İsrailin İordan çayının qərb sahilindəki Mülki İdarəsi Beytlehem şəhərinin cənubundakı Efrat qəsəbəsində 974 yaşayış binasının tikintisi üçün tender elan edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İsrailin məskunlaşma fəaliyyətini izləyən “Şalom Açşav” (“Sülh İndi”) hüquq müdafiə təşkilatı məlumat yayıb.
Məlumata görə, tender Efrat qəsəbəsinin ərazisini əhəmiyyətli dərəcədə genişləndirəcək və sakinlərin sayını təxminən 40% artıracaq yeni məhəllənin yaradılması məqsədi ilə keçirilir. Layihənin planı 2024-cü ildə təsdiq edilib. Hüquq müdafiəçiləri qeyd edirlər ki, qəsəbənin genişləndirilməsi Fələstin Milli Administrasiyasının nəzarəti altında olan Beytləhm şəhərinin inkişafının qarşısını alacaq və İordan çayının qərb sahilini onun şimal ərazilərindən ayıra bilər. Bu səbəbdən İsrail tərəfi ilə danışıqlarda fələstinlilər Efratın genişləndirilməsinə qarşı çıxıblar.



