Xəbərlər

Əməkdar jurnalist Şamil Vəliyev vəfat edib

Əməkdar jurnalist, professor Şamil Vəliyev 64 yaşında vəfat edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi məlumat yayıb.

Vəliyev Şamil Qiyas oğlu 1960-cı ilin fevralında Loru mahalının Körpülü kəndində anadan olub.

Qeyd edək ki, o, 2005–2022-ci illərdə Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri, 2012–2016-cı illərdə fakültənin dekanı vəzifələrində çalışıb, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü olub.

Ş.Vəliyev milli mətbuat tarixi sahəsinin, xüsusilə “Füyuzat” ədəbi məktəbinin araşdırılmasında böyük xidmətlər göstərib. Bu sahədə nəşr olunmuş bir sıra tədqiqatların, əsərlərin müəllifidir.

Milli mətbuatın inkişafında göstərdiyi xidmətlərə görə “Əməkdar jurnalist” fəxri adına layiq görülən Ş.Vəliyev eyni zamanda “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–1920)” yubiley medalı ilə təltif edilib.

Onun əsərləri bu günə qədər Azərbaycan mətbuat tarixinin araşdırılmasında önəmli rol oynadığı kimi, gələcək araşdırmalar üçün də önəmli qaynaq olaraq qalacaqdır.

“Füyuzat” jurnalı olaraq mərhumun yaxınlarına başsağlığı veririk. Allah rəhmət etsin!