Dünyada təxminən 1400-dən çox bambuk növü mövcuddur. Onlar, əsasən, Asiya, Afrika və Cənubi Amerikada geniş şəkildə yayılıb. Bambuk həm ot, həm də ağac kimi qəbul olunur, botaniklər onu nəhəng ot növü sayırlar.
Bu bitki dünyada çox sürətlə böyüyən bitkidir. Belə ki, o, gün ərzində 90 sm-dən çox böyüyə bilir. “Phyllostachys edulis” növünü buna misal göstərə bilərik. Bambukların böyüməsi üçün əlverişli şərait, yəni isti və rütubətli iqlim, məhsuldar torpaq və bol su vacibdir.
Bambuk növündən asılı olaraq 30 sm-dən 30 metrə qədər hündürlükdə ola bilər. Ən hündür növlərindən biri “Dendrocalamus giganteus”dur ki, onun hündürlüyü 30–40 metrə qədər çata bilir.
Bu bitkilər çox güclü və elastikdi. Buna görə də onlardan inşaatda, mebel və alətlərin hazırlanmasında istifadə olunur. Həmçinin bu bitkilər təbii antibakterial xüsusiyyətlərə malikdir, ona görə də gigiyenik məhsulların (məsələn, diş fırçaları, parçalar) hazırlanmasında da istifadə olunur. Bir çox ölkələrdə ekoloji alternativ kimi plastik əvəzinə bambukdan məhsullar hazırlanır. Bambukdan kağız istehsal edilir, nəfəs alətləri – flüt, zurna və s. hazırlanır.
Bambuk ağacları ətraf mühitə çox faydalıdır. Onlar karbon qazını udur, torpağı eroziyadan qoruyur.
Bu bitkilərin tumurcuqlarından Asiyada qida kimi istifadə olunur. Nəsli kəsilməkdə olan pandaların da, demək olar ki, ana qidasıdır.
Qeyd edək ki, Çində və Yaponiyada bambuk uzunömürlülüyün, sədaqətin və elastikliyin simvoludur.
Ləman Vahid



