XXI əsr bəşəriyyətin ən sürətli texnoloji inkişaf dövrüdür və süni intellekt artıq həyatımızın ayrılmaz parçasına çevrilib. O, təhsil, tibb, iqtisadiyyat və mədəniyyətdə, bir sözlə bütün sahələrdə istifadə olunur və insanı həm heyrətləndirir, həm də düşündürür. Bir çoxları hesab edir ki, süni intellekt milli yaddaşı korlaya bilər, amma əslində, bu yanaşma birtərəflidir. Uzun müddətdir bu kontekstdə FÜYUZAT Televiziyasındakı “Arxa Plan” verilişində maraqlı diskussiyalar aparırıq.
Milli yaddaş xalqın keçmişini, kimliyini, mənəvi dəyərlərini ifadə edir, süni intellekt isə yalnız bir vasitədir, alqoritmlərin məhsuludur. Vasitə ilə mahiyyəti qarışdırmaq düzgün deyil, çünki süni intellekt milli yaddaşı sıradan çıxara bilməz, ancaq onu gücləndirə bilər.
Texnologiya insanı yadlaşdırsa da, əslində, onun milli dəyərlərini daha geniş auditoriyaya çatdırır. Azərbaycan musiqisi, ədəbiyyatı və tarixi süni intellektin köməyi ilə dünyaya daha sürətli yayılır və bu, milli dəyərlərin geniş auditoriyaya çatması deməkdir.
Əgər vaxtilə kitab mətbəəsi milli mədəniyyətin yayılmasına xidmət etmişdisə, bu gün süni intellekt eyni missiyanı yerinə yetirə bilər. Texnologiyanı qorxulu düşmən kimi görmək yanlışdır, əsas məsələ ondan necə istifadə etməyimizdir. Əgər bir gənc süni intellekt vasitəsilə Füzulinin qəzəlini oxuyursa, bu, milli yaddaşın yaşamasıdır. Əgər bir xarici vətəndaş muğamı süni intellektin tərcüməsi ilə anlayırsa, bu, milli yaddaşın sərhədləri aşmasıdır və burada təhlükə yox, imkan var.
Doğrudur, süni intellekt insanın tənbəlliyini artırmaq riski daşıyır, amma eyni zamanda yaradıcı imkanlarını genişləndirir. O, biliklərin daha tez öyrənilməsinə şərait yaradır və bu şəraitdən yararlanan millət intelektini daha da gücləndirə bilər.
Milli yaddaşın zəifləməsi süni intellektlə bağlı deyil, onun zəifləməsi yalnız millətin öz laqeydliyindən doğa bilər. Əgər insan öz dilinə, tarixinə, mədəniyyətinə sahib çıxırsa, texnologiya bu dəyərlərə əngəl ola bilməz və əksinə, onların yaşamasına şərait yaradar.
Azərbaycan cəmiyyəti üçün bu məsələ ikiqat əhəmiyyətlidir, çünki biz həm Şərqin, həm də Qərbin təsirində olan bir məkanda yaşayırıq. Milli yaddaşımızı və dəyərlərimizi qorumaq üçün həm klassik irsə, həm də müasir texnologiyalara açıq olmalıyıq və süni intellekt bu balansın qurulmasında mühüm vasitə ola bilər.
Əgər biz süni intellekti qadağan etsəydik, neqativ fon olardı, amma onu milli yaddaşımızın xidmətinə verə bilsək, önə çıxarıq. Çünki müasir dövrdə mədəniyyətini dünyaya çatdırmağın ən sürətli yolu texnologiyadan keçir.
Bir vaxtlar yazılı mətbuat “Füyuzat” kimi dərgilərlə milli düşüncəni yayırdı, bu gün eyni funksiyanı “Füyuzat”ın çagdaş platformalarında edirik. Bu isə milli yaddaşımızın inkişafında yeni mərhələdir.
Süni intellektdən qorxmaq əvəzinə onu milli dəyərlərlə dialoqa cəlb etmək lazımdır və texnologiyanın imkanlarından yararlanaraq milli irsi yeni nəsillərə daha cazibədar təqdim edə bilərik. Bu, millətin güclənməsi deməkdir.
Əgər muğamı virtual reallıqda öyrənmək mümkündürsə, bu, muğam üçün təhdid yox, onun yaşaması deməkdir. Əgər “Dədə Qorqud” dastanı süni intellektin səsi ilə səsləndirilirsə, bu, milli irsimizin daha çox qulağa çatmasıdır. Əgər dilimiz tərcümə robotlarının köməyi ilə dünyaya yayılırsa, bunda nə pis məqam ola bilər ki?!
Bütün bunlar göstərir ki, süni intellekt milli yaddaşın düşməni deyil, əksinə, onun gücləndirici alətidir. Təhlükə yalnız millətin öz ruhundan uzaqlaşmasındadır, amma texnologiyanın mövcudluğu özü-özlüyündə faciə deyil.
Milli yaddaş o qədər dərin və güclüdür ki, heç bir alqoritm onu əvəz edə bilməz, amma alqoritm onun yayılmasına yardımçı ola bilər. Əgər millət bu gücü dərk edirsə, süni intellektlə milli yaddaş arasında qarşıdurma yox, əməkdaşlıq yaranacaq.
Bu günün çağırışı aydındır: milli yaddaşı zəiflətmədən süni intellektdən maksimum yararlanmaq. Elm və texnologiyanı qəbul etmək, amma milli kimliyi əsla təslim etməmək.
Çünki süni intellekt vasitədir, milli yaddaş isə mahiyyətdir. Vasitə dəyişir, amma mahiyyət yaşamalıdır. Gələcəyin güclü millətləri süni intellekti qadağan edənlər yox, onu milli yaddaşla sintez edənlər olacaq.
Azərbaycan da bu yolda öz addımlarını atmalıdır, çünki millətin gücü onun həm irsdə, həm də yenilikdədir. Süni intellekt isə bu gücün daha geniş yayılmasına xidmət edə bilər. Ölkədə bu sahədə ciddi addımlar atılır.
Süni intellekt bir alətdir, milli yaddaş isə ruhdur. Alət sınsa, yenisi tapılar, ruh itirsə, millət də itər. Texnologiya bizə yol açır, amma istiqaməti seçən özümüzük. Əgər biz yolumuzu milli idealın işığında seçsək, süni intellekt də bizim xidmətçimiz olacaq. Tarix boyu dəyişən vasitələr olub, amma dəyişməyən bir həqiqət var: milləti millət edən yaddaşdır.
Yaddaş yaşayanda heç nə qorxulu deyil!



