Köşə Yazıları Ş.Mahmud

Uşaqlara ədalətsizliyi öyrətməyək!

Bugünkü ailələrimizə nəzər salsaq, bəlkə də, yanlış münasibət və tərbiyənin nəticəsi olaraq bəzən uşaqların içində qısqanclığın yaranmasını, bəzən sonradan uşağın valideynə qarşı çıxmasını müşahidə edərik. “3 və ya 4 övladım var, amma fılankəsi daha çox istəyirəm” kimi fikirlər düzgün deyil. Sevgi və şəfqət bərabər paylanmalı, bərabər bölünməlidir. Əgər bərabər bölməsən, artıq uşağa ədalətsizlik öyrətmiş sayılarsan. Uşağa ədalətsizliyi öyrətmək sabah onun ədalətsiz olması deməkdir. Onun ədalətsiz hərəkətlərinə yol açmaq deməkdir. Bu həm bugünkü cəmiyyətimiz, həm də gələcək üçün çox ağır nəticələr verə bilər.

İngiltərədə bir cəmiyyət uşaqları iki hissəyə ayırıb onların üzərində 6 ay tədqiqat aparmışdır. 6 ay müddətində uşaqların bir hissəsi sırf bir-birini vuran, döyən, yəni zorakılıq göstərən film və verilişləri seyr etmiş, digər hissəsi isə sevgi, şəfqət, tərbiyə, vətən sevgisi aşılayan proqramları izləmişlər. Sonrakı 6 ay verilişləri kəsmiş və bütün verilişlərə baxmağı onlara qadağan etmişlər. Nəticədə, uşaqların baxdığı film və verilişlərin təsiri altında bir-biri ilə münasibət qurduqlarını müşahidə edilmişdir. Ona görə də valideynlər televiziyada uşaqların hansı proqrama baxmasını seçməlidirlər. Xüsusən reklamları uşaqlar çox maraqla izləyir. Bəzən reklamlarda milliliyimizə, mənəviyyatımıza uyğun olmayan səhnələr gedir. Milli-mənəvi dəyərlərimizə zidd olan bu tip görüntülərdən övladlarımızı qorumalıyıq.

Uşaq çox mürəkkəb və zəngin bir dünyadır. Böyük mütəfəkkirlərdən biri belə deyir: “Biz – bizdən əvvəlkilərin yetişdirdikləri və biçdikləriyik. Bizdən sonrakılar isə bizim səyimizin səmərəsi olacaqlar”. Deməli, uşağın yetişməsində mühüm məsələ yetişdirənin  – ilk məktəb olan ailənin üzərinə düşür. Bu məsələdə ailə sözün həqiqi mənasında çox ehtiyatlı davranmalıdır. Çünki uşaq gözünü açarkən görüb-götürdüyü hər şeyi ilk olaraq öz valideynindən öyrənir.

Uşaq bizi təqlid edir. Çox diqqətli olmalıyıq, çünki biz sabahımızı yetişdiririk. Sabah bizə baxacaq, çətin anımızda əlimizdən tutacaq, bizi qocalar evinə atmayacaq, başının üzərində, gözünün üstündə saxlayacaq nəsli yetişdiririk. Əks təqdirdə, sonradan “vay” deyib dizimizə çırparıq.

Uşaq gözünü açıb doğrunu, haqqı-həqiqəti öyrənir. Bu öyrənmə müddətində haqqın, həqiqətin içərisində uşağa sevgini, şəfqəti öyrədəcəksən. Ətrafla ünsiyyət qurmağı, ailə içində bacı-qardaşıyla mehribanlığı öyrədəcəksən. Bununla bərabər, milli xüsusiyyətlərimizi anladacaqsan. Qoy bundan sonra evinizin içində uşaqların görüb öyrəndikləri milli adət-ənənələrimiz, dinimiz olsun. Çəkinməyək, qorxmayaq, yadlaşmayaq, yadlardan götürməyək, yadın küləyi, havası çox tez keçər. Qoyun uşaq vətən sevgisini, Qarabağımızda şəhid olmuşları tanısın… Uzaq-yaxın məkanlarımızı, itirdiyimiz tarixi torpaqlarımızı tanısın. Uşağa milli yeməklərdən tutmuş, milli adət-ənələrə qədər bütün milli gözəlliklərimizi öyrədin.

Övladlarınızı gələcək düşüncə üçün hazırlayın ki, gələcəyi görüb-anlamağı bacarsınlar, gələcəkdə öz yerlərini tutub mövqelərini möhkəmlədə bilsinlər. Bu gün övladlarımız zəmanəmizin texniki tərəqqisi və çox böyük informasiya axını içərisindədirlər. Əgər vaxtilə ancaq ailə tərbiyəsi içərisində idilərsə və gördükləri yalnız valideynləri, qohum-qonşuları idisə, bu gün artıq  evimizin içərisində televiziya kimi bir “tərbiyə qutusu” var. Bəziləri “televiziya və radionun üstündən tamamilə xətt çəkək” deyirlər. Bu yalnış bir fikirdir. Televiziya xüsusilə öz milli dilində gözəl danışan aparıcılarımızın sayəsində dilin və dünya görüşünün formalaşmasında, texniki tərəqqinin tanınmasında böyük rol oynayır. Ümumiyyətlə, televiziyada gənclər üçün proqram hazırlayanların boynuna çox böyük məsuliyyət düşür. Uşaq-gənclər redaksiyası tərbiyəvi və vətənpərvər verilişlərin hazırlanması üçün əllərindən gələni etməlidirlər.

Tərbiyəni gözəl qurun, əks halda, bir gün “Mən belə övlad böyütməmişdim” deyib fəryad edəcəksiniz. Bir gün küçələrə, yollardakı izlərə, “Verin, qaytarın mənə övladımı” deyəcəksiniz. Siz özünüz bu gün cib yaran, oğurluq eləyən, başqasının əmlakına göz dikən biri olsanız, sabah sizin övladınız vətənindən oğurlayar, torpağını satar, narkotik maddələrə, içkiyə qurşanar, üzünüzə ağ olar.  Bir gün özümüzə, bəlkə də, vicdanımıza üz tutaraq fəryad edərik: “Bu nə övladdır mən yetişdirdim, Allah”. Onda gəlin əllərimizi başımıza və dizlərimizə vurmayaq, gəlin vətən xainləri, vətəni satanlar yetişdirməyək. Gəlin, vətən müdafiəçiləri yetişdirək. Macarıstanda belə vətənini müdafiə edən, şərəfi üçün, vətəni üçün döyüşənləri yetişdirək. Gəlin, şəhid olmağı bacaranları yetişdirək. Sabah qocalar evinə atılanda, yaxud ac-susuz qalanda, əlimiz tutmayanda, evdən çölə çıxa bilməyəndə və övladlarımız bizə baxmayanda kimləri isə ittiham etməyək.