Dövlət İmtahan Mərkəzi 8-ci və yuxarı sinif şagirdləri üçün “Peşə seçimi” alətindən yararlanmaq imkanı təqdim edir.
“Füyuzat” xəbər verir ki, iyunun 8-də mərkəzin elektron imtahanlar korpusunda “Peşə seçimi” testi keçiriləcək.
Bununla əlaqədar “Peşə seçimi” aləti şagirdlərin maraq və bacarıqlarını müəyyənləşdirməyə kömək edən diaqnostik platformadır. Şagirdlər bu testlərdən keçməklə gələcək ixtisaslarını müəyyən edə bilərlər. Bu alət təfəkkür növləri üzrə test, şəxsi xüsusiyyətlər testi və peşə maraqları testi kimi istiqamətləri əhatə edir.
Testlər Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla tətbiq edilib və praktiki səmərəliliyi təsdiqlənib. Testdən keçdikdən sonra nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına avtomatik göndərilir.
Testdə iştirak etmək üçün qeydiyyat iyunun 7-si saat 12:00-dək davam edəcək.



