Xəbərlər

MİMTA Yayımlarının yeni kitabı – “Sən yola çıx, yol sənə görünər”

Girnə Amerika Universitetinin Təsəvvüf Akademiyasının rəhbəri, yazıçı-alim, bəstəkar Hakan Mengüçün “Sən yola çıx, yol sənə görünər” kitabı MİMTA Yayımları tərəfindən yaxın günlərdə çap olunub. Əsəri Azərbaycan türkcəsinə əməkdar jurnalist Yunis Orucov çevirib.

Hakan Mengüç öz təlimlərində keçmişə dayanan sufi fəlsəfəsi ilə çağdaş zamanı birləşdirərək bu yolun davam etməsinə və insanların mənəvi aləminin zənginləşməsinə mühüm töhvə vermişdir. Təsadüfi deyil ki, 8 kitab müəllifi olan yazarın bu əsərində də Mövlana Cəlaləddin Rumi təfəkküründən miras qalan 21 qaydanı öz bilgiləri və təcrübələri ilə birgə oxucularına təqdim etmişdir.

Kitabda hara gedəcəyini bilən insanlar üçün hər zaman yolun göründüyü inandırıcı və bədii dillə aşılanıb. Önəmli olan yola çıxmaqla yanaşı, yola çıxdıqdan sonra da eyni qərarlıqla irəliləyə bilməkdir.

Kitabda Mövlana Cəlaləddin Ruminin fəlsəfəsi sufi hekayələri, dünya ədəbiyyatının seçilən imzalarından sitatlar, tədqiqatçı-yazarın gündəlik yaşantıları və təcrübələri ilə iç-içə hörülüb. Bu 21 qaydanı dərindən mənimsəyib həyat tərzinə çevirmək xaosun hökm sürdüyü dünyamızda daha rahat yaşamaq üçün bir vasitə ola bilər.
Yazarın diliylə desək, kitabın axar su kimi faydalı olması diləyilə…