ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq münaqişə bitdikdən sonra Şərqi Avropa ölkəsini bərpa etmək üçün Marşal planına bənzər bir vasitədən istifadə etməyi təklif edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə o, Ukraynanın yenidən qurulması ilə bağlı konfransda çıxışı zamanı deyib.
“İkinci Dünya müharibəsindən sonra Birləşmiş Ştatlar və avropalı müttəfiqlərimiz müharibədə dağıdılmış bölgələri bərpa etməli oldular. Biz bu cür səylərin uğurunu, xüsusən bizə Marşal Planı kimi tanınan Avropanın Bərpa Planı vasitəsilə görə bilərik. Birləşmiş Ştatlar və avropalılar yenidən Ukrayna ilə bağlı bu səylərə rəhbərlik edə bilərlər”, – siyasətçi qeyd edib.
Kelloq əlavə edib ki, Marşal Planı “ABŞ və Avropa ölkələri arasında iqtisadi tərəfdaşlığa yol açdı” və Ukraynaya kömək üçün oxşar tədbirlər hazırlanmalıdır.
Xatırladaq ki, Marşal planı 1947-ci ildə ABŞ dövlət katibi Corc Marşall tərəfindən təklif edilən İkinci Dünya müharibəsindən sonra Avropaya yardım proqramıdır.



