Aktual Xəbərlər

Düzgün ixtisas seçimi: niyə və necə?

Hazırda abituriyentlər ixtisas seçimləri etməkdədir. Hər il minlərlə gənc bu vacib mərhələyə qədəm qoyur. Bu seçim yalnız təhsil yolunun başlanğıcı deyil, həm də gələcəkdəki peşə həyatını və şəxsiyyəti formalaşdıran əsas addımdır. Doğru ixtisas seçimi isə gələcəyi doğru inşa etmək deməkdir. Yeniyetmələr sadəcə ixtisas seçmir, onlar öz gələcəklərini seçir və kim olacaqlarına qərar verirlər. Ona görə də ixtisas seçimi sıradan bir hal kimi deyil, övladlarımızın gələcəyini təmin edən ən faydalı seçim kimi qəbul edilməlidir. Bəs ixtisas seçimi zamanı nəyə diqqət etmək lazımdır? Əsas nüanslar nələrdir?

“Füyuzat” mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert Ruslan Bayramlıdan fikirlərini öyrənib. O bildirib ki, ixtisas seçimi gənclərin həyatında çox önəmli və həssas bir prosesdir, bu, uzunmüddətli bir marafonun sonu və yeni bir mərhələnin başlanğıcıdır:

“İxtisas seçimi yalnız bir neçə illik təhsil dövrünü deyil, həm də gələcək karyera həyatını formalaşdırır. Yanlış bir qərar 1 il, yanlış ixtisas seçimi 4 il və karyera planlamasında səhvlər insanın 40 il itirməsinə səbəb ola bilər. Həqiqətən də, karyera planlaması özlüyündə ixtisas seçimindən başlayır. Bu seçimi edən bir şəxs gələcəkdəki karyerasını da formalaşdırır. Əks halda, yanlış bir ixtisas seçimi, gələcəkdə karyera dəyişikliyinə səbəb ola bilər.

İxtisas seçimi zamanı diqqət etməli olduğumuz vacib nüanslar çoxdur. Bu proses əvvəlki dövrlərdən formalaşmışdır və ali təhsil müəssisələrinə qəbul qaydaları da çox önəmlidir. Buraxılış və blok imtahanları əsasında hər iki mərhələnin nəticələri toplanır və müəyyən qruplar üzrə ixtisas seçimi həyata keçirilir.

İxtisas seçimi prosesi uzunmüddətli və ətraflı düşünülməlidir. Bu, məktəb dövründən başlayaraq müəyyənləşdirilməli olan bir məsələdir. Bizim cəmiyyətdə məktəb sadəcə universitetə qəbul olmaq üçün keçilməsi gərəkən bir mərhələ kimi görünür. Lakin bu yanaşma həqiqətə tam uyğun deyil, çünki məktəb cəmiyyətin formalaşdığı və şəxsiyyətin inkişaf etdiyi bir mühitdir. Andreas Şleyxerin dediyi kimi: “Məktəbiniz necədirsə, cəmiyyətiniz də elə olacaq”. Bu fikir mənim üçün çox böyük bir əhəmiyyət kəsb edir. Məktəb cəmiyyətin əsasını qoyan bir müəssisədir”.

Ekspert məktəbin önəmini belə vurğulayıb:

“Məktəbdən sonra təkcə ali təhsil müəssisələri deyil, orta ixtisas təhsil müəssisələri və peşə təhsil müəssisələri də mövcuddur. Bu təhsil insan kapitalının formalaşmasında, gələcəkdə müstəqil həyatın qurulmasında böyük əhəmiyyət kəsb edir. Bu baxımdan, həm ali təhsil, həm də peşə təhsili və orta ixtisas təhsili bir-birini tamamlayan vacib mərhələlərdir”.

Düzgün ixtisas seçimi məsələsinə toxunan R.Bayramlı sözlərinə davam edib:

“Ümumilikdə, qəbul prosesində 15 ixtisas seçmək mümkündür. Bu zaman yüksək nəticə göstərən abituriyentlər üçün ixtisas seçimi daha asan olur. Lakin yalnız yüksək bal toplayanlar üçün deyil, orta və nisbətən az bal toplayan abituriyentlər üçün də ixtisas seçimində vacib olan məsələ öz bacarıqları və maraqlarına uyğun seçim etmələridir. Bəzi ixtisaslar vardır ki, qabiliyyət imtahanı tələb edir. Abituriyentlər bu imtahanlarda iştirak edirlər və yalnız müəyyən balı topladıqları halda həmin ixtisaslara müraciət edə bilərlər.

“Nəyi daha çox istəyirsən? Hansı peşəyə sahib olmaq istəyirsən? Hansı ixtisasda özünü mütəxəssis kimi görmək istəyirsən?” – bunlar vacib suallardır. Bu sıranın düzgün təyin edilməsi çox əhəmiyyətlidir, çünki qəbul və yerləşdirmə texniki cəhətdən bu sıralamanı nəzərə alaraq həyata keçirilir.

Hər il olduğu kimi, bu il ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin sayı və plan yerləri ümumi şəkildə elan olunub. Ötən illə müqayisədə burada da artım var. Bu mövzuda elm və təhsil nazirinin çıxışlarında daima vurğulanan əsas fikir budur ki, ali təhsil müəssisələrinin əlçatımlılığı artırılmalıdır. Plan yerlərinin artırılması ali təhsilin daha çox insan tərəfindən əldə edilməsinə imkan yaradacaq. Bu həmçinin qəbul prosesində önəmli rol oynayır”.

Ekspert seçim edəcək abituriyentlərlə öz məsləhətlərini paylaşıb:

“Abituriyentlər seçim zamanı yalnız öz istəklərinə uyğun ixtisasları seçməklə kifayətlənməməli, həmçinin həmin ixtisaslarla bağlı internetdə araşdırma etməli, mütəxəssislərdən məsləhət almalıdırlar. Gələcəkdə bu ixtisasla hansı sahələrdə işləyə biləcəkləri, karyeralarını hansı istiqamətdə formalaşdıra biləcəkləri barədə də məlumat sahibi olmalıdırlar. Seçəcəkləri 15 ixtisas barədə ciddi şəkildə araşdırma aparılmalıdır. Mən, ümumiyyətlə, bu məsələdə həssas davranmağı üstün bilirəm. Seçimi etməzdən əvvəl abituriyentlə ən azı iki dəfə görüşərək ona müxtəlif ixtisaslarla bağlı məlumatlar verirəm, əlimdəki materialları paylaşaraq seçimində yanılmaması üçün dəstək oluram.

Təəssüf ki, bəzi abituriyentlər yalnız “qəbul olmaq” məqsədini güdür, yəni ya əsgərliyə getməmək, ya da sadəcə diplom almaq istəyirlər. Ancaq onlara da bu məsələyə həssas yanaşmağı və məqsədli seçim etmələrini tövsiyə edirəm. Çalışıram ki, onları bu yanaşmadan uzaqlaşdıraraq, məqsədli seçim etmələrinə kömək olum. Yəni ixtisas seçimi abituriyentin 4 ilini hədər etməməsi üçün düzgün və məqsədyönlü olmalıdır. Bu zaman yalnız şəxsi maraq və bacarıqlar nəzərə alınmalı, həm də gələcəkdəki karyera və təhsil imkanları diqqətlə qiymətləndirilməlidir.

İxtisas seçimi prosesi çox vacib bir qərardır və abituriyentin gələcək həyatını əhəmiyyətli dərəcədə formalaşdıran mərhələdir. Bu səbəbdən, hər bir abituriyent ciddi şəkildə düşünərək və doğru məlumatlar əldə edərək seçim etməlidir. Bu yolun kompası bizim məqsədimizdir. Məqsədimiz nə qədər ali və düşünülmüş olsa, nəticə bir o qədər uğurlu olar. Hədəfi müəyyən edərək seçim etdikdə yol daha aydın və uğurlu olur. Bu məsuliyyəti dərk edərkən, çətinliklərə baxmayaraq nəticə əldə etmək mümkündür”.