Nobel mükafatı fizika, kimya, tibb və ya fiziologiya, ədəbiyyat sahələrində və sülh quruculuğu məsələlərində insanlığa böyük töhfələr verən şəxslərə və təşkilatlara verilir. Mükafatı təsis edən Alfred Nobelin vəsiyyətinə əsasən, bu mükafatlar hər il 10 dekabrda (Nobelin ölüm ildönümü) İsveç və Norveçdə təqdim olunur.
Əsasən fizik, kimyaçı, tibb işçiləri və ya ədəbiyyat nümayəndələrinə verilsə də, sülh quruculuğundan iştirak etmiş siyasətçilər də bəzən bu mükafata layiq görülürlər. Həmin siyasətçilərin sayı çox olsa da, onların arasından 8 nəfər – fərqli dövlətlərin başçıları, yəni prezidentlər xüsusilə seçilir.
Həmin prezidentlər hakimiyyətdə olduqları dönəmdə dünya səviyyəsində sülh və stabilliyin qorunması adına ciddi addımlar atdıqları üçün onların bu təşəbbüsləri beynəlxalq miqyasda rəğbətlə qarşılanıb.
Həmin 8 prezidentlə tanış olaq:
1. Teodor Ruzvelt – Respublikaçılar partiyasının nümayəndəsi, Amerika Birləşmiş Ştatları siyasətçisi. O, ABŞ-ın 25-ci vitse-prezidenti olub. 1901–1909-cu illərdə ABŞ-ın 26-cı prezidenti seçilib. Bəs necə oldu ki, Ruzvelt bu mükafata layiq görüldü?
Ruzvelt hakimiyyətdə olduğu zaman 1904-cü il fevralın 8-də Rus-Yapon müharibəsi başladı. Buna səbəb isə Yaponiyanın Port‑Artur limanına hücum etməsi oldu. Rusiya ilə Yaponiyanın əsas savaş meydanları Mançuriya və Sakit Okean səthi idi. Rusiyanın Baltik donanması Uzaq Şərqə göndərilsə də, 1905‑ci ilin may ayında Tsushima döyüşündə ağır məğlubiyyətə uğradı. Hər iki tərəf resurslarının tükənməsi və iqtisadi çətinliklərlə üz-üzə qaldı, nəticədə sülh danışıqları aparmaq üçün edilən təzyiqlərlə razılaşdılar. Yaponiya tərəfi müharibənin gedişində 1905‑ci ilin yayında Ruzvelti vasitəçi kimi dəvət etdi. Rusiya bir müddət sonra bu təşəbbüsə razılıq verdi. Danışıqlar 1905-ci il avqustun 6-dan 30-a dək davam etdi. Ruzvelt fiziki olaraq danışıqlarda iştirak etməsə də, hər iki tərəflə teleqramlar vasitəsilə və gizli görüşlərlə əlaqə saxlayaraq sülhün əldə olunmasında həlledici rol oynadı. Nəhayət, 1905-ci il sentyabrın 5-də müqavilə imzalandı və müharibə sona çatdı. Bu uğur sayəsində o, 1906‑cı ildə Nobel Sülh Mükafatına layiq görüldü. Beləcə, Ruzvelt bu mükafatı qazanan ilk ABŞ prezidenti oldu.
2. Vudro Vilson – Amerika Birləşmiş Ştatlarının 28-ci prezidenti. 1913-1921-ci illərdə ABŞ-da dövlət başçısı vəzifəsini icra etmişdir. O, ABŞ tarixində elmlər doktoru elmi dərəcəsinə malik olan yeganə prezidentdir. Vudro Vilsonun hakimiyyətdə olduğu müddətdə I Dünya müharibəsi başlamışdı. 1917-ci il aprelin 6-da o ABŞ-ın da bu müharibəyə qatılması barədə qərar qəbul etdi. 1918-cil il yanvarın 8-də prezident Konqresdəki çıxışında müharibədən sonrakı dünyanın yenidən qurulmasını, daimi sülhün təmin edilməsini nəzərdə tutan və “14 bənd” adı ilə məşhur olan tezislərini irəli sürdü. Müharibədən sonra bu tezislərdə irəli sürülən ideyalardan yalnız 5-i, o cümlədən Millətlər Cəmiyyətinin qurulması fikri həyata keçirildi. Sülh prosesini dəstəklədiyi və gördüyü işlər üçün 1920-ci ildə Nobel Sülh Mükafatına layiq görüldü.
3. Kim Dae-junq – 1998-2003-cü illərdə Cənubi Koreyada prezident olmuşdur. O, Nobel mükafatına namizəd olan və alan ilk koreyalı idi. Kim Dae-junq Cənubi Koreyada demokratiyanı bərpa etmək və Şimali Koreya ilə münasibətləri yaxşılaşdırmaq səylərinə görə 2000-ci ildə Sülh üzrə Nobel Mükafatını alıb.
4. Nelson Mandela – Cənubi Afrika Respublikasının birinci qaradərili prezidenti (1994–1999). Ölkədə aparteidin sülh yolu ilə aradan qaldırılmasına verdiyi mühüm töhfəyə görə 1993-cü ildə Nobel Sülh Mükafatına layiq görülüb. Qeyd edək ki, prezdident aparteidə qarşı mübarizəsinə görə (1963-1990) 27 il həbsdə olub.
5. Mixail Qorboçov – Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi, SSRİ-nin ilk və son prezidenti. Azərbaycanda törədilən 1990-cı il 20 Yanvar faciəsinin əsas təşkilatçısı.
Qorboçov 1985-ci ildə hakimiyyətə gəldikdən sonra qeyri-kommunist dünya ilə xarici siyasət anlaşmalarına nail olmaq üçün fövqəladə səylər göstərərək, daxili islahat planlarına daha çox əmək və vəsait cəmləməyi öhdəsinə götürdü. Onun nailiyyətlərindən bəzilərinə prezident Ronald Reyqan ilə dörd zirvə görüşü, o cümlədən 1987-ci ildə Avropada ABŞ və SSRİ-nin orta mənzilli raketlərinin ləğvi ilə bağlı razılığın əldə edildiyi görüş daxildir. O həmçinin 1988-ci ildə sovet qoşunlarını Əfqanıstandan çıxarmağa başladı, Kuba və Vyetnama qüvvələrini müvafiq olaraq Anqola və Kambocadan çıxarmaq üçün diplomatik təzyiq göstərdi. 1989-cu ildə prezident Corc Buşla görüşdə Qorbaçov soyuq müharibənin bitdiyini bəyan etdi. Gördüyü bu işlərə görə 1990-cı ilə Nobel Sülh Mükafatına layiq görüldü.
6. Oskar Arias Sançez – kosta-rikalı hüquqşünas, iqtisadçı və politoloqdur. O, ardıcıl iki müddət ərzində (1986–1990 və 2006–2010) Kosta-Rika Respublikasının Prezidenti vəzifəsində çalışıb.
Mərkəzi Amerikada uzun illər davam edən vətəndaş müharibələrini sona çatdırmaq üçün hazırladığı və təşviq etdiyi barış planına görə 1987-ci ildə Nobel Sülh Mükafatına layiq görülüb. Bu plan 1987-ci ildə Mərkəzi Amerika ölkələri tərəfindən qəbul edildi. Planda azad seçki hüququ, insan hüquqlarının müdafiəsi və xarici müdaxilənin qarşısını almaq nəzərdə tutulurdu.
7. Ənvər əs-Sadat – 1970-1981-ci illər ərzində Misir prezidenti vəzivəsini icra etmiş, daha sonra Misirin 3-cü prezidenti olmuşdur. Əs-Sadat hakimiyyətə gəlməmişdən əvvəl Misirlə İsrail arasında müharibə başlamışdı.
1967-ci ildə İsrail Sinay yarımadasını ələ keçirdi. Üç il sonra Ənvər Sədat Misirin prezidenti oldu. O, yalnız ABŞ-ın işğal olunmuş əraziləri geri qaytarması üçün İsrailə təzyiq göstərə biləcəyinə inanaraq Sovet İttifaqı ilə bütün əlaqələri kəsdi. ABŞ-ın diqqətini cəlb etmək 1973-cü ildə Süveyş kanalı vasitəsilə İsrailə qəfil hücumun məqsədlərindən biri idi. Atəşkəs zamanı İsrail üstünlük əldə etsə də, Misir tərəfi cəsarətlə vuruşdu. ABŞ siyasətçiləri ilə sıx əlaqələr quran Sadat Qərbdə məşhur bir simya çevrildi. 1977-ci ilin payızında sülh üçün Qüdsə səfər etdi. Daha sonra o, İsrailin Baş naziri Menahem Begin və ABŞ prezidenti Cimmi Karterlə ABŞ-da sülh danışıqlarında iştirak etdi. Bu danışıqlar nəticəsində 1979-cu ildə Misir İsraili tanıyan ilk ərəb dövləti oldu, bunun müqabilində İsrail Sinayı Misirə qaytardı. Gördüyü bu işlərə görə həm Ənvər əs-Sadat, həm də Menahem Beginə Nobel Sülh Mükafatı verildi.
8. Villi Brandt – Almaniya Federativ Respublikasının kansleri (1969-1974) olmuşdur. Hakimiyyətdə olduğu müddət ərzində o, Qərbi Almaniyanın nüvə silahlarının yayılmaması haqqında müqaviləni (NPT) imzalamasına diqqət yetirdi. Villi Brandt Sovet İttifaqı ilə zorakılıq əleyhinə saziş və Polşa ilə Qərbi Almaniyanın 1945-ci ildə qüvvəyə minmiş Şərqi Avropada yeni milli sərhədləri qəbul etməsini nəzərdə tutan saziş bağladı. Bu müqavilələr Berlin üzrə Dörd Qüvvət Sazişinin əsasını qoydu və bu, bölünmüş şəhərin hər iki tərəfindən ailələrin bir-birini ziyarət etmələrini asanlaşdırdı. Gördüyü bu işlərə görə 1971-ci ildə Nobel Sülh Mükafatına layiq görüldü.
Ləman Vahid



