Həşim Səhrablı Köşə Yazıları

Öldürməyin asanlaşdığı cəmiyyətin qatilləri…

Yaşamaq üçün insana sevgi, ümid və gələcəyi görmək lazımdır. Əgər sevə bilir, sevilə biliriksə, ümidlərimiz doğulur və bu ümidlər gələcəyə işıq kimi parlayaraq həyatımızı şəkilləndirir, insanı vəhşi instiktdən çıxarıb şəxsiyyətə çevirir. Şəxsiyyətə çevrilməyi asan məsələ sanmayın. Ətrafımıza diqqətlə baxsaq, heyvani, yabani şəkildə yaşayıb şəxsiyyətləşə bilməyən minlərlə insan görürük. Minlərlə də yox, ölkə sərhədlərini də aşıb milyonlarla heyvani instinktin qurbanı insan cildi ilə qarşılaşırıq…

Heyvani instinktlərlə yaşamaq asandır. İnsanlara şəxsiyyət ola bilmək çətin gəlir. Təbii. Şəxsiyyətləşmək üçün zəhmət çəkmək lazımdır. Ən başda isə, düşünməyi bacarmaq şərtə çevrilir. Neçəmiz düşünməyi bacarırıq ki?

Şəxsiyyətə çevrilməyin ilk şərti düşünməyi bacarmaq olduğu kimi, tam şəxsləşmək də nə düşündüyümüzdən asılı olaraq dəyişir. Düşünməyi bacarmaq hələ şəxsləşmək demək deyil. O zamana qədər ki, nə düşündüyümüzü, düşüncələrimizin zərərli yaxud faydalı, yararlı yaxud yararsız olduğunu da ayırd edə bilirik. Elə düşünənlər də olur ki, zərər verdiyini görmür, doğru nəticəyə gəldiyini var sayır. Yalanlar içindəki ən doğru həqiqət belə zərərlidir axı…

Şərq sivilizasiya olaraq həmişə düşüncəyə önəm verib. Bu tək-tək millətlərə də aid xüsusiyyət sayılmaz. Şərqdəki bütün millətlərin, xüsusilə də zəngin tarixi olanların düşüncə tarixinə nəzər salsaq, Çində Konfutsi, Hindistanda Budda, Rusiyada Tolstoy, Dostoyevski, Qazaxıstanda Abay Kunanbayev, orta əsrlərdə türklərin Yunus Əmrə, Mövlanə Cəmaləddin Rumi, Azərbaycanın Nizami Gəncəvi, Nəsimi və s. kimi onlarla zəngin düşüncə sahiblərinin adını çəkə bilirik.

Ancaq Şərqdə bu gün düşüncə məsələsi unudulub. Sanki insanlar düşünməyi də unudublar. Heç kim düşünmür. Heç kim düşüncə ilə verilən qərarlar və ani qərarlar arasındakı fərqi, bu qərarların nəticələri arasındakı fərqləri görmür. Bəlkə də, görmək istəmir və ya korlaşırıq…

Etdiyimiz hərəkətlərin nəticələrini, verdiyimiz qərarların sonunu, məhv etdiyimiz ömürlərin fərqində deyilik. Şərq axı belə deyildi…

Məsələn, dünən rəngim saraldı. Anidən. Oturduğum yerdə bədənimə bir soyuqluq gəldi. Düzdür, bu soyuqluq oturduğum yerdə gəldi, ancaq səbəbsiz deyildi…

Hər zamankı kimi iş başında, xəbər yazıb sayta yerləşdirməklə məşğul idim. Arxasızların bəxti belədir axı, səhər də, axşam da yazır, yazır, yenə yazır. Yaşamağı asanlaşdırmaq üçün yaşayışını çətinləşdirir…

Nəysə, öz dərdimdən danışmayacam. Daha böyük dərd var. İnsanlıq dərdi! Ölən gələcəklərin, məhv olan talelərin dərdi. Sən və mən, biz hamımız pis yaxud yaxşı, ən azından yaşayırıq. Ölən düşüncələrdən, ümidlərdən danışaq…

***

Xəbər yazırdım. Yenə dünyada nəsə baş vermişdi. Doğru xatırlayıramsa, İsrail–Fələstin münaqişəsi ilə bağlı vacib, amma adiləşmiş bir xəbər idi. Xəbəri tamamlamağa az qalmışdı ki, işin “WhatsApp” qrupuna bir xəbər atıldı. Ümumi məğzi ondan ibarət idi ki, psixoloji problemləri olan bir gənc atasını, anasını və azyaşlı qardaşını öldürüb…

Əvvəl ciddiyə almadım. Niyə alım ki? Fələstində bir xəstəxana vurulmuş, 500 nəfər birdən ölmüş, saatlar içində bu rəqəm 1000 nəfəri keçmişdi. Min nəfər hara, üç nəfər hara… Üstəgəl, işimizin gərəyi hər gün nə qədər ölüm və faciə xəbərləri yazıram. Qəddar biri olmasam da, gözüm və özüm ölüm xəbərlərinə adi hal imiş kimi alışmışam. Hətta sevdiyim bir dəfə buna heyrət etmişdi. 30-dan çox ölüm xəbəri olan bir məlumatı mənə demiş, mən də bunun adi bir hal olduğunu bildirmişdim: “Sən necə bunu adi hal kimi qarşılaya bilirsən ki?!”

Ancaq birdən duraxsadım. Dondum. Nəsə düz deyildi…

Xəbəri təkrar oxudum. Anlamağa çalışırdım. Bir də oxudum. Vallah. Təkrar bir də oxudum. Anlaya bilmirdim. Anlamağa çalışıb anlamadığım çox az şey var. Özündən razılıq kimi çıxmasın, ən anlamsız şeylərin belə anlamı olan yanlarını çox asan görən biriyəm. Amma bu xəbəri 3-4 dəfə oxudum, səhv oxumadığımı dəqiqləşdirdim, amma yenə də anlam verə bilmədim: “Bir insan öz ailəsinə necə qıyar? Niyə qıyar?”

Qıyar e, cəzalandırar da. Amma özünün yoxluğu ilə… O da bir müddətlik, sadəcə ailəsinə dərs vermək üçün. Ya da istəklərini qəbul etdirmək üçün. Ya da nə yanlış varsa onu düzəltmək üçün…

Amma bir insan öz ailəsini yox etməklə problemləri həll edə bilməz axı… Ümumiyyətlə bunu düşünə də bilməz axı…

Hə düşüncə…

Bayaq dediyim düşüncədir elə. Eyni məhfum, eyni varlıq. Amma fərqə baxın. Bir qatil ailəsini məhv edib, heç düşünməyib də, mən isə, oturub anlam verməyə çalışıram.

Niyə axı? Bir insan ailəsini niyə yox etsin? Həm də vəhşicəsinə…

Empatiya qurmağa çalışdım. Axı hər kəs deyir ki, birinin yerinə düşünmədən öncə özümüzü onun yerinə qoymalıyıq. Etməyə çalışdım. Amma hər nə qədər çalışsam da, özümü o yerə qoya bilmədim. Yadıma 10-cu sinifdə sətəlcəm olmağım gəldi. Futbolu sevirəm axı. Məktəb və hazırlıq adı ilə evdən çıxır, uşaqlara qoşulub səhərdən axşama kimi ayaqyalın, yağışın və ya günəşin altında futbol oynayır, çox qaçdığım üçün tez-tez susayır, buz kimi axar sudan içir, gəlib yenə qaldığım yerdən futbola davam edirdim. Beləcə, sətəlcəm ola bilmişdim. Ciddi uğurdur, bunu bacarmaq hər kəsə nəsib olmur. İndi deyəcəksiniz ki, düşünməkdən danışan adama bax, sağlamlığını düşünməyib…

Amma 14-15 yaşlı uşaq üçün düşüncə əylənmək və sevdiyi işlərlə məşğul olmaqdan ibarət olur. Mən Tanrı deyildim ki, o yaşda həyata 40-50 yaşlı adamlar kimi yanaşam.

Sətəlcəm olduğum zaman anamın çəkdiyi cəfa gözümün önündə canlandı. Özümü o qatilin yerinə qoyanda anında anamın yaşlı gözləri, saçımı sığallayıb: “Darıxdırma özünü, sağalacaqsan”, – deyə verdiyi təsəlli gəldi gözümün önünə. Yaşamaq üçün ümid vermişdi: Sağalacaqsan… Gözümün önündəki o müqəddəs səhnədəki, o xilasedici mələyi necə yox edə, öldürə bilərdim?

Fikirləşdim ki, bəlkə, bu qatilin bəxti ana sarıdan gətirməyib, anası ona sevgi, qayğı verməyib. Amma bu da qatil olmağa, həm də ailəni yox edəcək qədər qəddar olmağa səbəb verməz axı…

Sizi bilmirəm, mən belə nəticəyə gəldim ki, sən demə, empatiya qurmaq özü də seçilmiş olmalıdır. Hər kəsə, hər şeyə, hər bir halda empatiya qura bilmərik. Qurmamalıyıq.

Oxuyanda uzun zaman kimi gələ bilər, əslində, yazanda da uzun zaman aldı, amma bu fikirlər sadəcə 2-3 saniyə içində beynimdə dövr etdi və bitdi. Lakin bədənimi əsarət altına almış soyuqluq keçmirdi. Əslində, bu xəbəri yaymaq da istəmirdim. Mənə qalsa, belə xəbərlər ölümü, həm də belə qəddarlığı adiləşdirir. İlahi! Bir düşünün. Bu kimi hallar adiləşir. Hər gün, yaxud hər həftə, hər ay bir cani öz ailəsini məhv edir… İlahi, yox!

Şərqin əvvəlki ruhu olsa, bu hallar yaşanmaz. Ancaq Şərqin indiki ruhu kirlənib axı.

Ruhun kirlənməsi…

Yazanda belə ruhən ağrıdım. Ruh kirlənməsi çox acı bir şeydir. Bu, istəyə bağlı olmayan, yaşanmışların verdiyi ağrı-acıların fəsadları sayəsində qazanılmış, insanı insan olmaqdan uzaqlaşdırıb heyvani yaşama daxil edən illərin silsilə uğursuzluq, faydasızlıq, lazımsızlıq hisslərinin və kimsəyə lazım olmamaq, kimsənin sevmədiyi biri olmaq kimi duyğuların kirlətdiyi bədəndə formal yaşamaqdır.

Bəlkə də, öz ailəsini məhv edən qatil elə ruhu kirlənmiş bir ölü idi… Kim bilir?

***

Mən hər nə qədər səbəb axtarsam da, bu qatilə haqq qazandıracaq çox cüzi səbəb belə tapmırdım. Yeri gəlmişkən, xəbəri də yaymışdım. Digər xəbərlərə baxırdım ki, işimin gərəyi xəbər lenti boş qalmasın və yeni xəbərlər verim. Amma beynim məşğul idi. Suallarla dolu idi. Niyə axı? Niyə biz bütöv bir cəmiyyət olaraq hər gün fərqli-fərqli utanclar yaşayırıq? Fərqlilik gözəldir. Amma bu necə fərqliliklərdir ki, hər gün yeni utanc, faciə və üzgünlük doğurur…

Suallarıma cavab tapmamış bu dəfə tamamən məyus olacağım, əlimi hər şeydən – dəyərdən, ümiddən, sevgidən, gələcəkdən – hər şeydən soyudan bir xəbərlə daha qarşılaşdım: Atası, anası və azyaşlı qardaşını öldürən cani saxlanılıb. Məlum olub ki, o, bundan əvvəl bacısını və onun balaca qızını da öldürüb. Balaca e, beş yaşında. Körpə bir qızcığaz… Hələ, bəlkə də, danışmağı belə tam öyrənməyibmiş. Nə qədər günah öyrənmiş ola bilərdi ki?!

İradəli, vüqarlı və dik durmağı bacaran biri olsam da, ani çöküş yaşadığımı, əllərimin hərəkətsiz, gücsüz şəkildə yanıma düşməsi ilə hiss edirdim. Çökürdüm. Tanımadığım, bilmədiyim, gərəksiz bir cani məni məhv edirdi. Halbuki mənə fiziki heç bir zərər verməmişdi. Düşündüm ki, atasının da, anasının da, bacısının da səhvləri olub, dindən, imandan çıxıb və vəhşiləşib. Yaxşı, bəs o iki azyaşlı? Onlar nə qədər səhv, günah sahibi olub ki?

Bir-iki saat keçdi. Suallar artırdı, amma bir dənə də olsun cavab yox idi. Düşünməməyə qərar verdim. Çünki bu düşüncələr həllə aparan yol deyildi. Ağrı və iztirablar doğurur, sanki o cinayətləri mən işləmişəm kimi əzab verirdi. Ən əsası, düşünməklə yaşayan mən bir gün düşünməməyə qərar verəcəyimi təsəvvür etməzdim. Doğru deyiblərmiş, düşünməyin insana verdiyi iztirab qədər acı nəsə yoxdur. Düşünməklə qərar qəbul etmək, sağlam nəticəyə gəlmək mümkündür, amma bu günə qədər düşüncənin nə qədər əzablı bir şey olduğunu heç düşünməmişəmmiş…

Sadəcə bir qənaətə gəldim: o cani düşünməyi bacarmırdı. Bacarsa, öldürməklə, yox etməklə problemlərin həllini tapmayacağını yəqin edərdi. Hələ ki, öz ailəni yox etməklə nəinki problemləri həll etmək olar, əksinə ömürlük problemə çevrilmək mümkündür. Çox sönük cümlə kimi görünür. Amma həqiqi vicdan sahibləri kimlərinsə həyatında, hansısa məsələlərdə problemə çevrilməyin nə qədər qeyri-insani bir reallıq olduğunu yaxşı başa düşür.

Bəli, mən yanılmıram. O cani, həqiqətən, düşünməyi bacarmırdı. Azacıq belə düşünə bilsə, hamısını öldürər, heç olmasa o iki azyaşlıya qıymazdı. Çünki onların edə biləcəyi ən böyük günah həyətdə top dalınca qaçıb, susadığı zaman soyuq su içib xəstələnmək ola bilərdi…

İndi isə bütün sualların cavabını tapmış kimiyəm.

İnsana sevgi, ümid və gələcək görmək lazımdır. O cani sevgidən bixəbər, ümidsiz və gələcəyi düşünməyən heyvani yaşam tərzi ilə insan cildində dolaşan bir yırtıcıdır. O sevə bilmir, sevə bilmədiyi üçün ümidləri yoxdur, ümidləri yoxdur deyə gələcəyin işığına kor gözlərlə baxır. Onun üçün yaşatmaq anlamı yoxdur, öldürmək, yox etmək var.

Ancaq ona “təşəkkür etmək” lazımdır. Çünki o cani digər canilərdən fərqli davrandı. Digər canilər insanları fiziki olaraq öldürmür, ruhlarını, özlərini və ümidlərini öldürür. Neçə ölü var, bədəni yaşayır…

Həmin cani isə düşüncəsizliyimizi, artıq düşünmədən yaşadığımız reallığını çılpaqlığı ilə ortaya çıxardı. Hər kəsə car çəkdi ki: biz düşünə bilmirik, vəhşicəsinə yaşayır, instinktiv davranırıq. Ağıl və məntiqdən, sevgi və mərhəmətdən uzaq düşmüşük.

Öldürməyin asanlaşdığı cəmiyyətin qatilləri bəs? Hər birimizin ətrafında ailəsini məhv edən canilər var. O canilər fiziki məhv edib-etməməsindən asılı olmayaraq cəmiyyəti, hamımızı, hər şeyi məhv edirlər. Şərqin təmiz ruhunu kirlədir, gələcəyə işıqlı gözlərlə baxan ümidləri öldürür və düşüncə qatillərindən əsl qatillərin yetişməsinə zəmin hazırlayır. Əsas olan isə qatilin kim və niyə olması deyil, onu kimin yetişdirməsidir. Hər qatili biz özümüz hazırlayırıq…

İndi isə, geriyə cəmiyyət olaraq toplanıb cavab verməliyik: yox edərək yox olmağı mı, sevməklə, düşünməklə var edərək var olmağı mı seçirik?