Xəbərlər

Petra şəhəri

Petra şəhəri İordaniyada, Ər-Rum səhrasının yaxınlığında yerləşir. Bura sadəcə daşdan yonulmuş tikililər toplusu deyil, min illər boyu sirlərlə örtülü qalmış qaya içində qurulmuş bir sivilizasiyadır.

Buranı eramızdan əvvəl təxminən VI əsrdə Nabatilər adlı qədim ərəb tayfası qurub. Petra şəhəri Nəbatilər dövlətinin paytaxtı olmuşdur. Yunan mənşəli olan bu sözün mənası “daş” deməkdir. Nəbatilər öz evlərini dağın qoynunu oyaraq düzəltdiklərinə görə ora belə adlandırılmışdır. Onlar böyük ticarət yolları üzərində yerləşdiyi üçün Petra şəhərini karvanların istirahət və ticarət mərkəzinə çeviriblər. Şəhər su anbarları, tunellər və ağıllı mühəndislik sistemləri ilə seçilirdi. Lakin zamanla ticarət yolları dəyişdi, zəlzələlər baş verdi və şəhər tərk edilmiş unudulmuş bir məkana çevrildi.

Petra Fars körfəzi ilə Aralıq dənizinin arasında olan və ticarət baxımından onları bir-birinə birləşdirən əsas nöqtə idi. O, iki mühüm ticarət yolu üzərində yerləşirdi. Birinci yol Qrmızı dəniz ilə Dəməşq şəhərini, ikinci yol isə İran körfəzi ilə Aralıq dənizini birləşdirirdi. Yerləşdiyi mövqe və yüz illərlə ticarətlə məşğul olmaq şəhərin varlanmasına səbəb olub.

Petranın ən möhtəşəm özəlliyi binaların, məbədlərin və məzarların qaya kütlələrinin içindən yonularaq inşa edilməsidir. Burada sanki dağları yonub içində saraylar tikiblər. Ən məşhur tikili isə “Əl-Xaznə” (Xəzinə evi) adlanan məqbərədir – 40 metr hündürlüyündə, bir bütöv qaya parçasından yonulub.

Petra şəhəri 4 min il əvvəl inşa edilib. Şəhər Vadi Musa vadisindəki dağ rayonunda, qırmızı-çəhrayı qayalara yonulub. Günün saatlarından asılı olaraq arxitektura abidəsi rəngini çəhrayıdan tünd qırmızıya, al-qırmızıdan narıncıya dəyişir.

Nəbatilər romalılar tərəfindən məğlub edildikdən sonra şəhər Roma əyalətinin bir hissəsi oldu. 551-ci ildə zəlzələ baş verdi və şəhərə ciddi ziyan dəydi. Daha sonra baş verən tarixi dəyişikliklər nəticəsində şəhər unuduldu və əfsanəyə çevrildi. 1812-ci ildə isə isveçrəli səyyah İohann Lüdviq Burkhardt bu möcüzəvi şəhəri yenidən kəşf etdi.

1985-ci ildə Petra UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. 2007-ci ildə isə “Dünyanın Yeddi Yeni Möcüzəsi”ndən biri seçilib. Bu gün Petra yalnız İordaniyanın yox, bütün Yaxın Şərqin mədəni mirası kimi qəbul olunur.

Şəhər “İndiana Jones and the Last Crusade” filmində göstərilib və bu onun daha da məşhurlaşmasına səbəb olub.

Petra – sadəcə qədim bir şəhər deyil, insan əzminin, yaradıcılığının və mədəni zənginliyin daşda yazılmış tarixidir. Bu şəhər bizə keçmişin nə qədər sirli və qiymətli olduğunu xatırladır.

Ləman Vahid