Köşə Yazıları Ramin Paşazadə

Doğma Bakının yad binaları

Bakının mərkəzi küçələrindən keçən, bəlkə də, çox az sakin ayaq saxlayıb tarixi binalara nəzər salır. Əsasən, Bakı milyonçularının tikdirdikləri həmin binalar adama sanki açıq hava muzeyini xatırladır.  Gözəlliyinə görə bir-birilə bəhsə girən memarlıq nümunələri həm də o dövrün havasını saxlayır. Ümumiyyətlə, XIX əsrin sonları, XX əsrin əvvəlləri Bakı memarlığı üçün səciyyəvi dövrdür. Bakının ən önəmli binaları məhz həmin dövrdə inşa edilib. Sanki həmin dövrdə Bakı milyonçuları bina tikdirmək yarışında bir-birilə bəhsə girib.  İndi də Bakı memarlığını əsasını, əsasən, həmin dövrün binaları təşkil edir.

Həmin binaların yanından yolum düşəndə bu tikililərin möhtəşəmliyinə və əzəmətinə biganə qala bilmirəm. Amma hər dəfə beynimi məşğul edən bir sual məni çox narahat edir. Bu gözəl binaların bizim türk, müsəlman, ümumən şərqli kimliyimizə yaxından-uzaqdan nə aidiyyatı var? Bakı milyonçuları hansı səbəbdən Qərbin intibah memarlığına yüksək heyranlıq duymağa başlamışdılar? Nə üçün onlar Şərq memarlığına maraq gösətmirdilər?

Bu sualın çox sadə bir cavabı var. Bakı Milyonçuları şəhərin neftini əsasən Qərbə satırdılar. Belə olduqda da, onların Avropa iş adamları, Qərb şirkətləri ilə yaxın münasibətləri yaranırdı. Avropaya işgüzar səfərlər edən Bakı milyonçuları orada gördükləri yeniliklərdən vəcdə gəlirdilər. Müsəlman balaları buraları görüb vətənə qayıdanda karvarsarayları, hamamları, məscidləri köhnə mədəniyyətin qalıqları bilirdilər.

Qərb həmin vaxt ikinci sənaye inqilabını yaşayırdı. Avropada böyüyən sənaye sürətlə sosial-iqtisadi, həmçinin, elmi-texnoloji dəyişliklərə gətirib çıxarmışdı. Amma Bakı milyonçularınıın diqqətini daha çox çəkən əyləncə həyatı idi. Avropanın madmazelleri, dördtəkərli maşınları, qumarxana-otelləri müsəlman balaları üçün daha cazibəli görünürdü. Ona görə də, həmin həyat tərzini Bakıya gətiməyə çalışırdılar.

Əbəs deyil ki, indiki Bakı Filarmoniyasının binası o vaxt zənginlərin əylənməsi üçün tikilmişdi. Həmin bina Bakı milyonçularının qumarxanası kimi fəaliyyət göstərib. Binanın memarı Qavriil Ter-Mikelov bunu üçün Monakkonun Monte-Karlo şəhərinə ezam edilir. Ordakı Monte-Karlo Filarmoniyasının layihəsinin eynisi əsasında qayıdıb Bakıda filarmoniyanı inşa edir.

Maraqlısı burasındadır ki, həmin vaxt tikilən binaların bir çoxu Avropadakı binaların dublikatı idi. Məsələn, Səadət Sarayı buna bariz misal ola bilər.  Milyonçu Murtuza Muxtarov həyat yolaşı ilə Venesiyada əsrarəngiz bir binanın qarşısından keçirlər. Onun xanımı həmin binaya valeh olur.  Murtuza Muxtarov bunu görüb həmin binanın eynisini Bakıda tikdirib xanımına surpriz eləyir.

Qəribədir ki, həmin dövrdə Qasım bəy Hacıbababəyov, Zivər bəy Əhmədbəyov kimi yerli mühəndis-memarlarımız da var idi. Amma, nədənsə, Bakı milyonçuları öz mülklərinin tikintisini daha çox qeyri millətlərdən olan şəxslərə həvalə edirdilər.

Amma bu o demək deyil ki, bütün binalar Avropadan “oğurlanmış” çertyojlar əsasında tikilirdi. Memar-mühəndislərin müstəqil layihə kimi tikdikləri bir sıra binalar da vardı. Bakının həmin dövr binalarının bir çoxunun müəllifi milliyətcə polyak olan İosif Qoslavski Bakının baş memarıydı. Hacı Zeynalabdin Tağıyevin demək olar ki, bütün mülklərini Qoslavski layihələndirmişdi. Amma təssüf ki, polyak memar Bakını daha çox Şərqi Avropa şəhəri kimi görürdü. Ona görə də, onun binalarının tərzi daha çox Şərqi Avropa memarlığını özündə daşıyırdı.

Ümumiyyətlə, həmin dövr fotolarına baxanda Bakını hansısa Avropa şəhəri ilə səhv salırsan. Bəlkə də, avropalı turistlərin Bakını özlərinə doğma bilməsi bununla bağlıdır. Çünki Bakı bizdən çox onların memarlığının şəhəridir. Necə deyərlər, Bakı bizimdir, memarlıq onların.