Xəbərlər

Mübariztək igidlər   

26 iyun 2018-ci il…

Səhər saatları idi… Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunmuş hərbi parad keçirilirdi. Bizim binanın da qarşısından keçən ordumuzu anamla birlikdə pəncərədən seyr edirdik. Anam təsirlənmişdi. Gözləri dolmuşdu. Əsgərlərimizə astaca dua etdiyini eşidirdim. Onda mənim hələ 14 yaşım var idi. Vətən sevgisi ilə tərbiyə olunurdum. Həm ailəmdə, həm də məktəbdə Azərbaycan tarixi, torpaqlarımızın işğalı, onun ətrafında baş verən hadisələr obyektiv şəkildə aşılanırdı. Belə güclü əsgərləri olan ordumuzun torpaqlarımızı azad edəcəyinə, haqqın gec-tez zəfər çalacağına inanırdım. Ordumuzun addım səsləri mənim uşaq qəlbimi riqqətə gətirmişdi.Elə həmin gün “Mübariztək igidlər” adlı şeir yazdım.

Xalqım 20 Yanvar, Xocalı faciəsi kimi dəhşətli günlər yaşadı. Neçə şəhid qurban verdik. Xocalı faciəsində yüzlərlə insan yaralandı, itkin düşdü. Əlif Hacıyev, Aqil Quliyev, Ələsgər Novruzov, Füzuli Rüstəmov, Araz Səlimov, Tofiq Hüseynov və s. kimi hərbiçilərimiz böyük şücaət göstərib şəhidlik zirvəsinə ucalaraq Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldülər. Əlif Hacıyev 22 nəfərə rəhbərlik edərək 3 dəfə erməni hücumunun qarşısını almışdı. Bundan başqa günahsız insanların həyatını xilas etmişdi. Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin çəkdiyi video görüntülərin bizim haqq səsimizin dünyaya çatdırılmasında misilsiz rolu oldu. Digər Milli Qəhrəmanımız jurnalist Salatın Əsgərovanın qələmi onun silahı idi, haqqı yazırdı. Həyatda da haqqı tələb edirdi. Tez-tez cəbhə xəttinə gedər və materiallar hazırlayardı. Yazılarının əsas mövzusu Azərbaycanın bütövlüyü, azadlığı idi. Bu amal uğrunda da şəhid oldu.

İllər keçdi… Amma o günlər unudulmadı. Yeni nəsil bu ruhda böyüdü. Hər oğlan uşağı Qarabağı xilas etməyi arzulayırdı. 27 sentyabr 2020-ci ildə ordumuz əks-hücum əməliyyatlarına başladı. Hər gün xəbərlərdə daha bir rayonun, kəndin azad olunma xəbərini eşidirdik. Məhz o oğullar böyüyüb Qarabağı düşmən tapdağından xilas etdilər, babaların, nənələrin, gənclərin, körpələrin qanlarını yerdə qoymadılar. Qürurlanırdıq, sevinirdik. Amma bu yolda şəhidlərimiz də az olmadı. Qarabağı azad edən oğullar həm də şəhidlərimizin qisasını almaq yolunda şəhid oldular… Neçə ata, ana, övlad gözüyaşlı, – “Vətən sağ olsun”, – dedi. “Şükür ki, torpaqlarımız azad olundu”, – dedi. Təəssüf ki, şəhid övladları arasında hələ dünyanı dərk etməyən körpələr də var idi… Onların da Vətən sevgisi ilə böyüyəcəyinə, ataları ilə fəxr edəcəklərinə əminik.

Artıq Azərbaycan bayrağı Qarabağda dalğalanır. Bayrağımızın kölgəsində azad ruhlu yeni nəsil böyüyür. Qarabağda yeni həyat başlayır… Təbiət də artıq azaddır. Torpaq, ağaclar, çiçəklər rahat nəfəs alır.

 Qələbəmizdə ana duasının gücü danılmazdır. Analarımızın gecə-gündüz cəbhədəki oğullarımız üçün etdikləri dualar sanki onların gizli qoruyucu qalxanı idi. O dualar Allahın izni ilə əsgərlərin dayağına çevrildi…

Bir neçə il sonra – 14 noyabr 2022-ci ildə “Addım səsləri” adlı yazım “525-ci qəzet”in saytında paylaşıldı. Yazının son abzasını belə bitirmişdim: “Təxminən 5 il əvvəlki addım səsləri indi Şuşada, Cəbrayılda, Füzulidə, Ağdamda, Kəlbəcərdə, Qubadlıda, Zəngilanda, Laçında eşidilir. Həmin addım səslərinin qədim Azərbaycan torpağı olan Xankəndidə səslənməsi ümidi ilə…”

Cəmi 1 il sonra – 19-20 sentyabr 2023-cü ildə Azərbaycan ordusu lokal xarakterli antiterror əməliyyatı nəticəsində şəhərə nəzarəti bərpa etdi. 15 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndidə Azərbaycanın Dövlət Bayrağını qaldırdı. 8  noyabr 2023-cü ildə isə qələbəyə həsr olunmuş hərbi parad keçirildi. Azərbaycan xalqı ədalətin zəfər çalmasına şahid oldu. Təəssüf ki, yenə şəhidlər verdik. Yenə neçə valideynin, övladın gözü yaşlı qaldı. Elə həmin ildəcə “Qayıdışın mübarək!” adlı yeni yazı yazdım.

26 iyun 2025-ci il…

Artıq universiteti bitirib magistraturaya qəbul imtahanı vermişdim. Qabiliyyət imtahanım 26 iyun tarixinə təsadüf edir. İmtahan yerinə gedib həyəcanla növbə gözləyirdim. Birdən yüksək ayaq səsləri eşitdim. Küçəyə çıxdım. Ordumuz imtahan binasının qarşısından keçirdi. Bəli… O səs əsgərlərimizin addım səsləri idi. Bu addımlar təkcə bugünkü əsgərlərin deyil, həm də illər əvvəl döyüşüb geri dönməyən əsgərlərin ayaq səsləri idi… Bir anlıq sanki 14 yaşıma qayıtdım. Gözlərim doldu. Göz yaşlarıma həm qürur, sevinc, həm də kədər qarışmışdı. Dua etdim əsgərlərimizə… Hələ məktəb vaxtı torpaqların işğal olunma tarixlərini öyrənəndə azad olunma tarixlərini canlı yaşayacağımızdan xəbərsiz idik. Şükür ki, bu günləri yaşamaq bizə qismət oldu.

Müəllif:Babayeva Aysel Mübariz qızı

BDU Jurnalistika fakültəsinin magistrantı