Xəbərlər

ABŞ Qırmızı dənizdə Husilərə məxsus 4 gəmi əleyhinə raket və 1 PUA vurub

ABŞ Yəməndə İranın dəstəklədiyi Husilərə məxsus 4 gəmi əleyhinə raket və 1 pilotsuz uçuş aparatına (PUA) qarşı “özünümüdafiə” hücumu həyata keçirdiyini açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial media platformasında açıqlama verib.

Açıqlamada CENTCOM qüvvələrinin İranın dəstəklədiyi Husilərin nəzarətində olan bölgələrdə 4 mobil gəmi əleyhinə qanadlı raket batareyası (ASCM) və 1 PUA-ya qarşı “özünümüdafiə” hücumları həyata keçirdiyi bildirilib.

Açıqlamada CENTCOM qüvvələrinin Yəməndə İranın dəstəklədiyi Husilərin nəzarətində olan bölgədən Ədən körfəzinə atılan 3 PUA-nın vurulduğu qeyd edilib. Hücumların məqsədinin naviqasiya azadlığını qorumaq və beynəlxalq suları həm ABŞ donanması, həm də ticarət gəmiləri üçün daha təhlükəsiz hala gətirmək olduğu qeyd edilib.