Bu gün Azərbaycan poeziyasının ən səmimi və duyğulu imzalarından biri, Xalq şairi Vaqif Səmədoğlunun doğum günüdür. O, 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində dünyaya göz açıb.
Vaqif Səmədoğlu kədəri də, sevinci də çox sadə, amma insanın ürəyinə toxunan bir dillə yazırdı. Şair həyatın içindəki o gizli məqamları bizə bir-bir göstərir.
“Füyuzat” olaraq oxucularımıza şairin poetik dünyasının rənglərini əks etdirən şeirlərindən birini təqdim edirik:
Gecənin dağınıq qaranlığından,
Keçib düz dənizə üz tutur külək,
Yelkənlər küləklə dolmaq istəmir,
Bu külək dənizin nəyinə gərək?
Ayrılıq düzündə insan baxtının,
İzləri qurumaz suyla dolubdur,
Ümid bel bağlamır yenə sabaha,
Gələcək elə bil çoxdan olubdur…
Bir yuxu dayanıb qapım ağzında,
Tozlu astanaya düşüb kölgəsi,
Qapını açmağa çağırır məni,
Yozulmaz yuxunun kimsəsiz səsi…
Bu bağlı dünyanın torpaqlarında,
Bilmirəm, nə üçün salınıb yollar,
Yaxşı ki, qapını döyən yuxunun
Səsini batıran dəniz səsi var…



