Aktual

Ekspert: “Müharibə genişlənəcək və bu, Yaxın Şərqdə müəyyən dəyişikliklərə səbəb olacaq”

Bir neçə gündür Yaxın Şərqdə on illiklərdir davam edən İsrail–Fələstin münaqişəsi yenidən alovlanıb. HƏMAS-ın anidən İsrailə hücumu, buna cavab olaraq İsrail ordusnun anti-terror əməliyyatlarına başlaması fonunda bölgədə tək hərbi deyil, eyni zamanda humanitar problemlər də ortaya çıxmağa başlayıb.

Ən əsası isə dünya mediasında münaqişənin genişləməsi təhlükəsindən geniş şəkildə bəhs edilməyə başlanılıb. Yaxın Şərq kimi həm dini, həm də siyasi, həm milli, həm də iqtisadi – bir sözlə, bütün sahələrdə mürəkkəb beynəlxalq münasibətlər sisteminə malik bir bölgədə münaqişənin yayılması faciəvi nəticələr doğuracaq.

“Füyuzat” mövzu ilə bağlı siyasi məsələlər üzrə ekspert Tural Əliyevin fikirlərini öyrənib. O bildirib ki, hazırda Yaxın Şərqdə baş verənlər heç kimi təəccübləndirməməlidir:

“Çünki 20-ci əsrin əvvəllərindən bölgədə ciddi hadisələr cərəyan etməyə başladı. Xüsusilə dünya müharibələrindən sonra regionda sabitlik yaratmaq üçün BMT “ikili dövlət” variantını təklif etdi. Bu dövlətlərdən biri İsrail, biri isə Fələstin idi. İsrail öz müqəddəratını həll etdi və 1948-ci il 14 mayda öz müstəqilliyini elan etdi. Fələstin isə bunu bacarmadı. Son 75 il ərzində dəfələrlə ərəb–İsrail müharibələri baş verdi və bunların çoxunda da İsrail ərəb koalisiyalarına qalib gəldi. 2007-ci ildən sonrakı tarixə baxsaq, deyə bilərik ki, HƏMAS Qəzza zolağında nəzarəti ələ keçirə bildi. Həmin tarixdən sonra HƏMAS dəfələrlə İsraili raket atəşinə tutub. Ancaq bu günə qədər cəmi dörd dəfə ciddi toqquşma ilə qarşılaşdıq: 2008–2009-cu illər, 2012, 2014 və 2021-ci illərdə. Sonuncu dəfə 2021-ci ildə toqquşma baş verdi və bu toqquşma zamanı müəyyən dərəcədə qalıcı olmaqla atəşkəs əldə olundu. 2023-cü ilin oktyabrında başlayan toqquşmalar isə daha qanlı formada davam edir və məcrasından çıxmaqdadır. Bir çox ekspert və mütəxəssislər də münaqişənin yayılmasından ehtiyat edir. Biz bilirik ki, istər HƏMAS, istərsə də Livanda möhkəmlənmiş Hizbullah təşkilatları proksi təşkilatlardır. Bu təşkilatlar üzərində, əsasən, İranın təsiri olsa da, HƏMAS həm də bir çox ərəb dövlətlərindən ciddi dəstək alır, onlar tərəfindən silahlandırılır. Buna baxmayaraq ön plana İran çıxır”.

Ekspert İranın Yaxın Şərq siyasətindən danışıb:

“İran həmin bu proksi təşkilatların əli ilə İsraili zərərsizləşdirmək, onu öz sərhədlərindən uzaq tutmaq və s. kimi məqsədlərinə çatmaq istəyir. Rəsmi Tehran bu yaxınlarda elan etdi ki, əgər İsrail quru əməliyyatlarına başlayarsa, o halda İran da bu məsələyə qarışacaq. Ancaq sonradan bu açıqlamaya belə bir düzəliş edildi ki, İran əgər İsrail Hizbullahı hədəf alarsa və münaqişə İran sərhədlərinə yaxınlaşarsa, mübarizəyə qoşulacaq. Yəni görürük ki, münaqişənin alovlanmasından sonra İran tərəfi bir neçə dəfə öz bəyanatlarında dəyişikliklər edib. Bunun da bir sıra səbəbləri var. İran Yaxın Şərqdə münaqişəyə qatılmaq istəmir. Ancaq İsrail HƏMAS-ı məhv edə bilsə, daha sonra isə Hizbullah ilə münaqişə başlasa, o halda müharibə ocağı Livana və Suriyaya yayılacaq. Suriyada isə bir çox dövlətlərin dəstəklədiyi müxtəlif təşkilatlar var. Nəticədə İran da bölgədə ona bağlı qrupları İsrailə qarşı mübarizəyə qoşa bilər ki, bu da İran–İsrail qarşıdurmasına çevrilə bilər. Hazırda bu sual ətrafında da ciddi müzakirələr gedir. Təbii ki, tərəflər açıq mübarizəyə başlamaqdan ehtiyyat edir. Lakin İran da anlayır ki, əgər Yaxın Şərqdə onun dəstəklədiyi təşkilatların varlığına son qoyulsa, bu, artıq bütün təhlükələri İran sərhədlərinə yaxınlaşdıracaq. Məhz bu halda İran özü birbaşa müharibəyə qatılacaq”.

Ekspert müharibənin genişlənmə ehtimallarını belə dəyərləndirib:

“Bu müharibə isə təkcə İran–İsrail müharibəsi olmayacaq. Müharibədə ABŞ, Böyük Britaniya, İranla münasibətləri pis vəziyyətdə olan digər koalisiya qüvvələri də iştirak edəcək. Artıq Konqresə də senatorlar tərəfindən müəyyən təkliflər edilib ki, İranı cəzalandırmaq üçün ABŞ İsrailə daha böyük həcmdə dəstək verməlidir. Qeyd edək ki, ABŞ Dövlət Departamentinin rəhbəri münaqişə başlayandan sonra ikinci dəfə İsrailə səfər edib və İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşüb. Ümumiyyətlə çox ciddi hadisələr baş verir. Nəzərə alsaq ki, Yaxın Şərq “barıt çəlləyi”dir və burada həm dini-milli aspektlərdə, həm də enerji və digər iqtisadi sahələrdə dünya dövlətlərinin maraqları toqquşur bu dəfəki toqquşmaların daha öncəkilərdən daha geniş və ciddi olacağını deyə bilərik. Bu yaxınlarda Hindistanda keçirilən G20 zirvəsi zamanı Hindistan–Yaxın Şərq–Avropa dəhlizinin yaradılması barədə razılığın əldə olunması da proseslərin daha da kəskin müstəvidə davam edəcəyindən xəbər verir. Beləcə, müharibə genişlənəcək və bu, Yaxın Şərqdə müəyyən dəyişikliklərə səbəb olacaq. Ən başda isə İraq və İran dövlətləri də bu müharibənin bir hissəsinə çevriləcəklər”.