Aktual Ədəbiyyat Müsahibə Xəbərlər

“Mən “Məsumiyyət muzey”ini Benjaminə baxaraq yaratmamışam…”–Orxan Pamukla müsahibə

– Orxan bəy, “Qırmızı saçlı qadın”ı ən feminist romanınız adlandırırsınız. “Səssiz ev”də Hasanın Nilgünü öldürməsi, “Beynimdə qəribəlik”də qadınların cəmiyyətdən kənarlaşdırılması motivləri var. Həmçinin Füsunun (“Məsumiyyət muzeyi”) ağrılı-acılı hekayəsi Türkiyədə qadının taleyini göstərir demişdiniz. Bizim kimi cəmiyyətlərdə kişilərin qadınları “eşq” adı altında əzməsini necə dəyərləndirirsiniz?

– Bu mənim üçün çox önəmli mövzudur. Özümü tənqid edərək deyə bilərəm ki, ilk kitablarımın qadın qəhrəmanları ilə güclü bir bağ yarada, empatiya qura bilməmişdim.

Amma o zaman, həqiqətən də, həyata baxışım indiki kimi dolğun və zəngin deyildi, həyatı daha az tanıyırdım.

Buna görə tənqidə məruz qaldım və haqq da verirəm.

Qırx yaşımdan – həyatı və qadınları daha yaxşı qavrayandan sonra və öz mühitimin, Nişandaşındakı orta təbəqə zənginlərinin hekayəsini yazmaqdan yorulub, təkcə öz sosial mühitimdən deyil, cinsimdən də kənara çıxmaq istədim. Dünyaya daha çox qadınların gözü ilə baxmağa çalışdım…

– … Əslində, ilk dəfə “Səssiz ev” romanınızda bir qadının səsiylə yazırsınız.

– Elədir, “Səssiz ev”dəki Fatma bu cəhətdən xarakterik sayıla bilər. Amma Fatma obrazı hər iki nənəmin qarışımından yaranan bir obrazdır. Hər ikisi dul qalıb uzun illər tək yaşamış qadınlar idi. Atamın anasının ətrafında qohumları çox idi. O biri nənəmsə ömrünün son günlərini tək-tənha yaşadı. Amma hər ikisinin ortaq xüsusiyyətləri vardı: səhər gec oyanar, yataqda oturub, böyük bir aynadan evi seyr edirdilər. Əşyaları, xatirələri toplayıb, arabir onlara baxardılar. O mühitin qadınlarının, hətta danışıq tərzləri, otaqlarındakı pərdələr, masa örtükləri, oxuduqları qəzetlər belə bir-birinə bənzəyirdi. “Səssiz ev”də də belə bir qadından bəhs edirəm. Amma yenə də həmişə qadını məni qane edəcək qədər anlatmadığımı düşünmüşəm. “Məsumiyyət muzeyi”ndə də finalda Füsun öldü və onun qəzəbini oxucu yetərli qədər duya bilmədi. Bütün bunlara görə “Niyə Nilgünün səsini eşitmədik?”, “niyə Füsun ortaya çıxmadı?” deyə özümə suallar verirdim. Bu məsələni ilk dəfə sistemli, planlı şəkildə “Beynimdə qəribəlik”də tam mənası ilə aça bilmişəm. Bu romanımda qadınları ön planda tutmağımın iki səbəbi vardı. Birincisi, bəli, bu coğrafiyada qadınlar əzilir, toplumdan kənarlaşdırılır, ailə həyatı qurmur, “ərə verilir”, “qapalı geyin”, “tək heç yerə getmə” kimi təhkimlərə məruz qalır. Bir nümunə verim: Türkiyədə mövcud zənginliyin, mal-mülkün yüzdə altmış beşi kişilərin adınadır. Bu rəqəm Şərqə getdikcə artır, Qərbə getdikcə isə azalır. Bu gün hələ də bizdə evliliklərin böyük bir qismi “görücü üsulu”yladır. Bu da qadını əzən bir şeydir. Bunlar hamımızın bildiyi şeylərdir. Bütün xoş niyyətlərimə rəğmən, ən sonunda mən də bir Türk kişisiyəm və “feministəm” dediyimdə xəfif ironiya edirəm. Bir Türk kişisi nə qədər feminist ola bilər ki! İkincisi, Qərbdə bunlara məruz qalan qadınların əzildiklərini demələrinə etiraz edirəm. Xeyr! Orada qadınlar etiraz edirlər, cavab verirlər, zarafata salırlar, tənə vururlar. Qadınları əzməyə çalışa bilərsiniz, amma onlar əzilməz, müqavimət göstərər. “Beynimdə qəribəlik”də olduğu kimi qaçarlar, sizin istədiyiniz adamla evlənməzlər, sizin sözlərinə inanmaz, iynələyər, ironya edərlər.

– Bu romanınızdakı qadın obrazları real həyatda kimlərdi?

– “Beynimdə qəribəlik”dəki üç bacının əhvalatı bir az da anam və bacılarının hekayəsidir. O üçü yan-yana gələndə həmişə gülüşər, arabir həyat yoldaşlarından tənə ilə danışardılar. Mən də onlara qulaq asardım. Romanıma da bu təsir etdi. Əlbəttə, 50 yaşdan sonra həm də türk bir kişinin feminist olması qəribə səslənir. Bu mənada özümə çox da ciddi yanaşmıram.

Gerçəkləri daha çox ironiya ilə söyləyirəm.

“Beynimdə qəribəlik” və “Qırmızı saçlı qadın”ı yayımladıqdan sonra İstanbulda, Bursada, Anadoluda oxuma günləri təşkil etdim. Feministlikdən bəhs edərkən ön sıradakı qızlar hərarətlə alqışlayır, çox sevinirlər, ən çox da bu xoşuma gəlir.

– Külliyyatınızın ilk cildi – “Atalar, analar və oğullar” yayımlandı. İlk iki və sonuncu romanınız kitabda yer alıb. Bu trilogiya fikri əvvəldən mövcud idi, yoxsa sonradan belə alındı?

– Xeyr, trilogiya kimi yazılmayıb bu romanlar. Bu külliyyat təklifi “Yapı Kredi” nəşriyyatından gəldi. Onlar “Delta” seriyasından belə bir cild hazırlamaq istəyirdilər, bu barədə söhbətlər etdik. Mən daha çox mövzu, ideya uyğunluğunun tərəfdarı idim. Bu üç roman, həqiqətən də, bir ortaq nöqtədə birləşir: 3 fərqli nəsli əhatə etməsi, övladların ataların istəyinə uyğun böyüməməsi və s.

Birinci nəsil tənqid edər, yeni dünya qurmaq istəyər, ikinci nəsil həmin dünyanı qurar, üçüncü nəsil isə artıq qurulmuş dünyanın arzu olunanın əksi olduğunu görər.

Mən belə hekayələri sevirəm. “Cövdət bəy və oğulları”, “Səssiz ev”, “Qırmızı saçlı qadın”da bu məsələni – birinci nəslin ümidlərinin üçüncü nəsildən necə göründüyünü əks etdirmişəm.

– Romanlarınız son 20-25 ildir ki, Şərq-Qərb kontekstində qiymətləndirilir. Bu yanaşma, sizcə, nə dərəcədə doğrudur?

– Bu, bir az da mənim ucbatımdan olur. “Bəyaz qala” və “Qara kitab” romanlarım bu konteksdə dəyərləndirilməyə uyğundur, amma mənim etdiyim sadəcə bu deyil axı. Bu mövzuya marağımın mədəni-tarixi təməlləri barədə danışmaq, müzakirəyə girişmək istəyərəm. Tarix elə cərəyan etdi ki, maarifçilik hərəkatı, modernləşmə, sənaye inqilabından sonra Şərqlə Qərb arasındakı fərq kəskinləşdi. Qərbin idxalı, ixracı, hərbi imkanları, zənginliyi birdən-birə qat-qat artdı və bununla da Avropa xaricindəki insanlar və imperialistlərin hökmranlığı altında əzilənlər özlərini alçaldılmış, təhqir olunmuş hesab etdilər. Əsasən də, intellektuallar. Çünki onlar nə baş verdiyini aydın şəkildə görə bilirdilər. Bu zaman həm təqlid meyli başladı, həm də heyranlıq. Həmçinin, bunlarla birgə nifrət və ikrah hissi də yarandı və bu düşüncə tərzi bizim nəsilə təsir etdi. İndi Türkiyə bir az zənginləşib, son illərdə uğurları artaraq yuxarıda sadalağım vəziyyətlərdən uzaqlaşa bilib. Bəlkə də gün keçdikcə mənim də romanlarım bu çərçivədən uzaqlaşdı. “Beynimdə qəribəlik” Şərq-Qərb probleminə həsr olunmuş roman deyil, amma “Qırmızı saçlı qadın” elədir.

– Son müsahibələrinizin birində “Vəba gecələri” adlı roman yazdığınızı açıqladınız. Mənim ağlıma “Səssiz ev” romanında tarixi bir vəba olayını araşdıran Faruk gəldi. “Bəyaz qala”da da vəba önəmli bir yerə sahibdir. İndi yazdığınız romanla bu iki roman arasında bir bağlantı varmı?

– İndi yazdığım “Vəba gecələri” də məhz Şərq-Qərb dilemmasına həsr olunub. 1900-cü illərdə keçən tarixi bir roman olacaq. Vəba nəticəsində ətraf aləmdən xaric olan bir məkan var. Və əlbəttə ki, eşq! Bu roman ideyası üzərində 35 ildir düşünürəm. Məsələn, “Səssiz ev”dəki Faruk, əslində, bu yazacağım roman barədə araşdırma aparırdı və ya “Bəyaz qala”da yeni yazacağım romandan bir neçə səhnə var. Eyni zamanda, “Qar” da hələ o yazmadığım “Vəba gecələri”ndən təsirlənib. Çünki vəba gəlir və xarici mühitlə əlaqə kəsilir, o romanda qar vəba rolu oynayır. Qısaca deyim ki, 35 ildir beynimi məşğul edən bir romanı yazıram indi.

– Burada mən də bir şey əlavə edim: “Qar” romanındakı çadır teatrında “Şah Edip” əsəri səhnələşdirilir, “Şahnamə”dəki “Rüstəm və Zöhrab” hekayəsi də kiçik bir abzasda keçir. Bunlar hələlik sonuncu olan “Qırmızı saçlı qadın”da da var.

– Doğrudur, eyni motivlərdir. Açığı, indiyə qədər kimsə bunun fərqinə varmamışdı…

– Sosial və texnoloji yeniliklər şəxsiyyətimizə təsirsiz ötüşmür və siz bu dəyişikliyə obrazın gözündən baxırsınız. İstanbulun sürətli dəyişimi istanbullu olaraq sizə və romanınıza necə təsir göstərir?

– Bu, çox geniş bir məsələdir. “Beynimdə qəribəlik” romanımı yazanda İstanbuldakı göydələnlərin vəziyyətini anlamaq üçün araşdırma aparırdım. Yazırdılar ki, önümüzdəki bir neçə ildə bu göydələnlərin sayı iki dəfə artacaq. İndi (əliylə eyvandan görünən bəzi tikililərə işarə edərək) gördüyünüz bu binalar beş il əvvəl yoxdu. Yaşadığım şəhər inanılmaz şəkildə dəyişir. Doğulduğum zaman şəhərin əhalisi 2,5 milyon idi, indi isə təxminən 17 milyondur. Mən bütün bu dəyişimin içində idim, hər şeyi öz gözlərimlə müşahidə eləmişəm. Tarixdə mənim qədər dəyişiklik görən çox az yazıçı var. İlk romanlarımda zəngin burjua təbəqəsindən yazdım, sonra şəhər dəyişdikcə mən də İstanbulun fərqli səmtlərindən, məhəllələrindən, yoxsul təbəqəsindən söz açmaq istədim. Dünyada adım “İstanbul yazarı” olaraq çıxdıqdan sonra sanki İstanbulun hər qarışını, hər insanını təsvir etmək, sadəcə aid olduğum mühiti yox, bütünüylə, sistemli, proqramlı İstanbul yazarı olmağı planlaşdırdım. Şəhərin bu qədər sürətlə dəyişməsinə nə deyə bilərəm ki? “Mənim o əski və gözəl İstanbulumu öldürdülər” demirəm, nostaljiyə meyilli bir adam deyiləm. Həmçinin “hər şey əladır” da deyə bilmirəm, hər tərəf beton binalarla doludur, bunda “əla” deyiləcək bir şey görmürəm. Bilirsiniz, tək tərəfli baxış onsuz da mövcud deyil.

Həyat belə bir şeydir ki, hansısa bir nəsil səhnəyə çıxar, nələrsə edər, sonra onların binaları, şeirləri, musiqiləri, hamısını tarix deyilən bir dalğa yuyub aparar. Ondan sonrakı nəsil heç səni tanımadan da daha yaxşı işlər görər, önəmsəməz heç səni. Bax, həyatın belə olduğunu görməyə başladım.

– “Məsumiyyət muzeyi”nin XX əsrin əvvəllərindəki modernistlərlə, xüsusən Volter Benjaminlə bağlılığı barədə çoxsaylı fikirlər var. Bir də sizin dilinizdən eşidək: həqiqətən, bağlılıq varmı?

– Bu məsələni, xüsusən də Amerikaya hər gedişimdə tələbələr soruşurlar. Artıq bu, şablona, klişeyə çevrilib. Bir zamanlar Fukoydu, Edvard Səiddi, Karl Marksdı, indi də Benjamin…. Düzdür, onda da kolleksiyaçı ruhu var, nostaljiçilik var, amma başqaları da bu mövzuda yazır.

Mən “Məsumiyyət muzey”ini ona baxaraq yaratmamışam. Amma hər universitetdə ən azı bir tələbənin bu sualı verməsi artıq məni usandırır.

Benjaminin adını çəkmək intellektual olmağın göstəricisi halına dönüb sanki, hər kəs ondan danışır. Məni yanlış anlamasınlar, Benjaminə sayğım var, amma hər şey də Benjamindən gəlmir ki.

– Yenə də həmin romanınızda Kamal Basmacının ən sevdiyi muzey Milandakı Bagatti Valsecci muzeyidir. Bu il sərgi üçün ora getdiniz. Təəssüratınız necə oldu?

– Çox yaxşı təəssüratla ayrıldım oradan. Hələ də sərgi insanların ixtiyarındadır. Muzeyin məntiqi belədir: romanın 83 bölməsi var, muzeydə də 83 vitrin olacaq. Hələlik vitrinlərdən 70-ni hazırlaya bilmişik. Bunlardan otuzunun da replikasını yaratmışıq. Bu replikalar əvvəl Londona, sonra da Osloya gedib. İndi isə Milandadır. Növbəti dayanacağı isə Paris olacaq.

“Məsumiyyət muzeyi”nin məşhurlaşdığını deyə bilərəm. Qutularının replikaları bütün dünyanı gəzir. Muzeyin bu şöhrətinə inana bilmirəm, amma xoşuma da gəlir. Öz əməyimin qarşılığını alıram.

Çünki muzeyin qurulmasında nə dövlət, nə də hansısa zəngindən maliyyə dəstəyi almışam. Sadəcə bilet satışıyla fəaliyyət göstərə bilirik.

– “Məsumiyyət muzeyi”ndə Füsunun şəkillər çəkdiyini oxuyuruq, bunlar da gələcəkdə muzeydə sərgilənəcəkmi?

– Əlbəttə, Füsunun quşlarına “can verməyə” başlamışam artıq. Köməkçimlə İstanbulda görə biləcəyimiz 10 quşu bəlirlədik, qağayı, qarğalarla başladıq. Hamısının sulu boya rəsmləri hazırlanacaq. İndi bir qağayı rəsmiylə başladıq. Sonra ayrıca bunların da açılışını edəcəyik. “Məsumiyyət muzeyi”ni mən işlər tam bitmədən açdım, çünki romanda o qədər detallar var ki, bitirmək mümkün deyildi. Hər kəs tövsiyə etdi ki, bir muzey heç vaxt bitməz, bu qədər gözləmə, muzeyi aç sonra yenə əlavələr edərsən. Mən də belə etdim. Sonra dedilər ki, muzeyə 3-4 il heç nə əlavə eləmə, sonra tamamlayarsan. 3-4 il keçdi, muzey uğur qazandı, indi əlavələr edirik, yarımçıq qalan qutuları hazırlayırıq.

– Bəs Kamalın Ceyda vasitəsiylə Füsuna yazdığı məktublarını görəcəyikmi?

– Vay, mənim zəki, ağıllı dostum! Heç ağlıma gəlməmişdi, sizin sayənizdə ortaya çıxdı, bəlkə, bunu da əlavə elədik.

– Nuri Bilgə Ceylanın son filmi “Ahlat ağacı”nda yazıçı olmaq istəyən Sinan atasıyla problem yaşamaqdadır. Bu filmdə yaradıcılığınızla oxşar detallar var: ata-oğul münaqişəsi, quyu motivi. Baxmısınızmı filmə?

– Baxdım və çox bəyəndim. Elə bu gün “Hürriyyət”in “Sənət” əlavəsində bu haqda oxudum. Filmdə məndən təsirlənmədən daha çox Nurinin qohumundan təsirlənmə var. Onun qohumu belə bir roman yazıb və öz hesabına yayımlayıb. Yəni gerçək həyatdan təsirlənmə daha çoxdur. İşin bir qəribə tərəfi də budur ki, o adam filmdə həm də aktyor kimi iştirak edib, mən də bu gün səhər oxuyanda təəccübləndim.

– Son bir ildə ölkə xaricində haqqınızda 7 kitab yayımlandı, həmçinin Jalə Parla da yaradıcılığınız barədə çox önəmli bir əsərə imza atdı. Haqqınızda yazılanları müntəzəm şəkildə izləyə bilirsinizmi?

– Jalə Parlanın kitabı çox dəyərlidir. Hamısını oxuduğumu deyə bilmərəm, amma mümkün qədər oxumağa çalışıram. Xaricdə nəşr olunan yazılar jurnallarda yayımlanır və jurnal vasitəsiylə oxuyuram. Bunlar hamısı ədəbiyyatşünas yazılarıdır. Bəzisini heç tanımıram, bəziləri də tanıyıb-bildiyim tənqidçilərdir. Bu yaxınlarda internetdə gördüm, Fransada bir xanım mənim barəmdə kitab yazıb. Kitabı mənə göndərməyib, fransızca bilmədiyim üçün detalları da öyrənə bilmədim. Bax belə… 40 il əvvəl nə vaxtsa haqqımda bu qədər yazılacağını desəydilər, heç inanmazdım…

Mənbə: Ramil Əhməd “Orxan Pamukun evində” kitabı