Köşə Yazıları

Ermənistanın yeganə yolu sülhdür

30 ildən artıqdır ki, Cənubi Qafqazdakı hadisələri bir çox yerlərdə izləyən bir jurnalist kimi Azərbaycan Ordusunun Qarabağda başlatdığı hərbi əməliyyatları əsas götürərək bölgədəki problemli məsələlər ətrafında fikir bildirməyi özümə borc bildim.

  1. Qarabağdakı separatçı ermənilər və Ermənistan dövləti bundan sonra silah gücü ilə bölgədə uğur qazana bilməyəcəklərini, yəqin artıq anlayıblar. Türkiyənin diplomatik dəstəyi ilə yanaşı hərbi dəstəyini də həmişə hiss edən Azərbaycan son illərdə ordusunu modernləşdirmək və gücləndirməklə hərbi imkanlarını artırmışdır. Ermənilər artıq bu güclə bacara bilmir, bilməyəcəklər.
  2. Qarabağdakı separatçı ermənilər və Ermənistan dövləti bu günə qədər ən böyük dəstəkçilərindən biri olan erməni diasporasının onlar üçün edə biləcəklərinin maksimuma çatdığını anlamalıdırlar. Diaspora ermənilərinin, xüsusilə ABŞ və Fransadakı daxili siyasətdə sahib olduqları lobbi gücü ilə edə biləcəyi hər şey bu günə qədər etdikləri ilə sərhədlənir. Daha artıq nəsə edə bilmədilər, bilməyəcəklər.
  3. Daxili siyasət və lobbiçilik səbəblərindən ermənilərin yanında görünən ABŞ və Fransa onların yerinə Qarabağda döyüşəcək deyillər. Sadəcə həm bölgədəki, həm də bölgə xaricindəki ümumi maraqlarını təmin etmək, rəqiblərinə qarşı siyasi təzyiq vasitəsi kimi istifadə etmək məqsədilə erməni maraqlarını müxtəlif beynəlxalq arenalarda dəstəkləməyə davam edəcəklər.
  4. Bölgənin yaxın və uzaq keçmişinin bizə göstərdiyi real politika bundan ibarətdir: Bu gün və yaxın gələcəkdə Rusiyanın maraqlarına zidd, onu tamamilə rədd edən, Moskvanın qarşı çıxdığı hər hansı siyasi və hərbi addımlar bölgədə həyata keçirilə bilməz. Bununla bərabər, tamamilə Rusiya mərkəzli addımlar da atmaq olmaz. Çar Rusiyası, sovet Rusiyası və günümüz Rusiyasının bölgəyə baxışı eyni olmuşdur: Cənubi Qafqazı itirməmək. Çünki yaxşı anlayırlar ki, Cənubi Qafqazı itirmək Şimali Qafqazı da itirməklə nəticələnəcək. Bununla da bitmir. Cənubi Qafqazı əlində saxlamaq istəyən Rusiyanın başqa geosiyasi maraqları da var. Bu səbəblə Rusiya bölgədə tək söz sahibi ölkə olmaq üçün keçmişdə olduğu kimi günümüzdə də qanuni və ya qeyri-qanuni bütün qüvvələri və təşkilatlanmaları istifadə edir. Keçmişdən miras aldığı bütün qanuni və ya qeyri-qanuni yollara əl atır. Ermənistan dövlətinin artıq bu kimi reallıqları dərk etdiyini göstərən bir sıra addımlarını görürük, ancaq hələlik bunlar yetərli deyil.
  5. Ermənistan dövlətinin və Qarabağdakı separatçıların dəstək aldığı bir digər region dövləti də İrandır. Ermənistan bölgədə özünü sıxışmış hiss edir və bu səbəblə İrandan dəstək almaq istəyə bilər. Ancaq İranın ermənilərə dəstək verərkən əsas səbəbin iqtisadi-siyasi baxımdan inkişaf etmiş, rifah səviyyəsi yüksəlmiş Azərbaycanı özünün geosiyasi maraqları üçün təhlükə qəbul etməsi olduğunu unutmamalıdır. Tehranın təhdid duyğusu o qədər yüksəkdir ki, dünyanın harasında olmasından asılı olmayaraq bütün şiə məzhəbinə aid olan müsəlmanları dəstəkləyərkən, xalqının böyük çoxluğunun şiə məzhəbinə aid olmasına baxmayaraq, Azərbaycana qarşı xristian Ermənistan dövlətini dəstəkləyir.
  6. Bölgədə və bölgədən kənar yaşanan ABŞ–Rusiya, Qərb–Rusiya, Türkiyə–Rusiya, Türkiyə–İran, Türkiyə–ABŞ, Türkiyə–Qərb geosiyasi rəqabətinin bəzi vaxtlarda Ermənistan mərkəzli davam etməsini rəsmi İrəvan dərk etməlidir. Detallara girib mövzudan kənarlaşmaq istəmirəm.
  7. Ermənilərin dörd ölkə ilə sərhəddi var, dənizə isə çıxışları yoxdur. Şərqində və qərbində iki ölkə (Azərbaycan və Türkiyə) ilə düşmən münasibətlər formalaşdırması fonunda Azərbaycan və Türkiyə ilə yaxşı münasibətlər qurmuş Gürcüstanla əlaqələr davamlılıq vəd etmir. Ermənistan dövlətinin tək yaxşı əlaqələri olduğu İranın dəstəyinin isə nəyə və nə qədər bəs etdiyini düşünməlidirlər.
  8. Ermənistan və Qarabağ erməniləri artıq bir qərar verməlidirlər. Bu günə qədər beynəlxalq hüquqa, BMT qərarlarına qarşı çıxaraq formalaşdırdıqları de-fakto vəziyyət davam edə bilməz, etməyəcək. Ermənilər onları məhv edən kinlərinə, utopik iddialarına son verməli, gələcəklərini zəhərləməyi dayandırmalıdırlar. Həll yollarını minlərlə kilometr uzaqlarda axtarmaq yerinə, reallığı görüb real qərar verməlidirlər. Bu günə qədər davam etdirdikləri siyasətin sadəcə kənar güclərin geosiyasi maraqlarına xidmət etdiyini anlamalıdırlar.

Qonşuları ilə problemlərini həll etmiş Ermənistan, hüququ və real həqiqətləri qəbul etmiş Qarabağ erməniləri sülh mühitində iqtisadi, siyasi və sosial sahələrdə əldə edəcəkləri çox şey olduğunu görməlidirlər.