“Linear” çevrilə bilməyən, ölçülən və proqnozlaşdırılan zaman şəbəkə cəmiyyətində aradan qaldırılır. Lakin biz heç də sosial kontekstlərə uyğun olaraq zamanın nisbiləşdirilməsi və ya alternativ olaraq “çevrilə bilən zaman”a geri qayıtmırıq. Transformasiya daha dərindir: bu, əbədi bir dünya yaratmaq üçün zaman qarışmasıdır. Öz-özünü genişləndirən deyil, öz-özünü mühafizə edən, tsiklik deyil, təsadüfi – aksidental, təkrarlanan deyil, axın edən – zamansız zaman mövcudiyyətinin kontekstlərindən qaçmaq və hər bir kontekstin hər yerdə eyni anda mövcud olana təklif etdiyi istənilən dəyəri selektiv (seçici) olaraq mənimsəmək üçün texnologiya ilə tam bütövləşən bir zaman. Bu kontekstdə, Ceyms Qlayk bizim cəmiyyətlərimizdə, demək olar ki, hər şeyin akselerasiyasından – sürətləndirilməsindən bəhs edir. Zamanın ən son həddə qədər kompressiyası onun yox olması ilə ekvivalentdir. Bu kapitalizmin özünü bütün qadağalardan azad etməyə çalışmasına görə baş vermir, çünki bu həmişə kapitalizmin təməl tendensiyası olub. Saat zamanına qarşı kultural və sosial üsyanlara istinad etmək də kifayət deyil. Çünki keçən əsrin xarakterizasiyası olan bu üsyanlar bu zaman növünün dominantlığına meydan oxuya bilməmək bir yana, sosiuma həyatın saat zamanı əsasında distribusiyasını daxil etməklə onun məntiqinin daha da tərəqqisinə yol açdı. Kapitalın zamandan azadlığı və kültürün saatdan qaçışı şəbəkə cəmiyyətinin dərin strukturunda sabitlənən yeni informasiya texnologiyaları sayəsində mümkün oldu.
Elektron olaraq inteqrasiya edilmiş multimedia sistemi ilə assosiasiya edilmiş real virtuallıq kültürü iki müxtəlif formada cəmiyyətimizdə zamanın transformasiyasına töhfə verir: bütün planet boyu instant informasiya sosial hadisələr və kultural ekspressiyalara milsi görünməmiş dolayısızlıq – anilik təmin edir. Rusiya siyasi debatlarının eyni anda tərcüməsi ilə birlikdə real zamanda dəqiqəbədəqiqə Sovet ittifaqının kollapsını izləmək yeni kommunikasiya erasının başlanğıcı demək idi. Kompüter vasitəli kommunikasiya insanları öz maraqları ətrafında interaktiv, çoxtərəfli çat yazışmasında birləşdirməklə real-zaman dialoqunu mümkün edib. Zaman gecikməsinə uğrayan cavablar asanlıqla aşıla bilər, çünki yeni kommunikasiya texnologiyaları zaman sədlərini aşan dolayısızlıq təəssüratını formalaşdırırlar. Digər tərəfdən isə, mediada, eyni kommunikasiya kanalında, izləyici\interaktorun seçimində zamanların qarışması, sadəcə janrların qarışdığı deyil, onların zamanlaşmalarının düz bir perspektivdə sinxronlaşdığı, başlanğıc, son və ya ardıcıllığın olmadığı bir temporal kollaj yaradır. Yeni kultural kontekstdə təhsil alan uşaqların yaddaş və ağlını biçimləndirən multimedia hiper-mətninin zamansızlığı kültürümüzün həlledici səciyyəsidir. Təhsil, mediatik əyləncə, xüsusi xəbər reportajları, reklamçılıq temporallığı özlərinə uyğun şəkildə təşkil edirlər. Nəticədə, insan yaşantısının bütöv domenindən əlçatımlı olan kultural məhsulların qeyri-ardıcıl zamanı meydana çıxır. Əgər ensiklopediyalar insan biliyini əlifba düzəninə görə nizamlayırdılarsa, elektron media istehlakçı impulsları və ya istehlakçı qərarlarına müvafiq olaraq informasiya, qavrayış və ekspressiyaya əlçatanlığı təmin edir. Bununla da anlamlı hadisələrin bütövlükdə düzənlənməsi daxili, xronoloji ritmini itirir və öz faydalılığının sosial kontekstindən asılı olaraq zaman ardıcıllıqlarında düzənlənir.
Bütün canlı varlıqlar bioloji saatlardır. Fərdi və ya kosmik olsun, bioloji ritmlər insan həyatı üçün “essensialdır”. İnsanlar və cəmiyyətlər özləri məsul olmaqla bu ritmlərə məhəl qoymurlar. Minillər boyu insan həyatının ritmi təbiətin ritmləri ilə sıx bağlılıq içərisində konstruksiya edilirdi. Həyat tsikli uşaqların körpə yaşda ölə biləcəyi, qadınların reproduktiv gücündən erkən istifadə edildiyi, gəncliyin “efemeral” (qısa, keçici) olduğu, yaşlanmanın unikal yaşantı və müdriklik mənbəyi olmasına görə sayğı doğuran bir imtiyaz olaraq görüldüyü bir cəmiyyət ilə harmoniyada biçimləndirilirdi. İnkişaf etmiş dünyada sənaye inqilabı, tibb elminin tərəqqisi, ağlın zəfəri, sosial hüquqların təsbiti ömür müddətini uzatmaqla, xəstəliklərə üstün gəlməklə, doğumları tənzimləməklə, cəmiyyətdə rolların bioloji determinasiyasını sual altına salmaqla, həyat tsiklini təhsil, iş zamanı, karyera imkanları və təqaüd hüququnun çox önəmli olduğu sosial kateqoriyalar ətrafında konstruksiya etməklə bu düşüncə qəliblərini təməldən dəyişdirdi. Ardıcıllığa əsaslı həyat prinsipinin bio-sosialdan sosio-biolojiyə doğru transformasiyasına rəğmən hələ də sənayeləşən cəmiyyətlərin özlərini uyğunlaşdırmağa cəhd göstərdikləri bir həyat-tsikli var idi. Lakin bu gün yeni, rəqəmsal-şəbəkə cəmiyyəti üçün xarakteristik institusional, texnoloji və kultural inkşaf prosesləri alternativ ardıcıllıq ilə əvəzləmədən bu qədim həyat tsiklini sarsıdır. M.Kastellsə görə, şəbəkə cəmiyyəti həyat tsikli anlayışı ilə assosiasiya edilən bioloji və ya sosial ritmlərin parçalanması ilə xarakterizə olunur.
Rəqəmsal inqilab ilə modernizm əsrinin böyük mifləri və onun xilas vədlərinin dekonstruksiyasının şahidi oluruq. Gələcəyimiz getdikcə qeyri-müəyyənləşir və zaman təcrübəmiz kəskin fraqmentasiyaya məruz qalır. Biz artıq işıqlı gələcəyin müəyyənliyinə və ya tarixin müqəddəratı olaraq insanın texno-elmi xilası inancına sahib deyilik. “Linear” zaman konsepsiyası mahiyyəti zamanın “indi nöqtəsi”ndə yerləşən bir-birilə əlaqəsiz nöqtələr arasındakı bir hərəkətə, axıcı anların ardıcıllığına təslim olur.
Buna Z.Bauman “pointillist” – nöqtəli zaman konsepsiyası adını verir. O, Ceremi Rifkin “pointillist zaman” konsepsiyasını yeni nano-saniyə mədəniyyəti olaraq dəyərləndirir. Polyak sosioloqu Ziqmunt Bauman bildirir ki, zaman modern istehlakçılar cəmiyyətində nə “linear”dır, nə də ki, tsiklik. Bu, bir neçə separat nöqtələrə bölünmüş və qeyri-aspektuallığın həndəsi idealizasiyasına endirilmiş “pointillist” zamandır. Həndəsə elmindən bildiyimiz kimi, nöqtələrin nə uzunluğu, nə genişliyi, nə də ki dərinliyi var. Onlar zaman və məkanın önündə mövcuddurlar. Hər bir nöqtənin sonsuz şəkildə genişlənmə potensialına və partlamağa hazır sonsuz mümkünlüklərə sahib olduğu güman edilir. Pointillist həyatın xəritəsi çəkilsəydi, bu xəritə təxəyyülü və ya icra edilməmiş mümkünlüklərin məzarlığı kimi görünərdi. Məhz bu səbəbə görə indiyə köklənmiş həyat tələskən həyat olmağa meyillənir. Hər bir zaman nöqtəsinin özündə ehtiva etdiyi şans qəbrinə qədər öz yolunu izləyəcək. Hər bir zaman nöqtəsi “ikinci şans” mümkünlüyünün mövcud olmadığı, özünəməxsus, unikal bir şans daşıyıcısıdır və ona yeni bir başlanğıc kimi yanaşılır. Yalnız yeni başlanğıcların dayanmadan genişlənən çoxluğu yanlış başlanğıcların çoxluğunu kompensasiya edə bilər. Yeni başlanğıcların geniş amplitudalarının qarşıda gözlədiyinə inanılır. Maddi olaraq həris bir istehlakçının “əbədi indi”yə məhkum olmuş həyatında konstant tələskənliyin səbəbi əldə etmək və ya toplamaq deyil, rədd etmək və əvəzləməkdir. Hər bir ticari məhsulun arxasında yeni və kəşf edilməmiş imkanlar vəd edən gizli bir mesaj var: “Big Bang” – böyük partlayış ya indi baş verir ya da bu özünəməxsus nöqtədə ləngiməyin hər hansı bir mahiyyəti yoxdur. Digər bir zaman nöqtəsinə doğru hərəkət etməyin vaxtıdır. İstehsalçılar cəmiyyətində bir uğursuzluq anında veriləcək məsləhət “daha səylə çalış”dan ibarət olardı. Lakin istehlakçılar cəmiyyətində qətiyyən belə deyil və ola da bilməz. Bu cəmiyyətdə tam məmnunluq vədini yerinə yetirə bilməyən alətlər və vasitələr, eləcə də gözlənildiyi qədər “Big” nəticə verməyən “Bang”lər də dərhal tərk edilməlidir. Modern istehlakçı uğursuzluğa düçar olduğu və ya düçar olmağa başladığı bir nöqtədən hələ cəhd etmədiyi başqa bir zaman nöqtəsinə doğru daimi və gərgin qaçış halındadır.
Son olaraq, saat məhsulları nizamlı auditor və vizual siqnallardan ibarət olan avtomatik mexanizmdir. Ona tabelik ilə yaşayan da bir avtomat, tənzimlənmə – nizamlanma kreaturasıdır. Saatla zaman ölçmə individualizmin deyil, kollektivizmin ifadəsidir. Milyonlarla insan eyni temp daxilində, nəhəng bir mənzildə və ya bir arı pətəyində yaşayırlar.
Requlyar, metodiki, davamlı və qeyri-şəxsi tempə sinirlər və əzələlərin adaptasiyası qeyri-təbiidir. Bədən və ağlın mexaniki tapşırıqlara tabe olması güzəşti olmayan bir tələbdir. Lakin bədən və ağıl hər zaman yeni şərtlərdə olmur və ya onlar minillər boyu makina(lar) üçün dizayn edilən bir mexanizm meydana çıxarmaq üçün təkamül etməyiblər. Orqanik və mexaniki ritmin – insan hüceyrələri və makina çarxlarının (düymələrinin) uzlaşması çox çətindir.