“…Lənət olsun o günə ki, maarif və mədəniyyət qapıları bizim üzümüzə bağlanıb bizi cəhalət və vəhşaniyyət vadisində sərgərdan qoydu…”
(Üzeyir Hacıbəyli)
“Maarif adam” formulu
Yazıya böyük maarifçi və şəxsiyyət Üzeyir bəydən bir sitatla başlamamız təsadüfi deyil. Onun təhsil, maarif və publisistikaya olan baxışında bir əsas motiv dayanıb: bu 3 predmetdən şəxsiyyət amilini formalaşdırmaq…
Amma necə? Milli özünüdərkdən keçmiş, mənəvi oyanış yaşamış, zəkanın ucqar nöqtələrində Vətən naminə “gəzişən” bir şəxsiyyət… Elə Üzeyir bəyin özü kimi…
O, ruhunda, təfəkküründə, əxlaqında, hər zərrəsində Azərbaycanı şifrələyib, Azərbaycanı daşıyıb.
Azərbaycan bir mahiyyət olaraq musiqilərində, əsərlərində, yazı və məqalələrində onunla gəzib…
Üzeyir bəy bu mahiyyətin şifrələrini ömrü boyu, bütün fəaliyyət istiqamətlərində açmağa çalışıb. Özü də harada:
– “Şəbi-hicran” xorundakı kosmik şikayət, səmavi hayqırtı ilə;
– “Uvertura”dakı oyanış, hər şeyə rəğmən dirilişə can atma ilə;
– “Sevgili canan” və “Sənsiz”də Şərqin əsrlərdir çatmaq istədiyi daxili “mən”ə varma və ilahi kamillikdə itmək istəyi ilə…
– O taylı, bu taylı Azərbaycanın sərhədlərindən də geniş “Arazbarı” ilə…
Və bir də maarif, təhsil, məktəb anlayışlarının üzərinə qoyduğu xüsusi tələb, onlardan bəslənən gözlənti ilə…
Bəyin məqalələrində maarif, məktəblə bağlı səsləndirilən fikirlərin alt qatında məktəb şəxsiyyəti formalaşdıran bir mənəvi mexanizm, müəllim isə şəxsiyyəti quran bir fərd kimi əks olunub. Böyük Üzeyir bəyin təhsilə aid görüşləri əslində “Şəxsiyyət mühəndisliyi” formulu üzərində cəmləşib…
Müəllim intellektual ərazi vahidi kimi…
Maarifçilik tarixinin ünlü simaları haqqında oxuyarkən, bu istiqamətdə müəyyən tədqiqat işi apararkən bir fikir bizi hər zaman düşündürüb: XX əsrin əvvəllərində min bir zillətlə müəllimlik edən, şagirdləri üçün az qala həyatını belə əsirgəməyən, zəlzələdə dağıntılar arasından bir neçə gündən sonra sağ-salamat çıxarılan zaman ilk olaraq şagirdlərini soruşan Ömər Faiq Nemanzadə ilə 2023-cü ildə Zaqatalanın ucqar dağ kəndində çalışan, sərt hava şəraiti üzündən böyrəklərini ağır xəstələndirsə də, şagirdlərindən əl çəkməyən bir yaxın müəllim dostum arasında nə kimi əlaqə var?
Həmçinin dərs dediyi məktəbdə ona atılan iftira ucubatından şagirdlərinin gözündə müəllim dəyərini itirməsin deyə həyatına son qoymağa cəhd edən Süleyman Sani Axundovla Goranboyun bir dağ kəndindəki məktəbə varmaq üçün hər gün saatlarla yol qət edən, yarı maşın, yarı at, yarı piyada mənzil başına çatan bir başqa müəllim dostum arasında hansı əlaqə var?
Nümunələri, təbii ki, çoxaltmaq olar. Amma paralellik üçün bu ikisi də bəs edər. Mən cavabı bir müddətdən sonra tapdım: insanın gen yaddaşı olduğu kimi, sən demə, bir missiyanın, bir məsləyin də özünün genetik yaddaşı olurmuş. Həmin yaddaş bir Vətən olaraq zaman və məkan məfhumuna baxmadan öz xidmətçilərini, onun uğrunda savaşan hər kəsi bağrına basır və onlara öz dəyərlərini köçürərək aralarında bu cür mənəvi bağ yaradarmış. Ömər Faiqlə Zaqataladakı gənc müəllim dostumu da elə bu “Yaddaş qohumluğu” birləşdiribmiş… Maarifin, təhsilin genetik kod olaraq ruhunda yaşadan insanlar bizə hər zaman fərddən şəxsiyyətə gedişin düsturlarını oxumağa çalışdılar…
Onlar bu gün də həmin düsturu cəmiyyətin qulağına pıçıldamaqdadırlar. Üzeyir bəy, Sabir, Mirzə Cəlil, Firudin bəy Köçərli, Molla Tağı Sidqi sizcə, indi cəmiyyətin qulağına nələri pıçıldayır? Suala cavab vermək asandır, bunun üçün onların əsərlərinə azacıq da olsa müraciət etsəniz kifayətdir…
Onları və davamçıları olan həmkarlarının fəaliyyətini, yanğılarını izləyərkən özüm üçün daha bir nəticə hasil etdim: müəllim həm də intellektual ərazi vahidi kimi dəyərləndirilməlidir. Necəsini deyim: müəllimin formalaşdırdığı intellektin, təlimin rüşeymlərini ruhuna, beyninə əkdiyi uşaqlar bu məhsulu hər zaman özü ilə daşımaqdadırlar. Onlar böyüdükcə, daha geniş ərazilərə yayıldıqca müəllimin də ərazi vahidi özü-özlüyündə genişlənir, böyüyür. Çünki o hər zaman intellekt ötürdüyü insanlarladır. Sonradan böyük kişi və qadınlara çevrilən bu uşaqlar müəllimi də özləri ilə daşıyıblar, müəllim ruh və intellektin ölçü vahidi kimi hər zaman onlarla olub… Təkcə olmayıb, həm də şüuraltı olaraq onları bir şəxsiyyət kimi qurub… Yəni şəxsiyyət mühəndisliyi işini həyata keçirib. Əsl maarifçi də məhz bu cür olmalıdır. Onun şagird, toplum, cəmiyyət üzərində müəllimlik funksiyası başa çatdıqdan sonra şüuraltı olaraq ikinci böyük missiyası başlayır – ŞƏXSİYYƏT MÜHƏNDİSLİYİ…
Şəxsiyyət mühəndisliyi üçün praktiki üsullar
Şəxsiyyət mühəndisliyi missiyasının praktiki məkanı sinif otağı yox, insanın şüuru, yaddaşı və psixoloji aurasıdır. Müəllim bu aurada necə qalacaqsa, mühəndislik fuknsiyasını da o cür yerinə yetirəcək. Amma bir məsələyə xüsusi diqqət edək: elə şəxsiyyət mühəndisliyi missiyasının da alt bazası, bünövrəsi elə sinif otağında formalaşır. Şagirdini şəxsiyyət, cəmiyyət üçün lazımlı kadr gözündə görən müəllim onu yalnız əzbərçi faktlarla yükləmir, situasiyaya görə düzgün qərarvermənin modullarını öyrədir, düşüncə dənizinin sahillərinə çıxarır, üzməyin ilk elementlərini ona başa salır. Bu istiqamətdə bir neçə nümunəyə diqqət edək. Məsələn, bir müəllim nə etməlidir ki, o, sonradan şagirdin ruhi və intellektual yaddaşında şəxsiyyət mühəndisi kimi gəzişə bilsin? Nümunələrə baxaq:
Dərs prosesində müəllim:
Situasiyaya görə dəyərləndirmə və qərarvermə – VIII sinif şagirdi fakt olaraq Çaldıran döyüşünün nə zaman baş verdiyini bilməyə bilər. Təbii ki, tarixi bilgi olaraq bunu bilməsi arzuolunandır. Amma rəqəmlərlə, xronoloji bilgilərlə arası olmayan şagird həmin ili unuda bilər. Bu o demək deyil ki, müəllim şagirdin biliyini yalnız bu və bu kimi digər verilənlər bazası əsasında qiymətləndirsin. Xeyr, Çaldıran döyüşünün baş vermə ilini bilmək təhsilalanın savad yox, yaddaş üstünlüyüdür. Müəllim şagirdin bilik və düşünmə qabiliyyətini situasiya əsasında qiymətləndirə və onun gələcək təhsil karyerası üçün böyük motivasiya yarada bilər.
NÜMUNƏ: Müəllim şagirdə: 1514-cü il… Makunun Çaldıran düzü… Səfəvilərin şahı İsmayılla Osmanlı sultanı Səlimin orduları üz-üzədir. Sən bu situasiyada özünü görsən, Şah İsmayılın yerinə ordunu idarə edəsi olsan, döyüşün baş verməməsi üçün hansı addımı atardın?
Sultan Səlimin yanına elçilər göndərən zaman onlara sultana nə söyləməklərini tapşırardın?
İlk baxışdan nisbətən sadə görünən bu nümunə şagirdin təxəyyül dünyası, situasiyaya görə qərarvermə bacarığını həm sınaqdan keçirmək, həm də onu inkişaf etdirmə baxımından çox mühümdür.
Diqqət edin, burada döyüşün başvermə ilini müəllim özü deyir, məkanı özü təsvir edir… O, əksər həmkarı kimi bu bilginin şagirdinin yeganə üstünlüyü kimi görmür. Müəllimi bu zaman şagirdin yanaşma tərzi, təfəkkür süzgəcinin variativlik dərəcəsi maraqlandırır. Müəllim bilir ki, şagird onun təklif etdiyi situasiyanı özününküləşdirə bilsə, yaddaş hadisəsi olan “1514” bilgisini də asanlıqla yadda saxlaya biləcək. Amma onun bilik göstəricisi bu fakt yox, situasiya ilə bağlı etdiyi təxminlər və verdiyi qərarlar olacaq.
Bu cür nümunələrin sayını və analoji metodları növbəti yazılarımızda təqdim edəcəyik. İndilik isə bir məsələ bizim üçün sual altında qalır: Bugün müəllimlikdən şəxsiyyət mühəndisliyinə adlayan nə qədər müəllimimiz var?
Bəlkə, “bu günün təhsili necədir?” sualına bir də bu rakursdan cavab arayaq…
Elmin Nuri
Elm və təhsil məsələləri üzrə tədqiqatçı, STM-in sektor müdiri