Belarus prezidenti Aleksandr Lukaşenko qeyd edib ki, əgər Ukrayna danışıqlara başlamasa, onun bir dövlət kimi varlığı mümkün olmayacaq. Ukraynanın müdafiə naziri Rustem Umerov isə bildirib ki, Ukraynanın cari il üçün effektiv planları var. Ukrayna prezidenti Volodimir Zelenski də sürpriz nəticələr olacağını bildirib. Amma Ukrayna hazırda cəbhədə bir sıra məğlubiyyətlər alır, əvvəlki kimi dəstək görmür. Mövcud vəziyyət Ukraynanın məğlub olma ehtimallarını gündəmə gətirib. Bəs Ukrayna bu vəziyyətdə məğlub olacaqmı? Yoxsa, həqiqətən də, nəyəsə hesablanmış sürpriz nəticələr görə bilərik?
“Füyuzat” mövzu ilə bağlı politoloq Aydın Quliyevin fikirlərini öyrənib. O bildirib ki, Ukraynadakı proseslərin yaxın zamanlarda hansısa bir formada yekunlaşacağını söyləmək mükün deyil:
“Yəni söyləmək olmaz ki, yaxın zamanlarda Ukrayna müharibəsi ya Ukraynanın, ya da Rusiyanın qələbəsi ilə başa çatacaq. Ümumiyyətlə, proseslər uzanacaq, hətta 2024-cü il ərzində Ukrayna cəbhəsində hansısa bir yekun aktın baş verəcəyini mən şəxsən gözləmirəm. Ona görə ki Rusiya və Ukrayna bir-birinə qarşı sadəcə müharibə aparan ölkələr deyil, həm də bir-birinə nifrət edən ölkələrdir. Bu ölkələr arasında nəinki müharibənin yekunlaşdırılması, hətta bu dövlətləri idarə edən hakimiyyətlərin arasında atəşkəsin dayanması, yaxud da əsirlərin dəyişdirilməsi ilə bağlı kiçik bir dialoqun qurulması belə qeyri-mümkündür, bunun səbəbi də qeyd etdiyim kimi, Ukrayna və Rusiyadakı hakimiyyətlər bir-birinə genetik olaraq nifrət edirlər. Digər tərəfdən, Ukraynanın arxasında duran kollektiv Qərb hansı formada dəstək verməsindən asılı olmayaraq Ukraynanın bu müharibədə vaxtsız geri çəkilməsinə, yaxud da sülhə meyllənməsinə, fikrimcə, imkan verməzlər. Ukrayna və Rusiyanın hədəfləri bir-birinə ziddir”.
Politoloq bölgədə sülhün əldə edilməsi imkanlarını da qiymətləndirib:
“Ukrayna Rusiyanın işğal olunmuş bütün torpaqları tərk etməsini və Ukraynanın ərazi bütövlüyünü, suverenliyini tanımasını şərt kimi qoyur. Rusiya isə Ukraynada indiki hakimiyyətin, ümumiyyətlə, dəyişməsini, yeni hakimiyyətin formalaşmasını və Rusiyanın şərtləri ilə razılaşmasını tələb edib. Bu şəraitdə hər hansısa bir barışıqdan söhbət gedə bilməz. Qərb ölkələrində Ukraynaya yardımla bağlı bəzi fasilələr yaransa da, proseslər göstərir ki, Qərb ölkələri bu məsələni yarımçıq saxlamaq fikrində deyillər. Artıq Avropa İttifaqının 50 milyardlıq yardım addımları başlayıb, Amerikada qərar qəbul olunmaq üzrədir. Almaniya və digər ölkələr hərbi sursatlarla müxtəlif səviyyələrdə kömək edirlər. Ona görə Qərbdən Ukraynaya yardımın əhəmiyyətli dərəcədə kəsiləcəyini də gözləmirəm. Bu səbəbdən yaxın bir ildə – 2024-cü ildə Ukraynada hadisələrin konkret nəticə ilə yekunlaşması mümkünsüzdür. Amma mövqe döyüşləri davam edəcək”.