LIBRAFF kitab evində Rəşad İbrahimovun “Ruhlandıran layihələr: idarəetmə incəsənəti” kitabının təqdimatı keçirilib.
“Füyuzat”ın məlumatına görə, tədbirdə yazarın həmkarları, qələm dostları, yaxınları, ictimaiyyət nümayəndələri və oxucular iştirak edib.
Tədbiri açılış sözü ilə başlayan müəllif kitab barədə oxuculara geniş məlumat verib. O, kitabın yazılma prosesindən, qarşılaşdığı çətinliklər, yaşadığı əhvalatlardan söz açıb. Ən əsası, kitabın ərsəyə gəlməsində qarşısına qoyduğu əsas məqsəd və hədəflərini söyləyib. Özünün bu sahədəki geniş bilgi və təcrübələrini dinləyicilərlə bölüşüb.
Daha sonra söz MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğluya verilib. Əsəd Aslanoğlu öz növbəsində gələn qonaqları salamlayıb, belə uğurlu kitab ərsəyə gətirdiyi üçün yazara təşəkkür edib və yeni uğurlar arzulayıb. Kitabın sahəyə marağı olan şəxslər üçün müstəsna faydalı olacağını bildirən Ə.Aslanoğlu yenidən sözü müəllifə verib.
Öz növbəsində İbrahimov qonaqlara təşəkkür edərək oxuculardan gələn sualları cavablandırıb.
Bundan sonra yazarla imza saatı təşkil olunub və tədbir başa çatıb.
Qeyd edək ki, MİMTA Yayımları tərəfindən nəşr olunan kitab layihə idarəetməsində tapşırıqlar, müddətlərlə bərabər komandanı ruhlandırmaq, qarşı tərəflərlə pozitiv ünsiyyət qurmaq bacarıqlarının formalaşdırılmasından bəhs edir. Kitab həm Azərbaycan, həm də rus dilində nəşr olunub, bu yaxınlarda ingilis dilində də nəşri gözlənilir.






