Köşə Yazıları Murad Əziz

İnsan olmadan sənət ola bilərmi?

Texnologiyanın inkişafı ilə birlikdə müxtəlif sənət sahələri daha da produktivləşir. Son illərdə musiqi, rəsm, ədəbiyyat kimi incəsənət sahələrinin süni intellekt və alqoritmlərə inteqrasiya prosesi artmaqdadır. Sənət ənənəvi olaraq insan faktoru və insan yaradıcılığı ilə birbaşa əlaqəli olsa da, bu alqoritmlərin gətirdiyi yeniliklər qarşısında haqlı olaraq “İnsan olmadan sənət ola bilərmi?” sualı meydana çıxır.

İstər ənənəvi, istərsə də müasir sənət sahələrində süni intellekt artıq bir neçə insanın görə biləcəyi işi əvəz edəcək dərəcədə inkişaf edib. Süni intellektdən ən çox faydalanan sahələrdən biri də dizayndır. Saatlarla bir qrafik rəssamın ortaya çıxaracağı işi artıq süni intellekt vasitəsi ilə bir neçə dəqiqəyə əldə etmək mümkündür. Bu, şirkətlərə həm maddi, həm də zaman baxımından çox sərfəlidir. Belə olduğu halda süni intellektə olan tələbat insan faktorunun aradan qalxmasına səbəb ola və kütləvi işçi ixtisarına gətirib çıxara bilər.

“Zamanla süni intellekt seli bütün sahələri insansızlaşdırmağa nail olacaq” fikri bəzi insanları təlaşlandırır. Bəziləri isə süni intellekti sadəcə texniki vasitə olaraq görür və ondan istifadə etməklə işini necə daha çox irəli apara biləcəyini düşünür. Bu alqoritmlərə işimizi əlimizdən alacaq qorxulu resurs kimi deyil, əksinə, əlimizin altındakı alət kimi baxmağımız doğru olar. Razı olduğum bir fikir var ki, gələcəkdə süni intellekt insanların işini əlindən almayacaq, süni intellektdən istifadə edə bilməyənlər işsiz qalacaqlar. Yəni, bir müəssisədə çalışan bir neçə işçidən hansı müasir texnoloji imkanları daha gözəl istifadə edə bilirsə, şirkət ona daha çox ehtiyac duyacaq. Buna məruz qalmamaq üçün texnologiyanın sürəti ilə ayaqlaşmaq məcburiyyətindəyik.

Əlbəttə ki, süni intellektin dizayn sahəsindəki rolu olduqca önəm daşıyır və bu rol getdikcə artır. Süni intellekt dizaynerlərə daha sürətli və effektiv imkan təqdim etməklə yanaşı, onların işini asanlaşdırır və dizaynın keyfiyyətini artırır. Bir çox mütəxəssislər süni intellektin sahələr üzərindəki potensialını vurğulayır və bundan istifadəni qaçılmaz görürlər. Artıq “Adobe” şirkəti öz məhsullarının üzünə süni intellektin qapısını açıb. Şirkətin vitse-prezidenti Skott Belski: “Süni intellekt dizaynın gələcəyi olacaq. Dizaynerlər süni intellekt vasitəsi ilə daha sürətli və yaradıcı olacaqlar”, – fikrini müdafiə edir. Günümüzdə bu alqoritmlərin hazırkı potensialını gördükdə gələcəkdə onun hansı səviyyəyə yüksələcəyini düşünmək insanı həyəcanlandırır.

Süni intellekt vasitəsi ilə dizaynerlər daha sürətli nəticə ala bilir və doğru qərarlar verə bilirlər. Bir loqonun rənglərini müəyyən etmək üçün saatlarla vaxt itirmək yerinə bir neçə dəqiqəyə süni intellekt alqoritmləri vasitəsi ilə uyğun rəng kombinasiyasını əldə etmək mümkündür. Süni intellekt təkcə texniki tərəfdən deyil, həm də yaradıcılıq baxımından dizaynerlərin köməyinə çatır. İstənilən proyektin əmrlərini alan algoritm konseptə uyğun dizayn həlləri verə bilir.

Saydığımız müsbət cəhətlər süni intellektin mənfi xüsusiyyətlərini nəzərimizdən qaçırmamalıdır. İnsansızlaşdırma missiyasına xidmət edən bu resurslar hələ də tam təkmilləşməyib və bizə doğru olmayan məlumatlar verə bilirlər. Verilən əmrlərin nəticəsində yaradacağı insan rəsmini natamam təqdim edə bilir və dizaynerə əlavə işlər çıxarır. Fikrimcə, “yaradıcı” görünən bu resurslar insan yaradıcılığını məhdudlaşdırır və hətta zamanla yaradıcılığın kütləşməsinə yol açır.

Unutmamaq lazımdır ki, insan zəkasının ölçüsü və gücünü əvəz və təyin edəcək heç bir vasitə yoxdur və ola da bilməz. Bunu yaratmağa çalışsalar da, bu vasitənin adı “süni” olduğu kimi, keyfiyyəti də təbii varlıq qarşısında süni və aciz olaraq qalacaqdır.