-axır mütləq sonumuzla üzləşməli oluruq. Nəticədə, bu bizə həqiqətimizi qəbul etdirən, əbədilik arzumuzun boş olduğunu göstərən bir yanaşmadır. Bu səbəbdən də mümkün qədər çox xatırlanmaq üçün çırpınırıq. Çünki xatirələr insanlar arasında könül bağı yaradan, qəlbdən-qəlbə körpü rolunu oynayan ən dəyərli vasitələrdir. Xüsusilə də birgə yaşanmış anları xatırlamaq üzümüzdə xoş bir təbəssüm yaradırsa, deməli, onlar ömrün ən dəyərli xəzinəsidir.

Təəssüf ki, bəzi insanlar özündən asılı olmayan səbəblərə görə bu xəzinəni itirə bilirlər. Məsələn, altsheymer diaqnozu qoyulan insanlar unutmaqla unutmamaq savaşında nə qədər müqavimət göstərsələr də, yavaş-yavaş hər şeyi, ən sonda isə özlərini belə unudurlar. Və sıfır nöqtəsinə qayıtdıqları üçün həyata yenidən başlamaq məcburiyyətində qalırlar. Müasir dövrdə isə unutqanlıq sadəcə patoloji xəstəlik kimi irəliləmir. Belə ki informasiya əsrində lazımlı və lazımsız o qədər məlumatla yüklənirik ki, hər gün bir az daha nələrisə unuduruq. Düzdür, həyatda hər şeyi, xüsusilə də bizi sarsan xatirələri unutmasaq, bu bizim üçün işgəncə olardı. Bu səbəbdən də bəzən yaxşı ki, unuda bilirik. Amma insan bəzi vaxtlar onu ən çox yaralayan xatirəsini belə unutmaq istəmir, çünki xatirələr ruha gözəl bir toxunuşdur. Buna görə də xatırlamaq unutmaqdan daha dəyərlidir. Bu səbəbdəndir ki, gələcəyin bilinməzliyi bizə daha maraqlı olsa da, xatırlamağın mistikası insanda keçmişə yönəlik fərqli bir cazibə yaradır.

Bir də heç fikir vermisinizmi ki, insan xatırladıqlarına görə deyil, həmin anları bir daha yaşamayacağını düşündüyü üçün təəssüflənir və hər hansı bir məkan ona nə isə xatırladanda orada həmişəlik qalmaq istəmir, çünki nostalji hissini yaradan məkan deyil, həmin yerdəki xatirələrini yenidən tərk edəcək olmasıdır. Deyəsən, bizi xatirələrimizdən çox, onlarla vidalaşmaq kövrəldir. Buna görə də əksər hallarda onları nostalgiya ilə assosiasiya edirik və xatırlamağın qəhərlənmək olduğunu düşünürük, halbuki xatirələr müxtəlif olduğu kimi hiss etdirdikləri də fərqlidir və biz xatirə arxivimizi vərəqləyəndə onlar heç də durğun irəliləmir, əksinə canlı və dinamik olur. Bəzən isə aldadıcı ola bilir. Zehnimiz ən etibarlı xatirəgahımız olsa da, xatiratımız arabir deformasiyaya uğraya bilir. Belə ki zehnimiz yaşadıqlarımızı tamamilə fərqli şəkildə xatırlaya və hətta uydurma xatirələr formalaşdıra bilər. Bunlar isə yaddaşımızın bizə oynadığı oyunlardır. Hər nə olur olsun, xatirələr bizə həyatın yadigarlarıdır. Biz o ana, o an zehnimizə və ruhumuza həkk olur. Bəziləri bir ömür bütün canlılığını qoruyarkən, bəziləri isə zamanla solğunlaşır. Bizə hiss etdirdiklərini isə daim qoruyub saxlayır.

Xatirələrimizin həyatımızdakı mahiyyəti o qədər böyükdür ki, yaşadıqlarımız simamızda, xüsusilə də gözlərimizdə əks olunur. Çünki gözlər həyatımızın səssiz şahidləridir, hər xatirəmizi dərinliklərində saxlayan gizli bir arxivdir. Buna görə də gözlər qəlbin deyil, xatiratımızın aynasıdır.

Yaş mərhələmizə əsasən, xatiratımızın həyatımızdakı mahiyyəti də dəyişir. Ömrümüzün erkən çağlarında yaşadıqlarımızdan çox, arzularımız bizim üçün daha əhəmiyyətli olur, lakin sonrakı dövrlərdə yaşadıqlarımız və yaşaya bilmədiklərimiz daha çox məna kəsb edir. Nəticədə, insan müəyyən bir yaşdan sonra gələcəyə deyil, mütləq sona yaxınlaşır. Bu səbəbdən də həyat üfüqünə baxanda onu gözləyən uzun bir gələcək görmədiyi üçün yaşadıqlarına daha çox sarılır, yeni bir günün həvəsiylə, ümidiylə deyil, ötən günlərin xatirəsiylə, həsrətiylə yaşayır və daha çox nostalji hisslərə qapılır. Və ömrün son akkordları çalınmağa başlayanda insan günləri irəliyə deyil, geriyə doğru saymağa başlayır, artıq ölüm haqqında daha çox fikirləşir. Ən əsası isə öldükdən sonra “məni xatırlayacaqlarmı, xatırlamaq istəyəcəklərmi?” deyə düşünür. Amma insan üçün əsas olan öz xatirələrdir. Çünki bizə qalan və bizdən qalanı xatirədir. İnsanlar həyati təhlükəsi olan adrenalin idmanlarını sadəcə sərhədləri aşmaq üçün deyil, o nəfəs kəsən bir anın xatirəsini ömür boyu hiss etmək üçün edirlər. Füruğ Fərruxzadın da dediyi kimi: “Quş ölər, sən uçuşu xatırla”. O uçuşun sənə nələr hiss etdirdiyini, hansı xatirələr bəxş etdiyini xatırla. Xatırla ki, yaşamda məna tapasan, xatırla ki, xatiratının qədrini biləsən. Nə deyib şair: “Həyat xatirədir, unudarsansa, ölərsən”. Mənsə deyirəm ki, unudulmaz xoş xatirələrdə əbədiyaşar olmanız diləyi ilə…

Röya Salmanova