Milli ideya anlayışı bir xalqın kimlik şüurunun dərin qatlarında kök salan, onu zamanın axarında sabit saxlayan mənəvi gücdür. Bu ideya şəkilsiz olsa da, hər yerdədir; onu görmək deyil, duymaq olar. Milli ideya qədim zamanlardan mənəvi dəyərlərlə yoğrulmuş xalq kimliyini və onun dünyagörüşünü bütöv şəkildə əks etdirən bir varlıq fəlsəfəsidir.
Bu ideya konkret bir dövrün deyil, zamanla xalqın ruhunda təşəkkül tapmış mənəvi bütövlüyün təcəssümüdür. O, xalqın “Nəyə görə?” sualına verdiyi dərin, metafizik cavabıdır həm də. Bu cavab bəzən bir aşıq külliyyatında, bəzən bir xalq nağılında, bəzən də qaya üzərindəki köhnə bir təsvirdə yaşayır.
Milli ideya birliyə çağırışdır, ləyaqətin qorunması, dəyərə sadiqliyin ifadəsidir. Milli ideya bizi sadəcə kim olduğumuza yox, niyə məhz bu cür var olduğumuza dair cavab axtarmağa təşviq edir. O bizi ani həvəslərdən, qısa zamanda dəbə çevrilib tez unudulan ideologiyalardan qoruyur. Cəmiyyətin ortaq hafizəsində bütövləşmiş milli ideya eyni zamanda, tarixi yaddaşımızın örnəklərini bir-birinə ruhən bağlayan dəyərdir.
Milli ideya özündə təkcə keçmişin deyil, həm də gələcəyin enerjisini daşıyır. Canlılığını qorumaq üçün onu yalnız xatırlamaq yox, gündəlik həyatımıza da daşımaq lazımdır. Bu ideya ailədə, məktəbdə, sənətdə, adət-ənənələrdə – cəmiyyətin müxtəlif sferalarında yaşamalıdır. Hər nə qədər texnologiya öz təsirini göstərsə də, milli ideya bizi biz edən mənəvi aləmin dəyişməz, qopmaz bir parçasıdır.
Milli ideya həm də tarix qarşısında bir etirafdır – var olduğumuzun, mövcudiyyətimizin və gələcəyə uzanan yolumuzun etirafı. Bu ideya sadəcə millətçilik anlamına gəlmir; o, bəşəri mənəvi dəyərlərin xalq təfəkkürü içərisində bənzərsiz təzahürüdür. Hər bir xalqın böyüklüyü onun ideyasının nə qədər dərin və həmişəyaşar olmasından bəlli olur…



