Çinin Quanqdonq əyalətində son həftələrdə ağcaqanadlar vasitəsilə yayılan çikunqunya virusuna 7000-dən çox yoluxma hadisəsi aşkar edilib. Xəstəliklərin çoxu ölkənin cənubundakı Foşan şəhərində qeydə alınıb.
“Füyuzat”ın məlumatına görə, səlahiyyətlilər yoluxmuş şəxsləri xəstəxanalarda karantinaya alır və testlər keçirir.
Bioloji mübarizə tədbirləri çərçivəsində ağcaqanad yeyən balıqlar və “fil ağcaqanadları” da təbiətə buraxılıb.
Ağcaqanadlar tərəfindən yayılan Çikunqunya nədir?
Çikunqunya virusu əsasən “Aedes aegypti” və “Aedes albopictus” cinsinin dişi ağcaqanadları tərəfindən yayılır. Eyni ağcaqanadlar “Zika” və “Denge” tipli qızdırmaları da daşıya bilər. Virusun simptomları adətən 4-8 gün ərzində inkişaf edir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, çikunqunya virusu aşağıdakı simptomlarla özünü göstərir:
Yüksək hərarət
Şiddətli ağrı
Əzələ ağrıları
Baş ağrısı
ürəkbulanma
Semptomlar adətən bir neçə gün davam etsə də, ağrılar həftələr və ya aylarla davam edə bilər. Yaşlılar, körpələr və xroniki xəstəlikləri olanlar xüsusilə həssasdırlar.



