Xəbərlər

Aİ hava nəqliyyatında islahatlara hazırlaşır

Avropa İttifaqı (Aİ) qurumları Avropada hava hərəkətinin idarə edilməsi sisteminin səmərəliliyini artırmaq üçün Vahid Avropa Hava Məkanı təşəbbüsü ilə bağlı razılığa gəliblər.

“Füyuzat”ın məlumatına görə, Aİ Şurası üzv dövlətlərlə Avropa Parlamenti (AP) arasında aparılan danışıqlarda Vahid Avropa Hava Məkanı islahatı üzrə razılığın əldə edildiyini açıqlayıb.

Bəyanatda qeyd olunub ki, islahatın məqsədi Avropa hava məkanının fəaliyyətini, təşkilini və idarə olunmasını təkmilləşdirməkdir.

Bəyanatda islahatın potensialı və sistem uyğunluğunu artırmaqla yanaşı xərcləri azaldacağı, aeronaviqasiya xidmətlərinin göstərilməsini yaxşılaşdıracağı, aviasiyanın ətraf mühitə və iqlimə təsirini azaldacağı bildirilib.

Açıqlamada Vahid Avropa Hava Məkanı islahatının nəqliyyat ehtiyaclarını ödəmək, əlverişlilik və ətraf mühitin izlərini azaltmaq kimi hədəflərini qoruduğu və bunun pilotsuz uçuş qaydalarına da töhfə verəcəyi ifadə edilib.

Bəyanatda üzv ölkələrin hava hərəkətinə nəzarətin strukturunu və maliyyə dayanıqlığını qiymətləndirmək üçün milli nəzarət orqanları yaradacaqları və ölkələrin eyni təşkilatda iqtisadi və təhlükəsizlik nəzarəti funksiyalarını ortaq təşkilati modellərlə birləşdirə biləcəyi bildirilib.

Sözügedən islahat Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra üzv dövlətlərin və AP-nin təsdiqindən sonra qüvvəyə minəcək.