Əsəd Aslanoğlu Köşə Yazıları

Nizami nə qədər bizimdir?

…Onun sakit, zahidanə həyatını yalnız həyat yoldaşını və sevimli oğlunu ondan alan fani dünyanın ağır zərbələri pozurdu. Şair şahların paxıl insanlarla dolu olan saraylarına can atmadı, zahidlikdə yaşadı. Nizami xeyirxah, ali ideya və nəsihətlər carçısı, həyatın təvazökar, ağıllı və müdrik seyirçisi, duyğu dolu qəlbə malik uca bir insandır”.

İtalyan şərqşünası, akademik İtalo Pizzi

Hər dəfə fars şovinistləri Nizami Gəncəvinin İran şairi olması fikrini tirajlayanda cin atına minirik ki, böyük Nizami nə vaxtdan fars şairi olub? Son bir neçə ildə bu səs-küy daha yaxın intervalla təkrarlanır. Nə qədər qıcıqlandırıcı olsa da, bu səs-küyün müsbət tərəfləri də var. Zahirpərəstliyin, riyanın, şounun at oynatdığı mediada ara-sıra Şeyx Nizaminin adının çəkilməsi havamızı dəyişir, mənəviyyatımıza bir az çəki-düzən verir.

Amma gəlin görək, səs-küylə özümüzdən olan Nizaminin bizim olduğunu başqalarına sübut edə bilirikmi? Əlbəttə, yox. Müasir elmi camiədə bir mövzuya nə qədər vaqif olmağın o sahədə yazılan, beynəlxalq statuslu nəşrlərdə çıxan elmi məqalələrin, monoqrafiyaların sayına görə qəbul olunur. Təəssüf ki, bu mövzuda araşdırma aparsaq, heç də ürəkaçan nəticə ilə qarşılaşmırıq. Azərbaycanda müstəqillik illərindən bu günə barmaqla sayılacaq qədər elmi məqalə və monoqrafiya yazılıb. Əldə olan sanballı işlərin böyük əksəriyyəti sovet dövrü araşdırmalarının məhsuludur. Burada isə kifayət qədər boşluq var. Məsələn, şeyx təxəllüsünə rəğmən Nizaminin mənəvi kimliyindən həmişə qaçaraq, əlüstü bəhs olunub. Yaxud,  cümhuriyyətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə 1941-ci ildə yazdığı “Azərbaycan şairi Nizami” monoqrafiyası səviyyəsində böyük şairin dini-mənəvi şəxsiyyətini ifadə edən ikinci bir əsər göstərmək çətindir. Bu baxımdan Nizaminin bizim olduğunu sübut etmək üçün səs-küydənsə, ən düzgün yol yeni elmi araşdırmalar, bədii əsərlər, filmlər və s. ortaya qoymaqdır.

Acınacaqlı vəziyyətlərdən biri də onlayn ensiklopediya xarakteri daşıyan vikipediyada Nizami haqqında azərbaycanca səhifədədir. Nizami barədə söz düşəndə şairin adını çox eşidib haqqında az bilən əksər gənclərin pərt olmamaq üçün oğrun-oğrun vikipediyaya nəzər saldığını gizlətməyək. Amma hələ baxın orada vəziyyət necədir? Səhifədə Nizaminin Qum şəhərindən deyil, Gəncədən olması barədə sübutlar “sərgilənərkən” o qədər qarışıq informasiya təqdim olunur ki, istifadəçi bir az da şübhəyə düşür. Nizaminin Gəncədən olmasını, türk əsilliyini faktlarla sübut edən, digər fikirlərin sübutu olmadığını sanballı dəlillərlə dünya elmi ictimaiyyətinə qəbul etdirmiş akademik Y.E.Bertels, F.Blois kimi alimlərin adı “xala-xətrin qalmasın” kimi qeyd edilib. Amma bunlar şairin fars kökənli olmasıyla bağlı C.Meisami, J.Ripka, V.Minorski kimi şərqşünasların qərəzli qeydləri altında itib-batır. Düşünürəm ki, şairin azərbaycanca vikipediya səhifəsi yenidən redaktə olunmalı, daha aydın faktlarla zənginləşdirilməlidir.

Digər bir məsələ isə Nizaminin Gəncədəki məqbərəsidir. Məlumdur ki, şairin məqbərəsinin taleyi tarixən faciəli olub, neçə dəfə dağıntılara məruz qalıb. Buna şahidlik etmiş Seyid Əzim Şirvaninin bu barədə ürək dağlayan bir rübaisi də var:

Ey Şeyx Nizami, ey nizamı dağılan,
Ey Gəncədə izzü-ehtişamı dağılan,
Olmuşmu səninlə mən kimi aləmdə,
Beyti, evi, məktəbi, kəlamı dağılan?

Məlumdur ki, Heydər Əliyev yetmişinci illərdə Nizaminin 840 illik yubileyi ilə əlaqədar şairin məzarı üzərində layiqli bir abidənin ucaldılması barədə məsələ qaldırmış və bu gün mövcud olan məqbərənin inşasına nail olmuşdur. Son illər məqbərə ətrafında müəyyən abadlıq işləri aparılsa da, ümumi vəziyyət, xüsusən binanın daxili divarlarının durumu heç də ürəkaçan deyil. Bu məqamda adamın ağlına gəlir ki, Nizaminin məqbərəsi bəzi ziyarətgahlar kimi pul gətirən yer olsaydı, yaxud “sürüsünə bərəkət” şadlıq evləri kimi biznes obyekti kimi fəaliyyət göstərsəydi, belə halda olmazdı. İctimai qınaq olmasa, sanki belə məsələləri aidiyyəti qurumlar görməzliyə vurur. Bir neçə il öncə böyük Nəsiminin qardaşı şeyx Xəndanın Şamaxıdakı türbəsinin acınacaqlı durumunu da milli şüurlu gənclərlə bərabər ictimailəşdirmişdik. Nəticədə türbə adam üzünə çıxarılacaq duruma salındı. İndi Nizami barədə səs-küy salmaqdansa, heç olmasa, məzarına qayğı ilə yanaşsaq, gənclərimizdə də o böyük şəxsiyyətə sevgi yaradarıq.

Bu qəbildən saymaqla bitməyən problemlər çoxdur. Burada bir neçəsinə toxunmaqla yadınızda qalmasını istədik. Nizaminin Azərbaycana məxsusluğunu sübut etmək üçün çox səs-küyə ehtiyac yoxdur, elə onu sevərək oxumaq, oxutmaq kifayətdir, qalan hər şey bir-birinin ardınca gələcək. Yaxşı deyiblər ki, kitabları oxumamaq onları yandırmaqdan daha böyük günahdır. Gəlin özümüzə vicdani sual verək: həqiqətən bu gün Nizamini nə qədər oxuyuruq? Oxumuruqsa, bizə məxsusluğunu sübut etməklə nə dəyişəcək? Sevmiriksə – qoruya, qorumuruqsa – sevə bilərikmi?